İtaliyanın "Yuventu" klubunun ulduz futbolçusu Kriştianu Ronaldunun karyerasını yenidən İngiltərədə davam etdirmək imkanı yaranıb.
"Report" "Tuttosport" nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı hücumçu sabiq komandası "Mançester Yunayted"ə qayıda bilər.
İddiaya görə, portuqaliyalı forvard üçün daha perspektivli seçim onun yenidən "qırmızı şeytanlar"a qoşulmasıdır. Daha əvvəl Ronaldunun İspaniya "Real Madrid"inə qayıda biləcəyinə dair xəbərlər yayılıb.
Qeyd edək ki, Kriştianu Ronaldu 2003 - 2009-cu illərdə "Mançester Yunayted"in formasını geyinib. O, üç dəfə Premyer Liqada, bir dəfə ölkə kubokunda və Superkubokda qalib olub. Ulduz futbolçu İngiltərə təmsilçisinin heyətində Çempionlar Liqasını və klublararası dünya çempionatını, həmçinin ilk dəfə "Qızıl top"u qazanıb.
Ronaldunun "Yuventus"la müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır. Portuqaliyalı oyunçunun maaşı ildə 31 milyon avrodur. Forvard Turin klubuna 2018-ci ilin iyulunda İspaniyanın "Real Madrid" klubundan 117 milyon avroya keçib.