Tokio-2020: Azərbaycanln 5 idmançısı mübarizəyə başlayır
00:58 - 6 Avqust 2021 - İDMAN
Bu gün Azərbaycanın daha 5 idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verəcək.
Ucnoqta.az xəbər verir ki, yarışın növbəti günündə medal qazanmağa namizədlərdən hesab edilən qadın güləşçi Mariya Stadnik, sərbəst güləşçilər Hacı Əliyevlə, Şərif Şərifov və karateçi Rafael Ağayev qüvvəsini sınayacaq. Həmçinin bədii gimnast Zöhrə Ağamirova da öz bacarığını göstərməyə çalışacaq.
50 kq çəki dərəcəsində çıxış edən Stadnik və 97 kq çəkidəki Şərifov Rusiya Olimpiya Komitəsinin təmsilçiləri - müvafiq olaraq, Stalvira Orşuş və Abdulrəşid Sadullayevlə üz-üzə gələcək. 65 kq-da mübarizə aparan Əliyev isə seneqallı Adama Diatta ilə görüşəcək. Hər üç pəhləvan mübarizəyə 1/8 final mərhələsindən başlayacaq.
75 kq-dakı Rafael Ağayev B qrupunda Luici Busa (İtaliya), Noa Biç (Almaniya), Çuneari Yahiro (Avstraliya) və Nurkanat Ajiqanovla (Qazaxıstan) döyüşəcək. İlk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.
Fərdi proqramda yarışan bədii gimnast Zöhrə Ağamirova ardıcıl olaraq topla, halqa ilə, lentlə və gürzlərlə çıxışını təqdim edəcək.