Müəllim sözü çox böyük söz, ən ali peşədir. Pafoslu səslənsə belə, həqiqətən də qarşısında səcdə ediləcək qədər böyük söz və şərəfli peşə. Öz payıma - qazana bildiyim bütün uğurlarıma görə ilk minnətdarlığım müəllimlərimə olub, həmişə də belə olacaq. Şansım gətirib müəllim sarıdan. Biz nə MÜƏLLİMLƏR görmüşük...
Ucnoqta.az xəbər verir ki, bunu tanınmış jurnalist Əzizə İsmayılova Elm və Təhsil Nazirliyinin mətbuat nümayəndələri ilə bağlı hazırladığı videoya cavab olaraq sosial şəbəkə hesabında yazıb.
"Bu gün hər kəsdə müəllim diplomu ola bilər, hər kəs o ada görə maaş ala, pul da qazana bilər, amma hər kəs əsl müəllim ola bilməz.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin güya ki, media nümayəndələrinin ünvanına "söz atma" aqressiyası ilə yoğurulan o bir neçə saniyəsini gördüyüm səhnə (bir neçə saniyəsinə baxdım -bilmirəm kinodur, rolikdir, nədir) bir daha sübut etdi ki, məktəblərdə vəziyyət necə acınacaqlıdır. Təqdim etdikləri obraz müəllim deyildi, sanki kinolarda gördüyümüz, dustaqların üstündə durub eqosunu sübut etməyə çalışan "nadzor" idi. Hay, küy, qaraqışqırıq, aqressiya... Bir o qalmışdı jurnalı çırpsın qarşısındakının təpəsinə.
Yanına gələn adamla dəhlizdə "razborka" quran, şagirdləri də başına toplayıb, görün indi müəlliməniz nə konsert çıxaracaq deyə səsini başına atan adam müəllim ola bilməz.
Jurnalistə, "gəl sənə imla yazdırım görüm yaza bilirsənmi?" sualını jurnalist olub qarşına çıxanda verməzdi əsl müəllim. İmla yaza bilmədiyinə əmin olduğu şagirdinin jurnalist kimi qarşısında durmasından utanardı, xəcalət çəkərdi əsl müəllim. Çünki öz əsəri ilə üz-üzə durub. Emin Amrullayev necə demişdi?- Müəllim var ki, #şaftalı sözünü yaza bilmir.
Elə həmin müəllimlər idi ki, qruplarda nazirlərini top atəşinə tutmuşdular. Eynən bu çəkilən kadrdakı kimi küçədə savaşırlarmış kimi. Elə həmin müəllilərdir ki, votsap qruplarında valideyn komitələrinin arxasına keçib onların əli ilə tiranlıq edirlər...
Həmin müəllimlərdir ki, jurnalistlərə "filan şeyi işıqlandırın, amma mənim adım olmasın" deyə boğaz tuturlar.
Amma bu çəkilən hər nədirsə, ortaya çıxması əla oldu. Sosial şəbəkələrdə müəllim imicinin korlanmasına xidmət edən hər şeyin əslində nə qədər real olduğunu bir daha özləri sübut etmiş oldular.
Təqdim etdikləri müəllim obrazı elə jurnalistlərin illərdir təqdim etdiyi problemlərin vahid simasıdır - tiran, qaraqışqırıqçı, şoumen, iki sözü yan-yana deyəndə səsini başına atan, sözləri belə düzgün tələffüz edə bilməyən... Hələ jurnalistlə belə danışan müəllimin valideynlə necə danışdığını təsəvvür etmək o qədər də çətin deyil.
Bravo, bu ssenarini yazana da, çəkənə də, oyanayana da. Jurnalistlərin nə qədər haqlı olduğunu sübuta yetirdiniz. Çox sağ olun".