Koronovirus pandemiyası ilə əlaqədar hər hansı gecikmə baş vermədiyi halda bir neçə ay sonra 2022-ci Azərbaycan Premyer Liqasında VAR sistemindən istifadə oluna bilər.
Ucnoqta.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bildirib. O, hakimlərlə görüşü zamanı deyib: "VAR sisteminin tətbiqi oyunlarda ədalətli qərarların çıxarılması üçün texnoloji dəstəkdən yararlanmaqla yanaşı, hakimlərimizə müasir beynəlxalq standartlarla ayaqlaşmaq imkanı da yaradacaq”.
Məmmədov bildirib ki, yerli çempionatda bu sisteminin tətbiqindən sonra FIFA-ya müraciət olunacaq və oyunları meydanda idarə edən hakimlə VAR arasında olan danışıqların ictimailəşdirilməsinə icazə verilməsi təklif olunacaq: "Bu da hakimlik sahəsində şəffaflığın təmin olunmasına öz töhfəsini verə bilər".
Qeyd edək ki, daha əvvəl Azərbaycanda VAR sisteminin 2022/2023 mövsümündən tətbiq olunacağı bildirilmişdi.