"Bakıda olmaqdan məmnunuq. Burada özümüzü rahat hiss edirik. Çox gözəl şəhərdir".
Bu fikirləri Serbiya yığmasının baş məşqçisi Draqan Stoykoviç DÇ-2022-nin seçmə mərhələsinin Azərbaycanla oyunu öncəsi mətbuat konfransında deyib.
56 yaşlı mütəxəssis Canni De Byazinin başçılıq etdiyi kollektivin Portuqaliya ilə matçını izlədiyini bildirib: "Yaxşı təşkilatlanmış komandaya qarşı oynayacağıq. Sabah başabaş oyun gözləyirəm. Rəqib fiziki baxımdan da hazırlıqlıdır. Bizə çətinlik törədəcəyini gözləyirik. Əsas hədəfimiz qalibiyyət olacaq".
Təcrübəli baş məşqçinin sözlərinə görə, sabah uduzsalar, bu, faciə sayılmayacaq: "Futbolda faciə anlayışını qəbul etmirəm. Keyfiyyəti və oyun üslubunu göstərmək üçün kifayət qədər şansın var. Məğlubiyyət də oyunun bir hissəsidir. Amma final mərhələsinə getmək istəyiriksə, qalib gəlməliyik. Bilirik ki, sabah keyfiyyətli komandaya qarşı oynayacağıq. Azərbaycan millisi istənilən komandaya problem yarada bilər. Lakin sabah 3 xal qazanacağımıza inanıram".
Stoykoviç Azərbaycanda çalışan Milan Obradoviç və Miloş Velebitlə əlaqə saxlamadığını söyləyib: "Onların burada işlədiklərini bilirəm. Ümid edirəm ki, Azərbaycan futboluna xeyir verəcəklər. Onları salamlayıram. Mütəxəssislərlə əlaqə saxlamamağımın səbəbi iki yığma arasında sirr olmamasıdır. Onları görməkdən məmnun olardım".
Mütəxəssis Serbiya yığması ilə Bakıya gələn Azərbaycan millisinin sabiq hücumçusu Branimir Subaşiç haqqında da danışıb: "Subaşiç yaxşı futbolçu olub. Eyni zamanda, yaxşı oğlandır. Azərbaycan millisində keçdiyi yolu, futbolunuza verdiyi töhfəni bilirəm. Onunla təyyarədə danışmaq imkanım olmayıb. Amma Subaşiçlə bu ölkənin tarixi, mədəniyyəti haqqında söhbət etmək istərdim. Çünki bu cür şeylər hər zaman diqqət mərkəzimdə olub".
Stoykoviç Portuqaliya ilə matçda rəqib komandanın kapitanı Kriştianu Ronaldunun sayılmayan qoluna da toxunub: "Hazırda bizim üçün önəmli olan sabahkı matçdır. Portuqaliya ilə matç 2:2 bitib. Artıq həmin görüşdə deyilik. ona görə də bu barədə düşünmək istəmirəm. Ona qalsa, Ronaldu da ofsayddan qol vurmuşdu. Düzdür, üzr istədilər. Amma nəticə dəyişmədi. Ona görə də keçmişdəki oyun bizim üçün önəmli deyil. Həmin epizoda bir rakursdan baxanda top qapı xəttini keçmiş kimi görünürdü. Digər rakursdan isə fərqli görünürdü. Mübahisəli epizoddur".
Qeyd edək ki, martın 30-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Serbiya matçı saat 20:00-da start götürəcək.///report