Bakıdakı Dünya Kuboku niyə ləğv olundu? - SƏBƏB

14:01 - 27 Aprel 2021 - İDMAN

Beynəlxalq Atıcılıq İdmanı Federasiyası dörd gün əvvəl 21 iyun – 2 iyul tarixləri aralığında Bakıda keçirilməli olan güllə və stend atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışını ləğv edib.

Ləğvə səbəb Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda koronavirusa yoluxma sayının artması ilə bağlı məlumatı olub.
Maraqlıdır ki, gələn ay – 25-26 may tarixlərində Bakıda paracüdo üzrə Qran Pri yarışının keçirilməsinə razılıq verilib.
Belə olan halda sual yaranır: Niyə paracüdo yarışı keçirildiyi halda, atıcılıq üzrə Dünya Kuboku ləğv olundu?

Məsələ ilə bağlı Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov Oxu.Az-a danışıb:
“Bizdə bu yarış keçirilsəydi, idmançıların sayı çox olacaqdı. İştirakçıların sayı 1000 nəfəri keçirdi. Üstəlik, yarış üçün günlərin sayı da çoxdur. İstənilən halda, rəhbərliyin verdiyi qərar müzakirə olunmur. Ləğv olunubsa, deməli belə məsləhət imiş.

Bu yarışın yerinə başqa ölkədə Dünya Kuboku keçirilməyəcək. Tək bizdə bu il Dünya Kuboku ləğv olunmayıb. Bu ay Cənubi Koreyada da Dünya Kuboku keçirilməli olsa da, pandemiyaya görə baş tutmadı”.

Qeyd edək ki, 18-24 oktyabrda Bakıda atıcılıq üzrə Dünya Kubokunun final mərhələsi olan Çempionlar Kubokunun ləğvi barədə qərar verilməyib. Bu yarış paytaxtımızda keçiriləcək.

Xəbər xətti