Beyləqan və Sabirabadda 600-dən çox bal toplayan məzunlarla görüş keçirilib - FOTO

18:14 - 9 Sentyabr 2025 - ÖLKƏ İÇİ

Beyləqan və Sabirabad rayonları üzrə ali məktəbə qəbulda 600-dən çox bal toplayan məzunlarla görüş keçirilib.

Ucnoqta.az xəbər verir ki, görüşlərdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili və müdir müavini Rabil Şahbazov, təhsil sektorlarının əməkdaşları, direktorlar, müəllimlər, məzunlar, valideynlər iştirak ediblər. 

Tədbirlər Dövlət Himninin səsləndirilməsi və Ulu öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edənlər yüksək bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmuş məzunları, onların müəllim və valideynlərini səmimi qəlbdən təbrik edib, yenicə qədəm qoyduqları müstəqil həyatda daha böyük uğurlar və xoşbəxtlik arzulayıblar. Həmçinin şəhid övladlarının da təltif edilənlər arasında olmasını xüsusi vurğulayaraq onların qələbəsinin ikiqat qürur mənbəyi olduğunu bildiriblər. Qeyd ediblər ki, ölkəmizdə təhsilin inkişafına göstərilən böyük dövlət qayğısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirir, bu sahədə əldə olunan uğurlar, qazanılan nailiyyətlər günbəgün artır. Hər il region üzrə 600-dən çox bal toplayaraq ali məktəblərə qəbul olan məzunların sayının artması dövlətimiz tərəfindən təhsilə göstərilən diqqətin bariz nümunəsidir.

Tədbir zamanı çıxış edən məzunlar, onların valideynləri və təhsil işçiləri gənclərlə görüşün təşkilinə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Məzunlar onlara bəslənən ümidləri əməli işləri ilə cavab verəcəklərini, elmin sirlərinə dərindən yiyələnərək vətənimiz üçün layiqli mütəxəssislər olacaqlarını bildiriblər.

 

Sonda məzunlar RİH başçılarının fəxri fərmanları ilə təltif ediliblər və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Beyləqan və Sabirabad Rayon Komitələrinin qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.


Xəbər xətti