"Futbolu xilas etmək üçün edirik" - Peres

08:45 - 20 Aprel 2021 - İDMAN

Super Liqanın yaradılmasında əsas məqsəd dünya futbolunu xilas etməkdir. APA xəbər verir ki, bunu Qətər telekanalının jurnalisti “beIN Sports” Tankredi Palmeriyə müsahibəsində Madrid “Real”ının prezidenti və Super Liqanın rəhbəri Florentino Peres deyib. “Futbolu daha cəlbedici etməliyik, çünki 24 yaşınadək insanların 40%-i artıq bu oyunla maraqlanmır. Bunun üçün bizə az oyun lazımdır, ancaq bu oyunlar top-komandalar arasında keçirilməlidir. Biz bunu özümüz üçün deyil, futbolu xilas etmək üçün edirik”, - deyə Peres bildirib. Super Liqada 15 təsisçi klubun, eləcə də mövsümdən mövsümə dəyişəcək daha beş komandanın iştirakı planlaşdırılır. Qarşılaşmalar həftənin ortalarında keçiriləcək, klublar öz milli çempionatlardakı oyunu da davam etdirəcək və mövsüm avqustda başlayacaq. “İndiyə qədər Super Liqada təmsil olunan üç ölkə var. Biz hələ ki beş dəyişən komanda üçün kriteriyaları bilmirik. Bu günə qədər Fransa “PSJ”-sini və Almaniyadan klublar dəvət etmədik. Artıq 12 komandamız var, ancaq 15 olmasını istəyirik. “Bavariya” və ya “PSJ” imtina edərsə, heç kim Super Liqanı ləğv etməyəcək”, - deyə Peres əlavə edib. Qeyd edək ki, aprelin 19-na keçən gecə Avropanın 12 ən yaxşı klubu Super Liqanın yaradıldığını elan edib. Bunlar İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi” və “Arsenal”, İspaniyanın “Barselona”, "Atletiko” və “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klublarıdır. Onlar yeni turnirin təsisçi klubları arasında yer alıblar.

Xəbər xətti