Talassemiyalı uşaqların müalicəsi üçün verilmiş pulları ələ keçirməkdə ittiham olunan şirkət rəhbəri Nuridə Seyidova və işçiləri Aynur Bayramova ilə Aysel Məmmədovanın məhkəməsi davam edir.
Ucnoqta.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda Nuridənin sürücüsü işləmiş Füzuli Rəhimov şahid qismində ifadə verib.
Rəhimov deyir ki, aylıq 700 manat maaş alıb, bir neçə dəfə Nuridənin tapşırığı ilə bankda xarici valyuta dəyişib.
Prosesin davamında iş üzrə əsas şahidlərdən biri - Nuridə Seyidovanın köməkçisi işləmiş Toğrul Kərimov da ifadə verib. Toğrul əsasən şirkətin mühasibatlıq işləri işə məşğul olub. Əvvəl dindirilən zərərçəkmişlərdən də bir neçəsi pulları şirkətdə Toğrul vasitəsilə Nuridəyə çatdırdıqlarını demişdi.
Şahid həmin pulların hamısını Nuridəyə təhvil verdiyini, özünün mənfəət güdmədiyini bildirib: "Nuridə mənə aylıq 400 manat maaş verib. Aysellə Aynur da orada həkim işləyiblər. Onlar xəstələri qəbul ediblər. Aldıqları pulları mənə versələr də, mən hamısını Nuridəyə çatdırmışam. Müdir mənə nə deyibsə, onu etmişəm. Deyib ki, filankəs pul göndərib, get onu çıxar, gətir. Pulları da çekləri ilə birlikdə Nuridəyə vermişəm. Amma belə pulların gətirilməsi halları çox olub”.
İstintaq materiallarında qeyd olunur ki, təqsirləndirilənlər gördükləri işlərin və qazandıqları pulların hesabatını verməyiblər. Bununla da onlar vergi verməkdən yayınıblar.
Məhkəməyə sədrlik edən hakim Azad Məcidov şahiddən bu məsələyə aydınlıq gətirməsini tələb edib:
"Alınan pullardan dövlətə 1 manat da vergi verilməyib. Burada yüz minlərlə məbləğdən söhbət gedir. Mən müstəntiq olsaydım, səni məsuliyyətə cəlb edərdim. Ona görə ki, pulları sən almısan, həm də dollar şəklində... Bu, özü də qanunsuzdur, çünki Azərbaycanda pul vahidi manatdır və onunla iş görülməlidir. Biləsən ki, bunların hamısı cinayət məsuliyyəti yaradır”.
Nuridə isə alınan pulların hamısını klinikalara köçürdüklərini bildirib. Qeyd edib ki, Mərkəzi Gömrük Hospitalına, Mərkəzi Klinika və xarici klinikalara köçürmələr barədə əlində qəbzlər var.
Növbəti iclas aprelin 2-si keçiriləcək.
Qeyd edək ki, iş üzrə 36 nəfər zərərçəkmişə 1 milyon manata yaxın zərər dəyib. Onlardan çoxu talassemiyalı uşaqların valideynləridir.