“Hələbin azad olunması bölgə və dünyaya İran İslam İnqilabının yayılması üçün bir nailiyyətdir”.
“Report” “Fars” agentliyinə istinadən xəbər verir ki, bunu İslam İnqilab Keşikçiləri Qvardiyasının komandanı general-mayor Məhəmmədəli Cəfəri bildirib.
“Təhlükəsizlik xətti bu gün sərhədləri aşıb. Bu güvənliklə yanaşı, əldə etdiyimiz nailiyyətlərdən biri inqilabın bölgəyə və dünyaya ixracıdır. Hələb cəbhəsi İran üçün irəliyə doğru uçuş cəbhəsidir”, - deyə general-mayor vurğulayıb.
Qeyd edək ki, dekabrın 15-də Rusiya və İranın dəstəyi ilə Suriyanın Hələb şəhəri Bəşşar Əsəd rejiminə müxalif silahlılardan təmizlənib.
Xatırladaq ki, M.Cəfəri İslam İnqilabının ixracı dedikdə, ayətullah Xomeyninin islam inqilabı doktrinasının yayılmasını nəzrədə tutur.