Pakistan Hindistan və Pakistan arasında gərginliyin azaldılmasında vasitəçilik roluna görə ABŞ prezidenti Donald Trampı 2026-cı il Nobel Sülh Mükafatına namizəd göstərib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Pakistan Baş Nazirlik Dəftərxanası Trampın intensiv diplomatik səylərinin iki nüvə dövləti arasında genişmiqyaslı qarşıdurmanın qarşısını aldığını qeyd edib.
“Tramp təkcə atəşkəsi təmin etməklə kifayətlənmədi, həm də milyonlarla insanı təsir edə biləcək dağıdıcı müharibənin qarşısını aldı” - bildirilir.
Açıqlamada vurğulanıb ki, Trampın Hindistan və Pakistanla intensiv diplomatik təmasları sülh yolu ilə həll və dialoqa yönəlmiş yanaşmanı əks etdirir.
Həmçinin Trampın Kəşmir məsələsində səmimi vasitəçilik təkliflərinin təqdir edildiyi bildirilib. Kəşmir məsələsinin Cənubi Asiyada daimi sabitliyə ən böyük maneə olduğu və problemin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) qətnamələri əsasında həll edilməli olduğu bildirilib.
Pakistan bəyan edib ki, Trampın Hindistan-Pakistan böhranında liderliyi praqmatik diplomatiyanın və effektiv sülh quruculuğunun davamı olub. Həmçinin Trampın Yaxın Şərqdə Qəzza və İrana hücumlar kimi böhranlarda qlobal sabitlik üçün konstruktiv rol oynayacağına ümid edilib.