"Belə bir qol buraxmasaydıq..." - Şenol Güneş

09:28 - 12 İyun 2021 - İDMAN

Avro-2020-nin açılış matçında İtaliyaya uduzan (0:3) Türkiyə millisinin baş məşqçisi Şenol Güneş bu oyun haqqında fikirlərini bölüşüb.

O, deyib:
"Rəqib bizdən üstün idi. Texnika və taktika olaraq da onlar öndə idilər. İlk hissədə rəqibin təzyiqini üstümüzdən ata bilmirdik. İtaliya millisi topa sahib çıxanda onu asanlıqla vermir. Təzyiq göstərəndə isə topu bizdən asanlıqla alırdılar. Ancaq ikinci hissədə ilk qoldan sonra oyuna nəzarəti daha da itirdik. Meydançada bizdən daha üstün bir komanda var idi. Rəqibin tempi, sürəti, texniki səviyyəsi, meydançada oyunu idarə etməsi çox yaxşı idi. Nəticədə bizdən üstün çıxış edən bir komandaya uduzduq. İtaliya millisi nə qədər yaxşı oynasa da, biz öz çıxışımızı sərgiləyə bilmədik.

Bəlkə də ikinci hissənin əvvəlində belə bir qol buraxmasaydıq, daha güclü oynayardıq. Bu qarşılaşmada qazana biləcəyimiz 1 və ya 3 xal bizim üçün əhəmiyyət kəsb edirdi. Amma alınmadı. Çox məyusuq. Bu bir yarışdır. Qalib gəlsək belə, bu matç son oyunumuz olmayacaq idi. İndi qarşıda 2 görüşümüz var. Bunların hər ikisində qələbə qazanmaq istəyirik. Əvvəlcə Uelslə qarşılaşacağıq. Futbol oyundan asılı olaraq dəyişə bilir. Ümid edirik ki, Uelslə oyunda istədiyimiz kimi oynayıb, yaxşı nəticə əldə edərik".

Qeyd edək ki, iynunun 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək Uels - Türkiyə oyunu 20:00-da başlayacaq.///qol.az

Xəbər xətti