Ölkəmizdə bütün dini konfessiyaların icmaları arasında dünyada nümunə ola biləcək əməkdaşlıq münasibətləri mövcuddur
Azərbaycanda çox mədənilik mövcuddur və bir çox fərqli mədəniyyətilər bir arada yaşayır. Ölkəmizdə müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafına önəm verilir. Bu tolerantlığın təcəssümüdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil. Mədəni mübadilə və qarşılıqlı zənginləşmə, xalqların sosial-mədəni inkişaf təcrübəsini, dünya mədəniyyətinin tarixi qanunauyğunluqlarını bilmə və yaradıcı şəkildə istifadə etmə qloballaşma şəraitində Azərbaycanın davamlı, rəqabət qabiliyyətli və təhlükəsiz inkişafı üçün mühüm nəzəri və praktik əhəmiyyət kəsb edir. Bu baxımdan tolerantlıq mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir. Hazırda dünyada bu sahədə iki qütbün formalaşmasını görməmək mümkün deyil. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev bildirib ki, birinci qütbü bədbin qütb adlandıra bilərik. Onu 2011-ci ildə Böyük Britaniyanın sabiq Baş naziri Devid Kemeron formalaşdırdı və bütün dünyaya bəyan etdi ki, Avropada multikulturalizm siyasəti müxtəlif mədəniyyətlərin bir-biri ilə inteqrasiya olmaqdan imtina etməsi səbəbindən iflasa uğradı. Bu, həqiqətən, bədbin nəticə idi və zamanın göstərdiyi kimi, həm də qorxulu sonuclara – qarşıdurmalara, kataklizmlərə, fəlakətlərə gətirib çıxardı. Digər qütbü isə nikbin qütb adlandıra bilərik və bunun təntənəsini bu gün biz Azərbaycanda görürük. “Multikulturalizm ili” elan edilərkən ölkə Prezidenti tərəfindən dəqiq siyasi və ideoloji hədəflər göstərilibdi. Azərbaycan müxtəlifliklərdən qaynaqlanmış möhtəşəm eyniliyi ilə bu siyasi-ideoloji-mənəvi hədəflərə doğru irəlilədi. Cəmiyyətin, hökumətin bütün zümrələri, qurumları, institutları həmahəng, bir-birini tamamlayan addımlar atdılar. Əslində, bütün Azərbaycan bir möhtəşəm addım atdı və bütün dünya bir daha inandı ki, xalqla Prezidenti təkcə siyasi amillər deyil, yüksək mənəvi, insani amillər birləşdirir. “Multikulturalizm ili” bu birliyin yeni rakursdan daha bir təzahürünə çevrildi",- Kamal Abdullayev deyib. Onun sözlərinə görə, Azərbaycan liderinin Azərbaycanda yaşayan hər bir millətin, dinin nümayəndəsinə, mədəniyyətinə özününkü qədər hörmət və ehtiramı dünyada yüksək qiymətləndirilir. "Prezidentin bu münasibətinin ölkə daxilindəki bütün konfessiya və millətlərə bərabər şəkildə paylanmasının xüsusi əhəmiyyəti var. Məhz belə bir siyasi xətt ölkənin multikultural təhlükəsizliyini, tolerantlıq siyəcətini təmin edir və ölkədaxili əmin-amanlığın, ölkə xaricində isə özünəinamın təməlini möhkəmlədir. Multikulturalizm siyasətinin bariz təzahürü həm də multikultural təhlükəsizliyin qorunmasına yönəlmiş belə bir Prezident iradəsidir desək, heç də səhv etmərik".
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev bildirib ki, çoxşaxəli multikulturalizm hərəkatı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının daha bir effektli yolunu müəyyənləşdirdi. "Xüsusilə, İsveçdə, İngiltərədə, Almaniyada, İtaliyada, Fransada, Rusiyada Qafqaz Müsəlmanları İdarəsi sədrinin rus pravoslav kilsəsinin rəhbərliyinin, katoliklərin nümayəndələrinin, udinlərin dini rəhbərlərinin, dağ və Avropa yəhudilərinin rəhbərlərinin və digər dini, milli icmaların üzvlərinin yerli konfessiya və dövlət xadimləri ilə faydalı görüşlərini qeyd edə bilərəm. Ölkə daxilində AMEA institutlarında, universitetlərdə, məktəblərdə (xüsusilə, Nardaran qəsəbəsində və müxtəlif bölgələrdə) keçirilən “dəyirmi masa”lar, seminarlar cəmiyyətin ən müxtəlif təbəqələrinin ürəkdolusu fikir və ideya bölüşdüyü məkanlara çevrildi".
Milli Məclisin deputatı Leyla Abdullayeva isə bildirib ki bütün dünyada ölkəmiz tolerantlıq və çoxmədəniyyətliliyin mərkəzi, nümunəsi kimi tanınır. Təsəvvür edin, ölkəmizdə demək olar ki, bütün dini konfessiyaların icmaları var. Onlar sərbəst, rahat, ölkə qanunları çərçivəsində fəaliyyət göstərirlər. "Yəhudi, xristian, o cümlədən, katolik, pravoslav icmaların rəhbərliyi arasında və bizim ənənəvi islam icmaları arasında dünyada nümunə ola biləcək əməkdaşlıq münasibətləri mövcuddur. Bakıda Ulu öndərimizin adını daşıyan möhtəşəm məscid kompleksi dindarların istifadəsinə verilib. Açılış zamanı cənab Prezident nitqində Azərbaycanda olan tolerant mühit haqqında önəmli fikirlər səsləndirdi, Azərbaycanın bu siyasətə həmişə sadiq qalacağı bildirildi.
Humanitar sahədən danışarkən əlbəttə ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Heydər Əliyev Fondu xeyirxahlıq, mərhəmət, qayğı və şəfqət ünvanına çevrilib. Fond istər ölkədə, istərsə də xaricdə gördüyü işlərlə dünyada böyük nüfuz qazanıb".
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı hesab edir ki, etnik-mədəni müxtəlifliklərin tənzimlənməsi dinc xarakterli olsa belə, heç də həmişə humanist prinsiplər əsasında həyata keçirilmir. "Bu gah assimilyasiya, gah da izoliyasiya kimi mürtəce mahiyyətli formalarda təzahür edir. Maraqlı cəhət ondan ibarətdir ki, insan hüquqlarına münasibətdə özünü müasir dünyanın “lokomotiv”i sayan dairələr multikulturalizmi ya inkar, ya da imitasiya etməklə təzadlı mövqe nümayiş etdirirlər. Burada multikulturalizmin mövcudluğuna iddia edən bir sıra ölkələrdəki situasiyanı izləmək insanda gerçəkliyi əks etdirən təsəvvür yaratmaqla yanaşı, Azərbaycan reallığının rasional və obyektiv dərki baxımından da bir çox məqamlara aydınlıq gətirir. Belə ki, bəzi Qərb ölkələrində multikulturalizm kimi təqdim olunan sosial münasibətin Azərbaycanla formaca oxşar cəhətləri sezilsə də, məzmun etibarilə fərqli səciyyə daşıyır. Azərbaycanda minilliklər boyu dinc, yanaşı yaşamış fərqli dil, din və mədəniyyət daşıyıcıları varlıqlarını günümüzədək qorumuş, hazırda isə cəmiyyətdə bu yöndə mövcud olan pozitiv münasibətə çox mühüm çalar – dövlət siyasəti əlavə olunmuşdur ki, bu da respublikamızda tolerantlıq mühitin uğurlu perspektivlərini təmin edir. Lakin Qərb dünyasında təqdim olunan “multikulturalizm” isə həmin ölkələrə sığınmış qaçqın və ümumilikdə gəlmələrə olan hörmət və ehtiramdan deyil, sadəcə “dözümlü” münasibətdən ibarətdir. Təbii ki, həm regional, həm də qlobal miqyasda müxtəlif cəlbedici adlarla öz mədəniyyətlərinin dominantlığını təmin etməyi hədəfləyən, başqa mədəniyyət daşıyıcılarına assimilyasiya obyekti kimi baxan, cismani, yaxud mənəvi əritmək, yox etmək fəaliyyətlərini tarixən və çağdaş dövrümüzdə dövlət siyasətlərində anoloqsuz ənənə halına salmış eqoist təfəkkürlü qüvvələrin imitasiyalarını multikulturalizmi alternativsiz həyat tərzinə çevirmiş Azərbaycanla müqayisə etmək belə özlüyündə qüsurlu görünür".