Ermənistan tərəfi Zəngəzur bölgəsindən keçən Gorus-Qafan avtomobil yolunun bağlı hissələrinin açılması ilə bağlı üçtərəfli danışıqların dünən gecə yekunlaşdığını bildirib.
Ucnoqta.az Modern.az-a istinadən xəbər verir ki, Qafan şəhərinin meri Gevorg Parsyanın sözlərinə görə, yol hələ açılmayıb. Rusiya sərhəd qüvvələrinin Azərbaycan tərəfi ilə apardığı danışıqlar nəticəsiz bitib.
Ermənistan üçün həyati əhəmiyyətli yolun açılıb-açılmayacağına dair danışıqların nəticə vermə ehtimalını Parsyan şərh etməyib.
Ermənistan tərəfi iddia edir ki, azərbaycanlı hərbçilər avqustun 25-i gecə saat 23:00-dan etibarən Gorus-Qafan avtomobil yolunu iki yerdən bağlayıblar,
Bu, Qafan-Gorus yolunda bir azərbaycanlı sərhədçiyə edilən hücum barədə məlumatlardan sonra baş verib. Məlumatlara görə, İrandan Ermənistana gələn maşınlar da hələ ki yol kənarında qalıb.
Ermənistan tərəfi bildirir ki, Gorus-Qafan avtomobil yolu Ermənistan-İran sərhədinə çıxdığından nəinki regional, həm də dövlətlərarası əhəmiyyətə malikdir.
O da qeyd olunur ki, dünən Tehran-İrəvan-Tehran marşrutu ilə hərəkət edən sərnişin avtobuslarının reysləri də ləğv edilib.
