"Bir müddət öncə Milli Hematologiya və Transfuziologiya Mərkəzində müalicə alan balaca Həsəni ziyarət etmişdim. Söhbət əsnasında ailənin çətinliklə üzləşdiyini, Həsənin hələ azı il yarım Bakıda xəstəxanada qalmalı olduğunu, atası Bəxtiyarın isə Biləsuvarda mühafizə polis nəfəri kimi çalışdığı və uşağı Bakıda qoyub rayona gedə bilmədiyi üçün məcburən işdən çıxmağı planlaşdırdığını öyrəndim."
Ucnoqta.az xəbər verir ki, bu barədə millət vəkili Bəhruz Məhərrəmov deyib:
"Bir neçə gün öncə Daxili İşlər Naziri cənab Vilayət Eyvazovla telefon danışığımızda bu məsələ barədə ona bəhs etdim. Vilayət müəllim dərhal Bəxtiyarın iş yerinin , xəstəxananın yerləşdiyi paytaxt rayona dəyişməsi barədə tapşırıq verdi.
Bu gün videoformatda Bəxtiyarla əlaqə saxladım, artıq sənədləşmə bitmək üzrədir və o yeni işinə başlamağa hazırlaşır. Xeyirli olsun, ümid edirəm tezliklə balaca Həsənin müalicəsi bitər, ailə də yenidən döğma Biləsuvara dönər.
Fürsətdən istifadə edib, həssaslığa və yüksək diqqətə görə isə cənab Vilayət Eyvazova xüsusi təşəkkür edirəm, əsl vətəndaşlıq mövqeyi göstərməklə bu ailəyə sanki ikinci şans verdi."
