Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisdə 2017-ci il dövlət büdcəsi təsdiq edilib. Dövlət büdcəsində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına ayrılan vəsait azaldılıb. Bununla bağlı olaraq Şura Katibliyinin İcraçı Direktoru Fərasət Qurbanov açıqlama verib.
Açıqlamada deyilir:
"Büdcə təsdiq edildikdən sonra məlum oldu ki, bir sıra digər qurumlar kimi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına ayrılan maliyyə vəsaitinin həcmində də azalma baş verib.
Şuranın büdcəsi 2016-cı ildə ayrılan maliyyə vəsaitinin həcmindən 1,6 milyon manat azdır. Şuranın büdcəsində azalmanın baş verməsi əlbətdə ki, qurumu maliyyə imkanlarından daha qənaətlə istifadə etməyə sövq edir. Məlum olduğu kimi Şura Əsasnaməsinə uyğun olaraq elan etdiyi müsabiqə mövzuları üzrə QHT-lərin təqdim etdiyi layihələri maliyyələşdirir. Şuranın büdcəsinin 1,6 milyon manat azalması təbii ki, xərclərimizin də azalması ilə müşahidə olunacaq. Ona görə Şura QHT-lərin daha rasional, ictimai aktuallıq dərəcəsi yüksək olan, cəmiyyətin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edən layihələrini maliyyələşdirəcək.
Bu cəhətdən QHT-lərin Şuranın 2017-ci il qrant müsabiqəsinə daha peşəkarlıqla yanaşması tələb olunur".