Sabiq məmuru öldürmək istəyən mütəşəkkil dəstənin məhkəməsi başladı

15:50 - 16 Dekabr 2016 - Xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində icra hakimiyyətinin sabiq işçisinin güllələnməsini sifariş verməkdə təqsirləndirilən Günel Süleymanova, Rasim Süleymanov, Ramin Həsənov, Əlikubar Kübarov və Ramil Hüseynlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.Trend-in məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və dövlət ittihamçısı cinayət işi ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.
Məhkəmənin hazırlıq iclası dekabrın 21-də davam etdiriləcək.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində aprelin 11-də paytaxtın Binəqədi rayonu ərazisində Bərdə Rayon İcra Hakimiyyətinin sabiq işçisi Hüseyn Qasımova avtomat silahdan atəş açmaqla xəsarət yetirən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Hüseynli tutulub. Onun Binəqədi rayonu ərazisində kirayədə yaşadığı evdən “AKM” markalı silah, 22 ədəd patron və patron darağı aşkar edilərək götürülüb.

Ətrafında aparılmış tədbirlərlə R.Hüseynlinin həmin cinayəti paytaxt sakini G.Süleymanovanın sifarişi ilə törətməsi, habelə açdığı atəş nəticəsində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin mühafizə otağının pəncərə şüşəsinə və Bakı şəhər sakini Xəzər Cəfərzadəyə məxsus “Niva” markalı avtomobilə ziyan dəyməsi də müəyyən edilib.

Həyata keçirilmiş tədbirlərlə hadisənin sifarişçiləri G.Süleymanova, R.Süleymanov, R.Həsənov, Ə.Kübarov da tutulub.

Xatırladaq ki, R.Hüseynli əvvəllər adam oğurluğuna görə 12 il həbsxanada yatıb.

Xəbər xətti