“Yerli Gənc” Proqramı davam edir

11:12 - 1 İyul 2016 - Cəmiyyət

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən “Yerli” Kənd Gənclərinin İnkişaf  Proqramının fəaliyyəti davam edir. Fəaliyyət dövründə ilk tədbirlər Bakı şəhərinin Qaradağ, Sabunçu və Suraxanı rayonlarında baş tutub. Həmin ərazilərdə İcra Hakimiyyətləri, Gənclər və İdman İdarələrinin dəstəyi və “Youth Inc.” Proqramının tərəfdaşlığı ilə keçirilən təlimlər 100-ə yaxın gəncin iştirakı ilə baş tutub. 
“Yerli” Kənd Gənclərinin İnkişaf Proqramının məqsədi kəndlərdə yaşayan gənclər ilə işin bir istiqamət kimi təbliğatının aparılması, gənclər təşkilatlarının kənd gəncləri ilə əməkdaşlığa stimullaşdırılması, kənd gənclərinin ictimai fəaliyyətə cəlb olunması, kənd gənclərinin bilik və bacarıqlarının üzə çıxarılması, kəndlərdə insan resurslarının inkişafına təkan verilməsidir.

Tədbirlərə ARGTMŞ-ın “Yerli Gənc” Kənd Gənclərinin İnkişaf Proqramının təqdimatı ilə start verilib. Təqdimat zamanı iştirakçılara proqramın imkanları, bu imkanlardan faydalanmaq üsulları haqqında məlumat verilib. Təqdimat başa çatdıqdan sonra təlimlərə start verilib. “Youth Inc.” Proqramının təlimçiləri tərəfindən iştirakçılara “Öz biznesinə başla!” adlı təlim keçirilib. Gənclərə “Sahibkarlıq nədir?!”, “Necə sahibkar ola bilərəm?!”, “Biznesdə uğur qazanmağın yolları” haqqında məlumat verilib. Təlim çərçivəsində təlimçi tərəfindən praktiki məşğələlər, biri birindən maraqlı komanda oyunları keçirilib. Daha sonra iştirakçılar əldə etdikləri mövzu ətrafında müzakirələr aparıblar. Tədbirin sonunda iştirakçıların təltifolunma mərasimi baş tutub. 

Qeyd edək ki, “Yerli” Kənd Gənclərinin İnkişaf Proqramı çərçivəsində növbəti tədbirlərin ölkənin digər bölgələrinin kənd və qəsəbələrində keçirilməsi nəzərdə tutulub.

ARGTMŞ-ın sədri Seymur Hüseynov qeyd edib ki, “Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Deyə bilərəm ki, Azərbaycan gəncliyi öz aktiv fəaliyyəti və daimi inkişafı ilə seçilir. Dövlət gənclər siyasəti gənclərin öz bilik və bacarıqlarını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə müxtəlif istiqamətlərdə tədbirlər təşkil edir. Biz də öz növbəmizdə gənclər siyasətinin bir istiqaməti olaraq “Yerli Gənc” Kənd Gənclərinin İnkişaf Proqramını həyata keçiririk. Məqsədimiz region gənclərinə xüsusi diqqət göstərmək, onları ictimai fəallığa cəlb etməklə şəhər və rayon gəncləri arasında bərabər imkanları təmin etmək və kəndlərdə yaşayan gənclərimizin bacarıqlarını üzə çıxarmaqdır.”

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı əsasında 2015 - ci il Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilib. Bu isə kəndlərdə insan kapitalı, savadlı gənclərin yetişdirilməsi və inkişafını zəruri edir. Bunu nəzərə alaraq Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Azərbaycan: 2020 Gələcəyə Baxış” İnkişaf Konsepsiyası, “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nın prioritetlərinə uyğun olaraq Azərbaycanda ilk dəfə həyata keçirilən “Yerli” Kənd Gənclərinin İnkişaf Proqramı start verib.

 

Xəbər xətti