Qohum nikahları və onun fəsadları mövzusunda təlim həyata keçirilib

19:10 - 12 Avqust 2025 - ÖLKƏ İÇİ

 Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ümidim Sənsən” Sosial İnkişafa Yardım ictimai birliyinin icra etdiyi “Sağlam nəsil üçün qohum nikahlarına son deyək” layihəsi çərçivəsində 9-11 avqust 2025-ci il tarixində Masallıda 3 günlük “Təlimçilər üçün olan təlim” (TOT) həyata keçirilib.

Təlimdə rayonun müxtəlif kəndlərində yaşayan 20 nəfərdən çox sosial aktiv və təhsil sahəsində çalışan gənclər, xüsusən də qızlar təmsil olunub.

Tədbirin proqramı və layihənin məqsədi, layihəni maliyyələşdirən donor təşkilat ilə bağlı birliyin sədri, layihə rəhbəri Fidan Abbaslı geniş məlumat verib. O, layihənin hədəflərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Layihə üzrə təlimçi Afiq Məlikov tərəfindən iştirakçılarla nikah hüququ, Azərbaycanda ailə dəyərləri, qohum nikahlarının yaratdığı sosial problemlər, qohum nikahlarının sosioloji fəsadları və s mövzularda məlumatları bölüşüb və müzakirələr aparılıb. Təlim zamanı müxtəlif qrup işləri kimi fəaliyyətlər də icra edilib. Digər təlimçi Astara rayon Mərkəzi Xəstəxanasının psixoloqu Fərrux Əliyev də iştirakçılarla qohum nikahlarının psixoloji aspektlərini müzakirə edib, qohum nikahları və onların doğurduğu genetik xəstəliklər və digər praktiki misallarla çıxış edib. Təlim zamanı, təqdimatlar, fokus qrup müzakirələri, interaktiv qrup işləri həyata keçirilib, mövzuya uyğun videoçarxlar təqdim olunub, iştirakçıların mövzu barədə fikirləri dinlənilib.

Tədbirin sonunda iştirakçılar oxşar mövzularda təlimlərin cəmiyyət üçün əhəmiyyətini qeyd edib, gələcəkdə qohum nikahlarının fəsadlarını nəzərə alaraq belə evliliklərə qarşı mübarizə tədbirlərinin aparılmasının vacib olduğunu vurğulayıblar. Yekunda iştirakçılara sertifikatlar təqdim edilib.

Təşkilatdan verilən məlumatda o da bildirilib ki, təlimdə iştirak edən gənclər ətrafında olanlar üçün müxtəlif məlumatlandırma görüşləri təşkil edəcək və sosial şəbəkələrdə qohum nikahları əleyhinə müxtəlif formada təbliğat xarakterli yazılar paylaşmağı hədəf götürüblər.

Qeyd edək ki, layihənin əsas məqsədi ictimaiyyət arasında qohum evliyinin qarşısının alınması istiqamətində maarifləndirmə tədbirlərini həyata keçirtməklə belə evliliklərdən yarana biləcək xəstəliklərin qarşısının alınmasına nail olmaq və sağlam gəncliyin formalaşmasına töhfə verməkdən ibarətdir.


Xəbər xətti