Arif Quliyevin məzarının üstü imkansızlıqdan götürülə bilmir - Nazirlikdən AÇIQLAMA

18:12 - 24 İyun 2021 - Mədəniyyət

Bir neçə gün əvvəl xalq artisti Arif Quliyevin məzar daşının hələ də hazırlanmaması barədə yerli mediada və sosial şəbəkələrdə məlumat yayılmışdı.

Bununla bağlı sənətçinin həmkarı Natiq Fərzəliyev bildirmişdi ki, buna səbəb ailəsinin maddi imkanının yaxşı olmamasıdır. Müzakirələrdən sonra isə Mədəniyyət Nazirliyindən bununla bağlı dəstək istənilməsi qeyd edilmişdi.

Mövzu ilə bağlı sorğumuza cavab olaraq Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Respublikasının Xalq artisti, unudulmaz  aktyor Arif Quliyev Azərbaycan teatrına və kino sənətinə böyük töhfələr verib:

"Onun istər kinoda, istər teatr səhnəsində yaratdığı bir-birindən maraqlı obrazlar tamaşaçılarının xatirəsində əbədi yaşayacaqdır.
Qeyd etmək istəyirik ki, Arif Quliyevin Azərbaycan mədəniyyətinə xidmətləri dövlət tərəfindən, o cümlədən Mədəniyyət Nazirliyi tərəfindən hər zaman qiymətləndirilib, diqqət və qayğı göstərilib. Bunun nəticəsidir ki, 1993-cu ildə o, Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb, 2007-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub.
Məzar daşı məsələsinə gəldikdə isə bildiririk ki, Mədəniyyət Nazirliyinin büdcəsində bu istiqamətdə vəsait nəzərdə tutulmayıb".

Xatırladaq ki, Xalq artisti Arif Quliyev may ayının 7-də vəfat edib və Qaradağ rayonu “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.///lent.az

Xəbər xətti