Xəbər verdiyimiz kimi, İmişli rayonu ərazisində xidmətə gedən DYP avtomobilinin törətdiyi qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
TƏBİB-dən hadisə ilə bağlı Modern.az-ın sorğusuna verilən cavabda bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 18 yanvar saat 12:50 radələrində İmişli rayonu, Yalavac kəndi ərazisində piyada vurma hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.
Çağırış ünvanına 2 təcili tibbi yardım briqadası cəlb olunub.
"Xəsarət alan 3 uşaq (qadın cinsli) 1-i kritik ağır olmaqla, müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
1992-ci il təvəllüdlü (kişi cinsli) və 2015-ci il təvəllüdlü (qadın cinsli) şəxslərə ilkin olaraq, qapalı kəllə-beyin travması diaqnozu təyin olunub və ilkin zəruri tibbi xidmətlər göstərilib. Hazırda Reanimasiya şöbəsində müalicələri davam etdirilir, vəziyyətləri ağır qiymətləndirilir.
Təxliyə olunan şəxslərdən 1 nəfərin (qadın cinsli) xəstəxanada həkimə qədər ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, 1 uşağın isə hadisə yerində həkiməqədər ölümü baş verib".