Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Astanada “Alem.ai” Beynəlxalq Süni İntellekt Mərkəzində olublar.
Ucnoqta.az xəbər verir ki, dövlət başçısına bu il yaradılan Mərkəz barədə məlumat verilib.
Qeyd olunub ki, Mərkəzin yaradılmasında məqsəd Qazaxıstanda ictimai və iqtisadi həyatın bütün sahələrində innovasiyaları və süni intellekt texnologiyalarının inkişafını təmin etməkdir.
Mərkəzdə fəaliyyət göstərən “İctimai məkan” hər il buraya 10 min istedadlı insanın cəlb edilməsini nəzərdə tutur. Burada süni intellekt sahəsində ən son nailiyyətlərə həsr olunmuş forumlar, mütəxəssislərin görüşləri və açıq mühazirələrin keçirilməsi, həmçinin süni intellekt üzrə vakansiya yarmarkaları, hakatonlar və startap müsabiqələrinin təşkili planlaşdırılır.
Mərkəzdə proqramlaşdırma üzrə ilkin bacarıqlar tələb etmədən süni intellekt sahəsində pulsuz təhsil almaq üçün unikal imkan verən “Tomorrow School” və startapların sürətləndirilməsi məqsədi daşıyan süni intellekt kampusu fəaliyyət göstərir. Qabaqcıl texnologiyaların inkişafı və davamlı sahibkarlıq ekosisteminin formalaşdırılması yolu ilə hər il 100 yeni süni intellekt startapının fəaliyyətə başlaması planlaşdırılır.
Burada təşkil edilən tədqiqat laboratoriyalarının əsas məqsədi isə süni intellekt sahəsində elmi tədqiqatların inkişafı və dəstəklənməsi, innovasiyaların təşviqi və qabaqcıl texnologiyaların yaradılmasıdır. Laboratoriyalarda hər il 10 elmi tədqiqat layihəsinin həyata keçirilməsi planlaşdırılır.