Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib.
Qurumun rəsmi saytında dərc olunmuş məlumata əsasən, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. Azərbaycan Premyer Liqasında VAR (video köməkçi hakim) sisteminin tətbiqi ilə bağlı tender sənədlərinə uyğun olaraq müvafiq hüquqi prosedurların icrasına başlanılsın və 2021/2022-ci il mövsümünün qış fasiləsindən sonra VAR sisteminin tətbiqi nəzərdə tutulsun.
2. 2021-ci il sentyabrın 1-dən etibarən Azərbaycan Premyer Liqası hakimləri ilə bağlı “Peşəkar hakim” sistemi tətbiq olunsun (Peşəkar hakim sistemi ilə əlaqədar ictimaiyyətə əlavə məlumat veriləcək).
3. “2022-2023-cü il mövsümü üçün “Klubların lisenziyalaşdırması üzrə qaydalar” təsdiq olunsun.
4. İntizam Komitəsinin müfəttişi vəzifəsi Namiq Əliyevə həvalə olunsun.
5. Premyer Liqa klublarının müraciətinə uyğun olaraq, COVID-19 pandemiyasının yaratdığı çətinliklər nəzərə alınaraq AFFA tərəfindən 2021/2022-ci il mövsümündə də klublara maliyyə yardımı davam etdirilsin. Maddi dəstəyin məbləği AFFA ilə klublar arasında danışıqlardan sonra müəyyənləşdirilsin.