Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 cavab oyunu keçiriləcək.
"Report"un məlumatına görə, İngilətərə "Liverpul"u ilk matçda 2:0 hesabı ilə qalib gəldiyi Almaniya "Leyptsiq"ini pandemiya səbəbindən Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da qəbul edəcək. Komandalar arasında birinci görüş də bu stadionda baş tutub.
Mersisaydlıların heyətində Vircil van Deyk, Co Qomes və Cordan Hendersonun zədə səbəbindən meydana çıxmayacağı dəqiqdir. Ozan Kabak və Roberto Firminonun oynaması isə sual altındadır. Bundesliqa təmsilçisində isə Anhelinyo və Konrad Laymer zədəli olduqları üçün oyunu buraxacaqlar. Həmçinin Villi Orban da komandasına kömək etməyə bilər.
Digər matçda isə PSJ Fransada İspaniya "Barselona"sı ilə münasibətlərinə aydınlıq gətirəcək. Rəqibini 4:1 hesabı ilə məğlub edən Paris təmsilçisi 1/4 finala daha yaxındır. Meydan sahiblərinin heyətində Neymar, Moyze Kin və Serxio Riko zədə üzündən oynamayacaqlar. Tilo Keryer və Alessandro Florentsinin isə meydana çıxıb-çıxmayacaqları bilinmir. Qonaqlardan isə Jerar Pike, Ronald Arauxo, Serci Roberto, Filippe Koutinyo və Ansu Fati eyni səbəbdən bu qarşılaşmada forma geyinə bilməyəcəklər.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi
Cavab görüşləri
10 mart
24:00. "Liverpul" (İngiltərə) - "Leyptsiq" (Almaniya)
İlk oyun - 2:0
24:00. PSJ (Fransa) - "Barselona" (İspaniya)
İlk oyun - 4:1
Qeyd edək ki, 1/4 finalın iki iştirakçısı artıq məlumdur. Almaniyanın "Borussiya" (Dortmund) və Portuqaliyanın "Portu" klubları növbəti raunda vəsiqə qazanıblar. 1/8 finalın digər 4 matçı isə 16 - 17 martda olacaq.