"İki səfər oyunundan sonra sabah Bakıda ilk matçımıza çıxacağıq. Bu iki qarşılaşmada bəzi keyfiyyətlərimizi göstərə bildik. Təbii ki, bəzi çatışmazlıqlar da oldu. Bunları aradan qaldırmağa çalışacağıq".
Ucnoqta.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsinin Serbiya ilə oyunu öncəsi mətbuat konfransında deyib.
65 yaşlı mütəxəssis bildirib ki, sabah komandasını ağır oyun gözləyir: "Serbiya fiziki baxımdan çox yaxşı kollektivdir. Əlbəttə, çətin olacaq. Amma əlimizdən gələni edəcəyik".
De Byazi Portuqaliya və Qətərlə matçlara da toxunub: "İki fərqli oyun oldu. İlk görüşdə futbolçular oyuna yaxşı başlamadılar. Utancaq oynadılar. Amma fasilədən sonra komanda özünə gəldi və rəqibdən qorxmamağa başladı. Qətərlə görüşə gəlincə, hesabı açdıqdan sonra 2-ci qolu da vura bilərdik. Amma sonra baş hakim heç nədən rəqibə penalti hədiyyə etdi. Qapımıza vurulan ikinci qol isə nadir hallarda tora daxil olur".
Təcrübəli baş məşqçi zədəli Bəhlul Mustafazadənin durumuna oyun günü aydınlıq gələcəyini vurğulayıb: "Ayağından zərbə aldı. Vəziyyəti sabah bilinəcək. Mahir Emreliyə gəlincə, fiziki baxımdan hazırdır. Qətərə qarşı matçda əsas oyunçuları qorumalıydıq. Emrelinin oynayıb-oynamayacağına sabah qərar veriləcək".
De Byazinin sözlərinə görə, heyətlə bağlı heç bir şübhəsi yoxdur: "Sabah meydana çıxacaq heyət nə edəcəyini yaxşı bilir. Futbolçular bu gözəl bayraq üçün mübarizə aparacaqlar. Niyə xala limit qoyursunuz? Oyun 0:0 hesabı ilə başlayacaq. Meydana daha yaxşı nəticə üçün çıxacağıq".
Baş məşqçi Azərbaycanın U-21 yığmasına rəhbərlik edən Milan Obradoviçlə Serbiya yığması barədə danışdığını gizlətməyib: "Amma bu, bir müddət öncə olub. Serbiya millisində baş məşqçi dəyişikliyi olub. Futbolçuların təcrübəsi böyükdür. Təəssüf ki, bizdə bu təcrübə yoxdur".
De Byazi Emin Mahmudovun istənilən səviyyədə çıxış edə bilməməsinin səbəbini də açıqlayıb: "Emin koronavirusla bağlı çətin dövr keçirdi. Hazırda çox yaxşı fiziki durumdadır. Seçmə mərhələdən öncə Eminlə danışdıq. Məndə çox yaxşı təəssürat oyatdı. Çox ağıllı, vətəninə bağlı insandır".
İtaliyalı mütəxəssis futbolçuların mentalitetini dəyişmək üçün çox çalışdığını deyib: "Amma bu, bir gündə nəticə verə bilməz. Uşaqlar özləri də beyinlərində rəqibə uduzmamalıdırlar. Azarkeşlər kimi mən də narahatam. Meydanda çoxlu istək, sonadək mübarizə aparmaq lazımdır. Bizim də məqsədimiz azarkeşləri sevindirməkdir. Hər şey özümüzdən asılıdır. Özümüz inanmasaq, heç nə alınmayacaq".
De Byazi texniki baxımdan çətinlik çəkmədiklərini söyləyib: "Əsasən epizodlar zamanı problemlər yaranır. Bu səviyyədə ən vacib olan vəziyyəti düzgün dəyərləndirməkdir. Addım-addım inkişaf etməliyik ki, yaxşı nəticələr əldə edək".
Qeyd edək ki, martın 30-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Serbiya matçı saat 20:00-da start götürəcək.///report