Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 14-də Qətər Dövlətinin paytaxtı Doha şəhərinə rəsmi səfərə gedib.
Bu barədə Ucnoqta.az-a Baş Prokurorluqdan məlumat verilib.
Səfər çərçivəsində Baş prokuror qlobal korrupsiyaya qarşı mübarizədə mükəmməllik mükafatının təqdimetmə mərasimində iştirak edib.
Tədbirdə Qətər Dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Təni, BMT-nin və Qətər Dövlətinin yüksək səviyyəli rəsmiləri, müxtəlif ölkələrin nümayəndə heyətləri və beynəlxalq ekspertlər iştirak edib.
Məlumat üçün qeyd edilməlidir ki, 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlığa qarşı İdarəsinin (UNODC) dəstəyi ilə təsis edilən mükafatın məqsədi korrupsiyaya qarşı mübarizənin vacibliyini təbliğ, BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Konvensiyasının implementasiyasını təşviq və bu sahədə nailiyyətləri ictimaiyyətə təqdim etməkdir.
Tədbir çərçivəsində Baş prokuror Qətər Dövlətinin Qanunun Aliliyi və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin (ROLACC) sədri və qeyd edilən mükafatın Himayəçilər Şurasının sədri Ali Al Marri arasında görüş keçirib.
Görüşdə ölkələrimiz arasında siyasi rəhbərliklər səviyyəsində dostluq münasibətlərindən qaynaqlanan yüksək dinamika ilə inkişaf edən qarşılıqlı əlaqələr vurğulanıb və korrupsiyaya qarşı mübarizə sahəsində təcrübə mübadiləsinin vacibliyi qeyd edilib, həmçinin birgə layihələr müzakirə olunub.
Səfər çərçivəsində Baş prokuror, həmçinin, BMT Baş katibinin terrorçuluqla mübarizə üzrə müavini Alexander Zuyevlə görüşdə tərəflər arasında qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər üzrə müzakirələr aparıb. Bundan başqa, Azərbaycanın terrorçuluqla, korrupsiyaya qarşı mübarizə ilə bağlı bir sıra təşəbbüslərinin BMT tərəfindən dəstəkləndiyi bildirilib.
Görüşlərdə ölkəmizin Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədov da iştirak edib.
Səfər çərçivəsində Baş prokuror Kamran Əliyev, həmçinin ölkəmizin Qətər Dövlətindəki səfirliyini ziyarət edib, səfirlik əməkdaşları ilə görüşüb.
Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Doha şəhərində fəaliyyətə başlayacaq BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Konvensiyasına Tərəf Dövlətlərin 11-ci Assambleyasında iştirak edəcəyi gözlənilir.