“Xarıbülbül”: Tarixə düşən festival – ŞUŞADAN REPORTAJ+FOTO/VİDEO

00:30 - 15 May 2021 - Cəmiyyət

12 may, 02:00. Təxminən 20 avtobusdan ibarət karvan Bakıdan Şuşaya doğru yola çıxır. Hamının əhvalı yüksəkdir. Avtobusda olanların əksəriyyəti əvvəllər Şuşanı yalnız foto və videotəsvirlərdə gördüklərini etiraf edirlər.

08:00. Azərbaycan postunun yaxınlığında dayanırıq. İki km məsafədə Qırmızı bazar (Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonası) və Şuşaya aparan yoldur. Protokola əsasən özümüz gedə bilmərik. Rusiyalı sülhməramlıların ardımızca gələcəyini gözləyirik. Məlum olur ki, onların iki saatdan tez gələcəyini gözləməyə dəyməz. 

Nə edək, gözləyirik...

 

Bütün gecəni yol getdikdən sonra “Xarıbülbül” festivalının iştirakçıları və qonaqları açılışmaq və ətrafa boylanmaq üçün sevinclə avtobuslardan yerə düşürlər. İnsanlar danışır, gülür və zarafatlaşırlar. Hamının əhvalı şəndir. İki saat gözləmək elə də yorucu iş deyil. Xüsusən də, bu günü 28 il gözlədiyini anlayanda...

10:10-da, 10 dəqiqə gecikmə ilə (belə görünür ki, gecikmə təsadüfi deyildi) sülhməramlıların avtmobili peyda olur. Bizdən yerlərimizə əyləşməyi xahiş edirlər. Şuşaya hələ iki saatlıq yol var.

Rusiya hərbçilərinin məsuliyyət zonasına daxil olan kimi ətrafda baş verənləri pəncərədən izləmək ikiqat daha maraqlı olur. Nadir hallarda, yolda erməni nömrələri olan avtomobillərə rast gəlinir. Gah orada, gah da burada əyilmiş köhnə evlər, qədim kənd təssərrüfatı texnikası, eləcə də günəş altında yanmış ermənicə yol göstəriciləri, həmçinin böyük ehtimalla artıq çoxdan mövcud olmayan restoran və motellərin reklam lövhələri görünür. Yolüstü kiçik yaşayış məntəqələrinin tək-tük sakinləri gərginlik və gözlərindəki qorxu hissilə avtokarvanımıza tamaşa edirlər. Bəziləri onu smartfonu ilə çəkir. Heç kim bizə qarşı hər hansı bir hərəkətə yol vermir. Ona görə yox ki, mədənidir və sülh niyyətlidir. Ona görə ki, qorxur.

Müharibə, daha dəqiq desək, onun yekunları kimin kim olduğunu göstərdi. Xüsusən də Azərbaycan ərazisində yaşayan ermənilər artıq çox gözəl başa düşürlər ki, ya onlar Azərbaycanın xoşniyyətli vətəndaşı rolunu öz üzərilərində sınamalı, ya da Ermənistana getməlidirlər. Üçüncü variant artıq yoxdur və heç zaman da olmayacaq.

Yol boyu bəzi yerlərdə erməni avtomobilləri də bizimlə eyni istiqamətdə hərəkər edir. Onlardan birinin karvanımızı ötüb keçmə cəhdi isə uğursuzluğa düçar olur və həmin nəqliyyat vasitəsinin yoldan çəkilərək bizim bütün avtomobillərimizi irəli buraxmağa məcbur olması ilə nəticələnir. Digərləri də belə edir. Ermənilərdən heç biri ötmə, yol verməmə və bu kimi təxribatlar etməyə çalışmır. Ermənilər çox yaxşı anlayırlar ki, artıq bu yerlərin sahibi deyillər...

Yol boyu bir neçə yerdə sülhməramlıların postlarına rastlanır. İlkin müşahidələr onu göstərir ki, postlarda onların (sülhməramlıların) sayı kifayət qədər azdır. Dünənki cılız uşaqlar özləri də vətəndən aralıda, bu istidə saatlarla dayanmağa şad deyillər. Sülhməramlılardan heç kim sənədlərimizi bir dəfə də olsun yoxlamır, yalnız hər avtobusdakı adamların sayını qeyd etmək üçün saxlayır və onları telefonla çəkməməyi xahiş edirlər.

Şuşaya yaxınlaşdığımız daha aydın hiss olunur. Lakin üfüqdə ilk olaraq, Xankəndi görünür.

Bu şəhərdə hələ də bir nəfər belə azərbaycanlı yoxdur. Biz hamımız anlayırıq ki, bu, müvəqqətidir və tezliklə hər şey dəyişəcək.

İrəlidə Şuşaya daxil olmazdan öncə sülhməramlıların növbəti – sonuncu postudur.

Sonuncu formal dayanacaq və Azərbaycan bayrağı olan post. Avtobuslar alqışlarla dolub-daşır. Hərbçilər gülümsəyir və cavab olaraq əl yelləyirlər...

Təxminən 12:00-da Şuşaya daxil olur və dərhal da Heydər Əliyev Fondunun təşkil etdiyi festivalın ilk günü çərçivəsində keçirilən konsertin başladığı Cıdır düzünə yollanırıq.

Festival heç şübhəsiz ki, tarixi bir hadisədir. Azərbaycanın mədəniyyət paytaxtında müharibədən, torpaqların qaytarılmasından sonra ilk irimiqyaslı tədbir, ilk musiqi festivalıdır.

Bu məqamda Şuşada ilk dəfə “Xarıbülbül” festivalının 1989-cu ildə təşkli edildiyini xatırlatmaq yerinə düşərdi. Məhz həmin ildən başlayaraq 1991-ci ilədək tədbir hər il Şuşa və Qarabağın digər şəhərlərində keçirilib. Hətta 1990-cı ildə festival beynəlxalq status alıb. 30 il sonra festival yenidən Şuşaya qayıdaraq ölkənin musiqili və mədəni həyatında möhtəşəm hadisəyə çevrilib.

Bu yerdə Həydər Əliyev Fondunun simasında festivalın təşkilatçılarını qeyd etmək istərdim. Təxminən yarım il əvvəl hələ düşmən əlində olan və yenidən inşa edilməsi gözlənilən bir şəhərdə qısa müddət ərzində belə genişmiqyaslı tədbirin təşkili olduqca böyük səylər tələb edir. Həm də təşkilatçılarda hər şey alınıb, özü də ən yüksək səviyyədə.

Əzəmətli dağlar və gözəlliyilə heyran edən təbiət fonunda azərbaycanlı mədəniyyət xadimlərinin ikigünlük çıxışı heç kəsi biganə qoya bilməzdi. Torpağın hər santimetrində, yerdə bitən hər otda, ağacdakı hər yarpaqda, havada, bulaqların şırıltısında və quşların cəh-cəhində sevinc hiss olunurdu. Sanki təbiət özü bizim doğma torpağa qayıdışımıza sevinir və bizə təşəkkür edirdi. O torpağa ki, artıq bizi oradan heç kim və heç vaxt qova bilməz...

Festivalın ilk günü çərçivəsində Azərbaycanın müxtəlif xalqlarının folklor ansambllarının çıxışı ölkəmizin bütün çoxmillətli sərvətini tamaşaçılara nümayiş etdirdi. Festivalın ikinci günündə keçirilən və Yusif Eyvazov, Diana Əliyeva, Elçin Əzizov, Azər Zadə kimi dünya səviyyəli klassik musiqi ulduzlarının ifasında tamaşaçılara təqdim olunan Qala konsert isə bütün qonaqları heyran qoydu.

Hər iki konsertdə iştirak edən və birincisindən sonra söhbət üçün mətbuat nümayəndələrinə yaxınlaşan Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva barədə isə ayrıca...


///oxu.az

Xəbər xətti