İl ərzində 600-650 böyrək xəstəsi dünyasını dəyişir

13:18 - 29 İyun 2016 - Cəmiyyət

Hazırda Azərbaycanda 3 min 44 hemodializ xəstəsi var. Onlar 35 hemodializ mərkəzində dövlət hesabına tam hemodializ proqramı ilə təmin olunurlar. Lent.az-ın məlumatına görə. F.Babayevin sözlərinə görə, bu ilin yanvarın 17-də Nazirlər Kabinetinin qərarı ilə 2016-2020-ci illəri əhatə edən Xroniki böyrək çatışmazlığı (XBÇ) xəstəlikləri üzrə Dövlət Proqramına uyğun olaraq respublikanın bütün regionlarında dializ mərkəzlərinin açılması planlaşdırılır. Lent.az-ın məlumatına görə, bunu M.C. Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev jurnalistlərə açıqlamasında deyib.
Bu gün Azərbaycanda növbə gözləyən böyrək xəstəsinin olmadığını vurğulayan F.Babayev bildirib ki, statistikaya görə, 1 milyon əhaliyə 450-500 nəfər böyrək çatışmazlığı xəstəsi düşür ki, onların da təxminən 50-55 %-nin hemodializə ehtiyacı olur.
Əhalinin sıxlıq müşahidə olunan regionlarında, xüsusən Azərbaycanın qərb bölgəsində böyrək xəstələrinə daha çox rast gəlindiyini deyən şöbə müdiri qeyd edib ki, bu gün Azərbaycanda böyrək köçürmə dövlət hesabına tam pulsuz şəraitdə aparılır: “Böyrək köçürülmə əməliyyatları 2009-cu ildən başlayaraq Mərkəzi Neftçilər Xəstəxanasında, 2012-ci ildən M.C. Cavadzadə adına Respublika Urologiya xəstəxanasında, 2014-cü ildən Azərbaycan Tibb Universitetinin bazasında həyata keçirilir”.
Həkim qeyd edib ki, böyrək xəstələrinin böyük qismini ortayaşlı əhali təşkil edir ki, buna da səbəb insanların sağlıqları ilə bağlı problemlərə ötəri yanaşmasıdır. Bu gün böyrək xəstəliyinin sayının artmasında əsas səbəblərdən biri şəkər xəstəliyi və hipertoniyadır. Həmin xəstəliklərinin də cavanlaşması erkən yaşlarda böyrək çatışmazlığının əmələ gəlməsinə səbəb olur. Bir sıra regionlarda isə böyrək xəstəliyi ilə bağlı irsi patologiya daha geniş yayılıb.
F. Babayev əlavə edib ki, hazırda respublikada ən cavan böyrək xəstəsinin 6, ən yaşlısının isə 84 yaşı var. Hazırda 15 yaşa qədər 9 uşaq dializ alır. Şöbə müdiri qeyd edib ki, dünya statistikasına görə, dünyanın ən aparıcı ölkələrində böyrək xəstələri arasında ölüm sayı 29-35, Azərbaycanda isə 22-23 % təşkil edir. Yəni bir il ərzində 600-650 xəstə ölümü qeydə alınır, bu isə dünya statistikası rəqəmlərindən daha aşağıdır.

Xəbər xətti