Bu gün Çempionlar Liqasında 1/8 finalının növbəti 2 oyunu keçiriləcək

09:22 - 16 Mart 2021 - İDMAN

Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində daha iki cavab oyunu keçiriləcək.

"Report"un məlumatına görə, matçlardan biri Macarıstanda, digəri isə İspaniyada baş tutacaq.
İngiltərə "Mançester Siti"si pandemiya səbəbindən Almaniyanın "Borussiya" (Mönhenqladbax) klubunu Budapeştdəki "Puşkaş Arena"da qəbul edəcək. Bu stadiondakı ilk görüşdə 2:0 hesablı qələbə qazanan nominal meydan sahibləri növbəti mərhələyə adlamaq üçün böyük üstünlüyə malikdir. Oyun öncəsi "şəhərlilər"in heyətində itki yoxdur. Sadəcə, müdafiəçi Natan Akenin meydana çıxıb-çıxmayacağı sual altındadır. Mönhenqladbax təmsilçisinin heyətində isə eyni sözləri Rami Bensebaini, Kristof Kramer və Markus Tyuram haqqında söyləmək olar.

Günün digər matçında "Real Madrid" İspaniyada İtaliya "Atalanta"sını sınağa çəkəcək. "Kral klubu" səfərdəki ilk qarşılaşmada rəqibini 1:0 hesabı ilə məğlub edib. Madrid təmsilçisinin heyətində Dani Karvahal və Mariano Dias zədə, Kazemiro isə cəza səbəbindən oyunu buraxmalı olacaq. Digər zədəli Alvaro Odriosolanın oynayıb-oynamayacağı isə bəlli deyil. Qonaqlarda isə əsas itki zədəli Hans Hatebur və cəzalı Remo Froylerin yoxluğudur. Həmçinin zədədən yenicə sağalan Berat Cimşiti də meydana çıxmaya bilər.

Çempionlar Liqası

1/8 final, cavab oyunları

24:00. "Mançester Siti" (İngiltərə) - "Borussiya" Mönhenqladbax (Almaniya)

İlk oyun - 2:0

24:00. "Real Madrid" (İspaniya) - "Atalanta" (İtaliya)

İlk oyun - 1:0

Qeyd edək ki, 1/8 final mərhələsinə martın 18-də keçiriləcək "Çelsi" (İngiltərə) - "Atletiko" (İspaniya) və "Bavariya" (Almaniya) - "Latsio" (İtaliya) matçları ilə yekun vurulacaq. Daha əvvəl Almaniyanın "Borussiya" (Dortmund), Portuqaliyanın "Portu", İngiltərənin "Liverpul" və Fransanın PSJ klubları 1/4 finala vəsiqə qazanıblar.

Xəbər xətti