26 iyun Azərbaycanda Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Bu il Silahlı Qüvvələr Gününü ötən illərdən daha təntənəli və qürurlu şəkildə qeyd edirik. Bunun da səbəbi otuz ilə yaxın bir müddət ərzində işğal altında olan torpaqlarımızın öz azadlığına qovuşması və artıq o torpaqlarda bərpa və quruculuq işlərinin başlanmasıdır.
Ordu dövlət müstəqilliyinin və ölkənin ərazi bütövlüyünün əsas qarantı hesab edilir. Hər bir xalq öz ordusunu inkişaf etdirmək və ölkəsinin müdafiə qabiliyyətini gücləndirmək üçün əzmlə çalışır.
Əsası hələ 1918-ci il Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri bu gün də qorunub saxlanılır və inkişaf etdirilir. Son illər doğma ordumuz böyük inkişaf yolu keçib. Bu gün hər birimiz fəxr edirik ki, ulu öndərimiz tərəfindən bünövrəsi qoyulmuş ordu quruculuğu siyasəti hazırda təcrübəli siyasi lider olan Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev tərəfindən konseptual şəkildə davam etdirilir. Son on illiklərə nəzər yetirəndə başa düşürük ki, ölkənin bütün həyatında özünü göstərən geniş quruculuq işləri ordu sahəsini də əhatə edib. Bunun nəticəsidir ki, ordumuz torpaqlarımızın işğaldan azad edilməsi kimi böyük tarixi missiyanın öhdəsindən uğurla gəldi.
Heç şübhəsiz ki, bu böyük qələbədir və bu anları bizə yaşadan Müzəffər Ali Baş Komandana, həmçinin rəşadətli Azərbaycan ordusuna təşəkkür edir, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə cansağlığı diləyirik.
Vətən müharibəsi dövründə “İrəli” İctimai Birliyi həm ön, həm də arxa cəbhədə öz vəzifə borcunu layiqincə yerinə yetirmişdir. Belə ki, müharibə dönəmində ondan çox “İrəli” gənci döyüşlərdə iştirak etmiş, yüzdən çox gəncimiz isə informasiya cəhbəsində qələbənin qazanılmasında öz töhfələrini vermişlər. “İrəli” komandası olaraq, bundan sonra da gənclərdə vətənpərvərlik hissinin aşılanması və gənclərimizin bu ruhda tərbiyə alması sahəsində layihələrimizi həyata keçirəcəyik.
Fürsətdən istifadə edərək, ordumuzun bütün şəxsi heyətini 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edir, ordumuza qələbələr, xalqımıza isə daim qələbə sevinci yaşamağı arzu edirik!
Əfsanə Şükürova
“İrəli” İctimai Birliynin Mətbuat katibi
