Uşaqlığını harda itiribsənsə, ora sənin vətənindir (Çingiz Aytmatov)
Günlərin bir günü şeytanın ayağını qırıb dağlara, Kldekari (Haçaqaya) həndəvərlərində yerləşən Çuluxlu elinə yollandım. Dayım Hasan kişinin evinə təşrif buyurdum. İki mərtəbəli evi vardır. Torpaq yurdlarının yanında özünə sonralar daşdan tikdirmişdir. Kəndin ortası hesab olunur. Evin alt qatında olurdular. Yatmaq vaxtl üst qatına çıxırdılar. Evə girəndə dayım uşaqları üstünə tökülüşdülər. Sonra eşidən qonum-qonşu da gəldi..Hamısı ilə görüşdüm, hal-əhval tutduq. Dedilər ay etibarsız, bizim günahımız varsa, dili -ağzı olmayan dağların nə günahı…Deməyə söz tapa bilmədim. Bayıra çıxmaq istədim. Dayım kətildə oturaraq çəçıl, pendir-çorək ilə və bir də xımı ilə buğda arağı içirdi.
– Dayan dedi, geri dön, hara gedirsən, get, olacağın yer çox olar, duracağın bura olmalıdır, baba yurdu. Dayıma bir söz deyə bilmədim. Alçaqboylu olmasına baxmayaraq, dayım tərpənəndə, yeriyəndə ağır-sanballı idi, şəstli-bəstli idi. Qatıdıb yanındakı kətillərdən birində oturdum. Mənə araq süzdü, buğda arağıdır, dağın o tərəfindən osetinlər gətirib,- dedi.
Bacıöğu, xoş gəlibsən, hər şeyə fikir vermə. O boyda uzaq yoldan gəlibsən, bunun özü, bilənə az iş deyil. Badəni toqqaşdırdıq və içdik.
Mən də onu kimi çəçildən-pendirdən, xımıdan bir çimdək götürdüm. Dayım fikrə getmişdi, handan-hana gözünü qıyaraq sözə başladı. A bala dedi, -bizim yurd, kəndin ortası olub, indi də elə sayılır.Əsil yurdu atamın adını daşıyan oğlum Musaya verdum. Bu eldə ilk yurd salanlardan biri mənim ulu babam olub. Culuq babam. Ona görə bizə də Çuluq evi də deyirlər.Kəndin aşağı hissəsi tatlar, kürtlər məhəlləsi adlanır. Qurban kişinin saldığı körpüdən bir az oyana çay boyu Şəriflilər məhləsi başlayır. Üst yanı Məmmədlər, Heydərlər, Alpaşalar, İsmayıl öyü və sair. Zatən atası Musa kişi də ona nələrisə danışmışdı. Nələrisə bilirdi.
Doğrusu, dayım, uzun-uzadı danışmağı sevməzdi. özünü öyməzdi. Nə isə, uşaq vaxtları yaşlılardan eşitmişdim ki, babam Musa kişini osetinlər bir baltanın üstündə öldürüblərmiş. Bu dağların o tərəfindən, osetinlərin yaşadığı rayona aid olan meşəlikdən isrəfillik, kərənlik şam ağacı kəsib gətirərdilər. Onlar yaş kəsməli olurdular. Meşədən yaş ağac kəsmək bir qayda olaraq qadağan idi. Meşəbəyi ilə dil tapa bilməyənlər xatadan sivişə bilmirdilər. Üstünə tökülən bir neçə osetin baltasını verməyən babamı qətlə yetirmişdilər. İlk bağışdan bu adi hal olsa da, o zamanlar balta yaraq idi, namus idi. Versə idi, suyu süzülə-süzə kəndə necə gələcəkdi. Lap tutaq ki, bir təhər şər qarışanda gəldi, bəs, səhərisi camaatın üzünə necə çıxacaqdı. Kəndin içi ilə necə dolanacaqdı.
Odur ki, ölərəm, vermərəm, – demişdi. Kəndin o başında ağzıgöyçəklər demişdi, bir baltadan ötəri özünü gudaza verdi. Axı, yenə deyirəm, balta yaraq olduğuna görə, namus idi, verməzdi, nə qədər canında can var idi. Yeri gəlmişkən, özünün dar düşüncəsi üçün hər şeyi verənlər də vardır. Bu cür düşünənlər də vardır. Nə isə, evdən çıxıb, köhnə və təzə qəbiristanlığın arasındakı yol ilə irəliləyərək Ziyarətin döşünə doğru yönəldim. El arasında belə deyirlər. Əslində “Aya Konstantin” kilsəsidir.
Bu kilsəyə dini bayramlar günü qonşu Gərək, Bayburt, hətta Beştaşen kəndlərində yaşayan yunanlar bir qayda olaraq ziyarətə gələrdilər. Kəndin içindəki kilsə, müqəddəs Nikoloz kilsəsi özünün meqalit, sal qayaları ilə, daşları ilə ilk baxışdan diqqəti cəlb edir. Tanınmış alim Leon Melikset-beq özünün 1938-ci ildə nəşr etdirdiyi “Gürcüstanda meqalit mədəniyyəti” kitabında bu barədə söhbət açır. Xeyli yoxuşu var, asta-asta, nəfəsimi dərə-dərə təpəni dırmandım. Halbuki, uşaqlıq illərində bu doş, bu yoxuş mənim üçün ayrı bir aləm idi. “Qış gələndə sevinirdik. Ətrafı dümmağ qar bürüyür, çaylar buz bağılayırdı. Bizim yerin ayağından çay axırdı. Bu çay da donurdu. İki cür xizək qayırıdıq. Çay üzündə sürüşmək üçün iki dənə kərənləri bir birinə birləşdirən qarmağı müəyyən ölçüdə taxtaya sancırdıq. Üstündən də taxtalar düzür, koralayırdıq.
Onun daha yaxşı olması üçün böyüklərə ağız açırdıq. Müəyyən dekoratif əməliyyatdan sonra xizək hazır olurdu. İki dənə də başı əyilmiş, yəni əl tutmaq üçün, ucları itilənmiş məftil düzəldirdik ki, bundan sonra da çayın üzərində o yan-bu yana gəzə bilə idik. O biri xizək isə tamamilə taxtadan idi. Onun böyüyünü də görmüşdüm. At arabası kimi. Ata qoşaraq qonşu kəndə, rayona onunla gedirdilər. Biz isə ziyaratın döşünə bir təhər min əzabla dırmanır, sonra oradan xizəyə minərək düz qəbiristanlığın yoluna kimi sürüşürdük. O qorxulu yerə gələndə iki ayağımızı xizəyin önünə dirəyirdik ki, yıxılmayarq, təpədən uçmayaq. Bunu təkrar-təkrar edirdik. Və böyük zövq alırdıq. İndi həmin yerlər şamlıqdır. Ora sonralar şam ağacı basırdılar, böyük meşəlik olub. Amma mənim xatirəmdə dünyanın ayağımın altında qaldığı yoxuşdur. Yaddaşımın bir guşəsində mürgüləyən yoxuş. Və çox sərgüzəştləri özündə qoruyub saxlayan ziyaratın döşü”… Ziyaratın içinə girdim. Uşaq vaxtı bura tay-tuşlarımla gəlirdik. Oyuqlarda, bacada, böyük sütunun qıraqlarında xırda pullar olurdu. Mənim yaddaşımda qalmışdı, eşitdiyinə görə o xırda pulları götürən ölür. Odur ki, bu işə mən yaxın durmurdum, Tay-tuşlarım əldə etdikləri “qəniməti” öz aralarında bölürdülər.
Kilsənin ortasında böyük daş var. Bunu bu qədər yüksəkliyə necə gətiriblər və necə ucaldıblar. Bu, ilk baxışda insanda maraq doğurur. Ağla sığmaz işdir. Məndən böyük olanlar bir neçə öküzün köməyi ilə onun xramdan gətiriıldiyini danışırdılar. Dəstə olaraq bura gələn uşaqlar ağacın gövdəsi sayağı bu sütunu qucaqlayırdıq, sanki ölçürdük. Yunanlar, eləcə də gürcülər onu menhir adlandırır. Əslində bu söz beynəlxalq sözdür, fransız dilində men daş, hir uzun deməkdir. Torpağa basırılmış uzun daşlar, ayrıca olaraq və kompleksin tərkib hissəsi olaraq hesab olunur. Dəqiq təyinatı məlum deyil.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, bu daşlar bütün dünyaya yayılır, müxtəlif ölçüdə, vahid və qrup şəklində qurulub. Avropada, Afrikada və Asiyada bunlara rast gəlmək olur. Lakin ən çox Qərbi Avropadadır. Onlar cəmiyyətin inkişafının ən qədim tarixin müxtəlif dövrlərində inşa olunmuş və böyük meqalit mədəniyyətinin bir hissəsini təşkil edir. Bu da Avropada və onun hüdudlarından kənarlarda da təşəkkül tapırdı. Nə isə, kilsədən çıxıb onun həndəvərlərini dolandım. Kilsənin aşağı tərəfində kəndin qoyun sürüsünü otaran bir çobanın xınalı daşların birində oturub əlindəki çomağa çənəsini dirəyib gözünü uzaqlara, sonsuzluqlara zilləmişdi. Yanında it var idi. Yanına getmək istədiyimi işarə ilə ona anlatmağa çalışdım. İtə təpindi. Çəkinə-çəkinə yanına getdim. Salam verdim, salamımı aldı. Otur, bajıoğlu dedi. Dayım yadıma da düşdü. O da belə bir nəvazişlə mənə müraciət edirdi. Sağ çiynindən asdığı yığılmış və səliqə ilə bağlanmış bürüncəyi geri elədi. Gödəkcənin iç tərəfdən döş cibindən siqaret portmanını çıxartdı,- Deyəsən, buralı deyilsən, gəlməsən, bizimkilər o ziyarata girmir. Şəhərdən gələn bilim adamı, turist bu kilsəyə təştif buyurur, – dedi, və portmandan əli ilə yuxa kağıza tənbəkini bükərək hazırladığı siqaretlərdən birini çıxartdı, dodağına doğru apardı. Cibimdə olan bahalı siqaret qutusunu çıxarıb birini ona uzatdım, elələri sinəmə yatmır, sağ ol, bajıoğlu, buna öyrəşmişəm, tütünü Trabzon tütünüdür, -deyib siqareti yandırdı. Fikir verdim, siqaret tutduğu barmaqlarının arasına və bir də ağarmış bığlarının ortasına elə bi xna qoyulmuşdu, elə saralmışdı. Siqaretdən ürəkdən bir qullab vuraraq ehmalca portmanını cibinə qoydu. Üzümə diqqətlə baxaraq sözə başladı. Elə bil özünə çənə yoldaşı tapmışdı. İçini boşaltmaq üçün əlinə girəvə düşmüşdü.
– Bu kəndləri görürsənmi, bizim rayona, Zalqa rayonuna baxır. El arasında yunanlar onu Barmaqsız adlandırırlar. Görünür, Osmanlıda yaşadıqları yerin adlarını bura gətiriblər. Məsələn, Beştaşen, Bayburd, Gərək, Qarakom, Başköv, Təkkilsə, Yeddikilsə, Qızılkilsə, Dərəkov və sair. həmsöhnətim siqaretindən daha bir qullab vuraraq fikrə getdi…
Mirzə Məmmədoğlu Maşov
(davamı var)
