Sabunçu rayonunun Ramana-Maştağa avtomobil yolunun tikintisi başa çatıb.“Azəravtoyol” ASC-dən Lent.az-a verilən məlumata görə, asfalt-beton örtüyü yararsız vəziyyətdə olan yolun ümumi uzunluğu 11 km-dir.
Yenidən qurulan yol Heydər Əliyev prospekti - Mərdəkan və Zabrat - Maştağa avtomobil yollarını birləşdirərək bu ərazidə yeni bir yol infrastrukturu yaratmağa imkan verib.
Əvvəllər yolun hərəkət hissəsinin eni 6-7 metr təşkil edirdi. Tikinti işləri çərçivəsində yolun eni 8.5-10 metrə qədər genişləndirilib. Bura 7-7.5 metr olan iki hərəkət zolağı və hər bir istiqamət üzrə vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün 1.5 metr enində piyada səkiləri daxildir.
Ümumiyyətlə 3 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi ilə 85.6 min nəfər əhalinin gediş-gəlişi xeyli asanlaşıb və avtonəqliyyat vasitələrinin Heydər Əliyev prospekti, həmçinin Zabrat-Maştağa avtomobil yoluna rahat çıxışı təmin olunub.