Azərbaycan Mətbuat Şurasının və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə “Turizm və media: inkişafa aparan yolda birgə fəaliyyət” mövzusunda konfrans keçiriləcək. Tədbir iyulun 11-də “Holiday İnn” hotelində olacaq.
Kütləvi informasiya vasitələrinin rəhbərlərinin, nazir Əbülfəs Qarayev başda olmaqla Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrinin, Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinin, Milli Məclisin deputatlarının qatılacaqları toplantıda medianın turizm mövzusunu işıqlandırması xüsusiyyətləri, mövcud sahədə nəzərə çarpan tendensiya və çatışmazlıqlar, məsələlərə birgə baxış yolları müzakirə ediləcək.
Tədbirdə həmçinin Mətbuat Şurasının Mədəniyyət və Turizm Nazirliyi ilə birgə keçirdiyi “Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti” mövzusundakı müsabiqənin qalibləri də mükafatlandırılacaq.