Samir Səlimov: “Musiqidə təhsil önəmlidir”
“Tarın hər zaman nəvazişə ehtiyacı var. Tara bir gün yaxınlaşmadıqda, onu qabından götürmədikdə, ikinci gün yaxınlaşanda hiss edirsən ki, tar səndən inciyib, küsüb. Bunu duymamaq mümkün deyil. Bütün tarzənlər bunu təsdiq edə bilərlər. Tara nəvaziş göstərmək vacibdir”. “Üç nöqtə” qəzetinin qonağı istedadlı tarzən Samir Səlimovdur.
-Samir müəllim, haqqınızda müəyyən qədər məlumatlıyam. Uğurlu gəncsiniz, müəllimsiniz və ən əsası faydalı vətəndaşsınız. Lakin bəllidir ki, hər kəs sizi tanımır. Bu normal haldır. Ona görə də ilk olaraq özünüzü təqdim edin...
-Musiqiçi olduğum üçün elə musiqidən başlayım. Sənətə bağlılığım uşaqlıqdan olub, xalq çalğı alətlərimizdən olan tarı kiçik yaşlarımdan sevmişəm. Tara sevgim, bəlkə də, Qarabağlı olmağımdan irəli gəlir. Əvvəlcə 8 nömrəli uşaq incəsənət mərkəzində, daha sonra isə Asəf Zeynallı adına Musiqi Kollecində təhsil almışam. Hazırda isə həm müəllim kimi dərs deyirəm, həm də Milli Konservatoriyada təhsilimi davam etdirirəm. Məni tanıyanlar bilir ki, sənətimə qarşı olduqca həssasam. Tarı ifa edəndə özümü başqa bir dünyada hiss edirəm. Yanımda minlərlə insan olsa belə, yalnız tarı duyuram. Tarı sinəmə götürəndə bax bu hissləri keçirirəm.
-Özünüzü təqdim edərkən sadəlövh davranıb uğurlarınızdan danışmadınız. İstərdim ki, nailiyyətlərinizdən söhbət açaq...
-Düzünü deyim ki, özümü tərifləməyi sevmirəm. Bəlkə də, bundan irəli gəldi ki, söhbət açmadım. Uğurlu işlərim, onların sayəsində əldə etdiyim nailiyyətlərim olub. “Qafqaz media” ictimai birliyinin “Musical fires of Baku” layihəsində “İlin tar ifaçısı” diplomu ilə, daha sonra Nəsimi rayon Gənclər və İdman İdarəsi, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanlarla təltif olunmuşam.
-Samir müəllim, bu gün gənclər tara maraq göstərirlərmi?
-Tara maraq həddindən artıq çoxdur. Bunu özünüz də müşahidə etsəniz, görərsiniz ki, tar, kamança və digər musiqi alətlərinə maraq var. Tara maraq təkcə ölkəmizdə deyil, xaricdə də var. Mənə tar alətini öyrənmək üçün neçə-neçə xarici ölkə vətəndaşı müraciət edib. Bütün bunlar Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mədəniyyətimizə və musiqimizə verdiyi dəyərin nəticəsidir ki, musiqi alətlərimiz dünyada sevilir.
-Tənqidə qarşı münasibətiniz?
-Təndiqə qarşı açıq insanam. Sağlam tənqidi həmişə normal qarşılamışam. İnsan tənqiddən nəticələr çıxarır ki, bununla da səhvlərimizi düzəldirik. Amma yenə də deyirəm, tənqid sağlam olmalıdır. Qərəzli tənqidləri qəbul etmirəm.
-Tarın öz incəlikləri, barmaqları var...
-Bəli, hər bir alətdə olduğu kimi tarın da özünəməxsus mizrabları, incəlikləri və barmaqları var. Uşaq vaxtında musiqi məktəbinə, daha sonra kollecə və ali məktəbə gedəndə ustadlarımız bunu bizə öyrədiblər. Zamanla üzərimizdə çalışaraq da öyrəndiklərimizi təkmilləşdiririk.
-Solo ifalar, yoxsa üçlük?
-Solo ifalarım da var, bu ifalarla da ölkəmizi yetərincə təmsil eləmişəm, amma trioya daha çox üstünlük verirəm. Niyə? Muğama, xalq mahnılarımıza içimdə rəğbət hissi daha çox olduğu üçün, onların təbliğatını geniş şəkildə aparmaq üçün trioya daha çox önəm verirəm.
-Deməli, muğamlara, xalq mahnılarına üstünlük verirsiniz..
-Xalq mahnılarına da üstünlük verirəm, muğamlara da, digər əsərlərə də. İstər muğamlarımız olsun, istər xalq mahnıları, istərsə də başqa musiqilər mədəniyyətimizin ayrılmaz hissəsidir. Bunlarsız ifaçı olmaq, ifaçı kimi yetişmək mümkün deyil.
-Samir müəllim, çətinlikləriniz çox olub?
-Çətinliklərdən danışsaq, söhbətimiz uzun çəkər. Çətinliklər hər dönəm var, hər zaman insanın qarşısına çıxır. Hazırda dünyanın özü çətin dönəmlərdən keçir. Məlumdur ki, koronavirus pandemiyası hələ bitməyib və odur ki, bəşəriyyət olaraq qlobal bir çətinliklə üz-üzəyik. İnşaAllah ki, dəf edərik.
-İnsan uğur qazandıqca ətrafındakı insanlardan bəzilərində qibtə hissi, bəzilərində həsrət, bəzilərində isə təəssüf ki, paxıllıq olur. Sadaladığım hallarla çox qarşılaşmısınız?
-Həmin insanlar tarixən olub və olacaqlar da. Onlar sadəcə öz zəifliklərini nümayiş etdirirlər ki, bu da ətrafdan hiss olunur. Rəqabət olması gözəl şeydir, amma paxıllıq etmədən. Ətrafımda belə insanlar var, bəlkə də bilmirəm, mən sezməmişəm. Düzünü deyim ki, heç bir zaman fikirləşməmişəm, kimsə mənim paxıllığımı çəkər, daim ətrafımda yaxşı dostlar olduğu üçün düşünməmişəm ki, kimsə mənə paxıllıq edər. İllərdir, kamança ifaçısı Pərviz Əliyevlə çiyin-çiyinə çalışırıq. Bir-birimizin uğurlarına ürəkdən sevinən insanlarıq. Pərviz kimi dostların sayəsində bu qənaətə gəlmişəm ki, mənə paxıllıq edən yoxdur.
-Məşhur tarzənlərdən kimləri dinləyirsiniz?
-Məşhur tarzənləri dinləmək çox vacibdir. Gənc nəslə hər zaman tövsiyyə edirəm ki, görkəmli tarzənlərimizi dinləsinlər, mərhum sənərkarlarımızın ifalarına qulaq assınlar. Əhsən Dadaşov, Bəhram Mansurov kimi bizim dəyərli sənətkarlarımız olub. Allah onlara rəhmət eləsin. Bax o sənətkarları dinləmək lazımdır. Müasir dövrümüzün sərvəti olan Xalq artisti Ağasəlim Abdullayev, Möhlət Müslümov, Elçin Həşimov kimi sənətkarlarımıza qulaq asmaq lazımdır. Sənətkarları dinləmədən irəli getmək, zənnimcə, mümkün deyil.
-Bəs elə bir sənətkar varmı ki, onunla bir səhnəni bölüşmək arzusundasınız?
-Bu sualı verməklə mənim uşaqlıq arzumu yadıma saldınız. Hər zaman arzulamışam ki, Respublikanın Əməkdar artisti Elçin Həşimovun tələbəsi olum, onun sinfində təhsil alım və onunla bir səhnəni bölüşüm. Şükürlər olsun ki, bu istəyimə nail olmuşam. Özümü şanslı insan saya bilərəm ki, Elçin müəllimdən dərs alıram.
-Musiqiçi üçün təhsil önəmlidir?
-Musiqidə təhsil çox önəmlidir. Həmişə vurğulamışam ki, istedad Allah tərəfindən verilir, lakin istedadı daha da mükəmməl etmək üçün təhsil almaq lazımdır. Bunu da qeyd edim ki, istedad və təhsil bir-birini tamamlamalıdır. Elə təhsilli musiqiçi də var ki, təhsili olmayanlar ondan min dəfə yaxşıdır.
-Bir az əvvəl dediniz ki, müəlliminiz Elçin Həşimovdur. Haqqında nələri söyləyə bilərsiniz?
-Ustadım haqqında danışmaq mənə düşməz. Amma sual ünvanlanıbsa, cavabsız da qoya bilmərəm. İlk olaraq onu söyləyim ki, tar sənətinin ibtidai təhsilini Qara Qarayev adına 8 nömrəli uşaq incəsənət mərkəzində Vüqar müəllim Budaqovdan almışam, daha sonra Asəf Zeynallı adına Musiqi Kollecində Sabir müəllim Ələkbərovun sinfində təhsilimi davam etdirmişəm. Qeyd edim ki, zamanla Ağasəlim müəllimdən də dərs almışam. Hazırda isə müəllimim, Əməkdar artist, çox dəyərli insan Elçin Həşimovun sinfindəyəm. Onun haqqında söyləmək istədiklərimi az öncə dedim. Bir daha vurğulayım, Elçin müəllimin sinfində oxumaq uşaqlıq arzum olub.
-İncəsənətdə olan insansınız. Bu sahə sizi qane edirmi?
-Tar sənətini öyrənməyə başlayanda, yəni biləndə ki, mən gələcəkdə tarzən olacam, heç onda düşünmürdüm ki, bu sahə məni qane edər, ya yox. Tara heç bir zaman gəlir mənbəyi kimi baxmamışam, onu sevmişəm. Yaradıcı insanlar yalnız öz üzərində çalışmaqla daha yaxşı işlər görməyə can atır. Düzdür, bunun üçün maddi vəsait lazımdır, amma tara sırf qazanc yeri kimi baxmaq olmaz. Atam həmişə mənə deyib ki, bu sənətdə müəyyən yaşa qədər sən ad üçün çalışırsan, daha sonra isə ad sənin üçün. Mən də atamın dediklərini önəmli sözlər hesab edərək tara maddiyyat mənbəyi kimi baxmamışam.
-Vamiq müəllim Məmmədəliyev deyir ki, tarın da nəvazişə ehtiyacı var. Siz nə düşünürsünüz?
-Allah Vamiq müəllimə can sağlığı versin, əlbəttə, tarın hər zaman nəvazişə ehtiyacı var. Tara bir gün yaxınlaşmadıqda, onu qabından götürmədikdə, ikinci gün yaxınlaşanda hiss edirsən ki, tar səndən inciyib, küsüb. Bunu duymamaq mümkün deyil. Bütün tarzənlər bunu təsdiq edə bilərlər. Tara nəvaziş göstərmək vacibdir.
-Sonuncu sualımı verim, heç bu vaxta qədər tar sizi pərt edibmi?
-Xeyr, etməyib. Tar məni heç bir zaman pərt eləməz, əksinə belə bir məqam olsa, mən onu pərt edə bilərəm. Əslində heç mən də onu pərt etmərəm. Tar mənim üçün doğma bir alətdir. Bu alət vasitəsilə biz sevilir, alqışlanır və qəbul olunuruq.
-Elə hər zaman da sevilib, alqışlanıb, qəbul olunasınız. Dəvətimi qəbul edib müsahibə verdiyiniz üçün təşəkkür edirəm.
-Mən sizə minnətdaram.
Rövşən Tahir