“Qətər yığmasının son oyununu izləsək də, komanda haqqında geniş məlumatımız yoxdur. Lüksemburqa qarşı keçirdikləri oyuna əsasən deyə bilərəm ki, fiziki cəhətdən güclü kollektivdir".
Ucnoqta.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Qətər yığmasına qarşı keçirəcəkləri beynəlxalq yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.
65 yaşlı mütəxəssis rəqibin hücumçularını xüsusi fərqləndirib: "Serbiya ilə oyunöncəsi bu qarşılaşma bizim üçün vacib test olacaq. Portuqaliya ilə görüşdən sonra bu oyun komandamızın inkişaf etməsinə daha çox köməklik edəcək. Qısa zaman ərzində fərqli oyun tərzi hazırlamaq mümkün deyil. Portuqaliya ilə matçdan öncə futbolçulara qələbə qazanmaq istədiyimi bildirim. Bununla belə, ilk hissə ilə müqayisədə, ikinci yarıda meydanda tam fərqli oyun nümayiş etdirməyi bacardıq. Sabahkı görüşdə bəzi digər oyunçulara şans verə bilərəm. 30 nəfərlik geniş heyətə malikik və bütün oyunçular tam hazırdır”.
Martın 27-də Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, UEFA Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyacaq.///report