Gənclər təşkilatları Çili Parlamentinin qərarına etirazı etdilər

12:06 - 29 İyun 2016 - Cəmiyyət

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə ölkənin aparıcı gənclər təşkilatları və fəal gənclər tərəfindən Çili parlamentində bir qrup ermənipərəst millət vəkillərinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə etiraz əlaməti olaraq Çili Respublikasının prezidenti, xarici işlər naziri, parlamentin spikeri və deputatlarına Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini izah edən və sözügedən qətnamənin qərəzli xarakter daşıdığını sübut edən etiraz müraciəti göndərilmişdir. 

Gənclərimizin fəal mövqe nümayiş etdirməsi nəticəsində Çili Prezidentinin Yazışmalar üzrə İdarə Sistemi vasitəsi ilə müraciətimizə rəsmi cavab olaraq göndərilən məktubda Çili Deputatlar Palatası tərəfindən qəbul edilmiş 565 nömrəli qətnamənin ləğv edilməsi müraciətinin daxil olmasının Çili Prezidenti xanım Mişel Baçelet Xerianın xüsusi icraçısı tərəfindən təsdiq edildiyi qeyd olunub. 
Məktubda vurğulanıb ki, müraciət Çili xarici işlər nazirinin Kabineti tərəfindən Dövlət Katibliyinin Avropa Məsələləri idarəsinə yönləndirilmiş və həmin idarə Çili Millət vəkilləri Palatası tərəfindən qəbul edilmiş 565 nömrəli qətnamə ilə bağlı Azərbaycan Respublikasının nümayəndələri ilə məsələnin müzakirə edilməsi üçün görüşlər keçirilib və Azərbaycanın Çilidəki Səfirliyinə diplomatik nota təqdim edilib.
Çili hökuməti Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mövqeyini təsdiq edərək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü tanıdığını, qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımadığını, Minsk Qrupu çərçivəsində aparılan sülh prosesini dəstəklədiyini, Ermənistan və Azərbaycan arasındakı münaqişəyə dair BMT-nin Qətnamələri vasitəsi ilə bu vəziyyətin çözülməsi üçün həyata keçirilən səyləri dəstəklədiklərini təsdiq edib. 
Qeyd edək ki, aprel ayında Çili Respublikasının Deputatlar Palatası tərəfindən Azərbaycanın əks-hücumunu qınayan “Dağlıq Qarabağ Respublikasına qarşı Azərbaycan qoşunlarının hücumunun pislənməsi haqqında” 565 nömrəli qətnamə qəbul olunmuşdur.

Xəbər xətti