İtaliyanın "Yuventus" klubunun ulduz futbolçusu Kriştianu Ronaldu yay transfer dönəmində klubunu dəyişə bilər.
"Report" "Tuttosport" nəşrinə istinadən xəbər verir ki, Turin təmsilçisi Çempionlar Liqasına (ÇL) vəsiqə qazana bilməsə, 36 yaşlı hücumçu komandanı tərk edəcək.
Təcrübəli forvardla İngiltərənin "Mançester Yunayted" və Fransanın PSJ klubları yaxından maraqlanır. "Yuventus" A Seriyasında 33 oyundan sonra "Milan" və "Napoli" ilə birlikdə 66 xal toplayıb. Komandanın Neapol klubu ilə xalları bərabər olsa, "Yuventus" şəxsi görüşlərdə rəqibinə uduzduğu üçün ÇL-dən kənarda qalacaq.
Ronaldunun "Yuventus"la müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır. Forvard Turin klubuna 2018-ci ilin iyulunda İspaniyanın "Real Madrid" klubundan 117 milyon avroya keçib.
Qeyd edək ki, Kriştianu Ronaldu 2003 - 2009-cu illərdə "Mançester Yunayted"in formasını geyinib. O, üç dəfə Premyer Liqada, bir dəfə ölkə kubokunda və Superkubokda qalib olub. Ulduz futbolçu İngiltərə təmsilçisinin heyətində Çempionlar Liqasını və klublararası dünya çempionatını, həmçinin ilk dəfə "Qızıl top"u qazanıb.