Azərbaycan vətəndaşları dövlət orqanlarına seçmək və seçilmək hüququ var

18:20 - 12 Fevral 2020 - KİVDF

Onlar seçkilərdə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə iştirak edirlər

"2020-ci il fevralın 9-da Milli Məclisəinə növbədənkənar seçkilər keçirilib. Seçkilər Azərbaycan Konstitusiyası, Seçki Məcəlləsi və Azərbaycanın beynəlxalq öhdəliklərinə tam uyğun olaraq baş tutub". Bu barədə Milli Məclisə keçirilən seçkilər ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib. "Ölkə boyu 5573 seçki məntəqəsi yaradılıb və Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına əsasən seçicilərin 47.81 faizi səsvermədə iştirak edərək öz səsvermə hüququndan istifadə edib.
Ermənistan təcavüzü nəticəsində Azərbaycanda mövcud 125 seçki dairəsindən 7-nin ərazisinin tamamilə, 3-nün isə qismən işğal edilməsi səbəbindən, həmin ərazilərdən didərgin salınmış daxili məcburi köçkünlərin konstitusion səsvermə hüquqlarından istifadə etmələri üçün ölkə boyu 523 seçki məntəqəsi yaradılıb. Bu, həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının 29 yanvar 2020-ci il tarixli aralıq hesabatında əks olunub.

Azərbaycanın işğal olunmuş ərazilərindən olan və doğma yurdlarında səsvermədən məhrum olan məcburi köçkünlərimiz öz səsvermə hüquqlarını onlar üçün təşkil edilmiş bu seçki məntəqələrində həyata keçiriblər. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması Xankəndi və Şuşa seçki dairələri üzrə rəqabətli seçkilərdə iştirak ediblər və beləliklə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin seçilmiş nümayəndələrini təşkil edirlər. Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki erməni mənşəli Azərbaycan vətəndaşları Mərkəzi Seçki Komissiyası, eləcə də Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması tərəfindən parlament seçkilərində səsvermədə iştiraka dəvət olunub.

Qeyd edək ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәrində 1314 nəfər namizəd iştirak edib. Səsvermə hüququna malik 5 212 902 nəfər seçicidən 2 547 982 seçici səs verib. Seçici fəallığı 47.81 faiz təşkil edib.  Bu, qanunla necə tənzimlənir? Azərbaycan Respublikasının Konstitusiyasının 56-cı maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ var. Seçki Məcələsinin 2-ci maddəsində bildirilir ki Azərbaycan Respublikasının vətəndaşları seçkilərdə və referendumda ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə iştirak edirlər. Onların iştirakı azad və könüllüdür. Seçkilərdə və ya referendumda iştirak edib-etməməyə məcbur etmək məqsədi ilə heç kəsin Azərbaycan Respublikası vətəndaşına təzyiq göstərmək hüququ yoxdur və heç kəs onun öz iradəsini azad ifadə etməsinə mane ola bilməz.  

Bu məcəllənini 3-cü maddəsi ilə  ümumi seçki hüququ tənzimlənir. Bu maddəyə əsasən, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək hüququ var.  4-cü maddədə isə qeyd edilib ki, vətəndaşlar seçkilərdə və referendumda bərabər əsaslarla iştirak edir, hər bir səsvermə zamanı hər bir vətəndaşın bir səsi var, vətəndaşların hər bir səsi eyni hüquqi qüvvəyə malikdir.  Seçki Məcələsinin 5.2 maddəsində qeyd edilib ki, başqa şəxslərin yerinə səs vermək qadağandır. Başqalarının əvəzinə səs verən və ya bunun üçün şərait yaradan vətəndaşlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və ya İnzibati Xətalar Məcəlləsində göstərilən məsuliyyətə cəlb olunurlar.

Aydındır ki, seçkilər zamanı səsvermə gizli olmalıdır, bu isə seçicilərin iradəsinin ifadəsi üzərində hər cür nəzarəti istisna etməlidir (6-cı maddə).
Seçkilərdə indiyədək parlament seçkilərində qeydə alınmış ən yüksək sayda - 1314 namizəd mübarizə aparıb və bu da namizədlərin qeydiyyatı prosesinin əhatəli və ədalətli olduğunun, eləcə də rəqabətli seçki mühitinin göstəricisidir. Namizədlər isə öz təşəbbüsləri ilə və ya bilavasitə seçicilər tərəfindən irəli sürülə bilər. Namizədlərin siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən də irəli sürülməsi qanunvericilik tərəfindən tənzimlənir. Seçki Məcəlləsinin 53-cü maddəsi namizədlərin öz təşəbbüsü ilə və ya bilavasitə seçicilər tərəfindən irəli sürülməsini özündə əks etdirir. Bu maddədə bildirilir ki, namizəd öz təşəbbüsü ilə və ya aktiv seçki hüququ olan seçicilər tərəfindən irəli sürülə bilər, o şərtlə ki, ərazisində namizədin dəstəklənməsi üçün zəruri olan imzaların yığıldığı və namizədin qeydə alınmasının nəzərdə tutulduğu müvafiq seçki komissiyasına bu barədə bildiriş göndərilsin. Beləki, namizəd və ya namizədi irəli sürən seçicilərin təşəbbüs qrupu öz təşəbbüsü barədə müvafiq seçki komissiyasına yazılı bildiriş verir. Bildirişdə namizədi irəli sürən hər bir təşəbbüsçünün və namizədin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi, bundan başqa, irəli sürülən namizədin əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda — fəaliyyət növü) göstərilir “53.2). Bu Məcəllənin 53.2-ci maddəsində göstərilən bildirişlə birlikdə namizədin seçkili dövlət və ya bələdiyyə orqanında seçkili vəzifəyə seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyinə dair yazılı öhdəliyi olan ərizədə göndərilir. Bu ərizədə onun tərcümeyi-halına aid məlumatlar (soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, əsas iş və ya xidmət yeri (bu olmadıqda — fəaliyyət növü)) göstərilir. Namizədlərin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, ərizədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi, namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa, xarici ölkənin müvafiq qanununun adı göstərilməlidir. Namizədin ərizəsində Azərbaycan Respublikasının vətəndaşlığı haqqında məlumatla yanaşı, xarici ölkə vətəndaşlığının və başqa ölkələr qarşısında öhdəliklərinin olub-olmaması da göstərilməlidir (53.3).

Müvafiq seçki komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır və namizədə, onun səlahiyyətli nümayəndəsinə namizədliyin müvafiq seçki dairələri üzrə irəli sürülməsini təsdiq edən qərarı, həmçinin seçicilərin imzalarının toplanması üçün imza vərəqələrini təqdim edir. Müvafiq seçki komissiyası təqdim olunmuş sənədlərin qəbul edilməsindən imtina edə bilməz. İmza vərəqələrini götürən namizəd və ya onun səlahiyyətli nümayəndəsi hər imza vərəqəsinin aşağı künc hissəsində imza qoyur.   Namizədin irəli sürülməsinin təsdiq olunmasından imtina edilməsi üçün əsas yalnız bu Məcəllənin 53.2 və 53.3-cü maddələrində göstərilən sənədlərin lazımi qaydada rəsmiləşdirilməməsi və ya namizədlərin irəli sürülməsinin bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydasının pozulması ola bilər. Səhvlər və pozuntular müvafiq sənədlərdə namizəd tərəfindən düzəlişlərin edilməsi yolu ilə aradan götürülə bilərsə, müvafiq seçki komissiyası bu Məcəllənin 53.6-cı maddəsində göstərilən müddətdə namizədi bu haqda xəbərdar edir və onun tərəfindən müvafiq düzəlişlər edildikdən sonra namizədin irəli sürülməsini təsdiqləyir.

Namizədlərin siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli sürülməsi isə 54-cü maddə ilə tənzimlənir. Bu maddəyə əsasən, namizədin irəli sürülməsi haqqında qərarı siyasi partiya öz nizamnaməsinə uyğun olaraq qəbul edir. Belə qərar kollegial qaydada səsvermə yolu ilə qəbul edilməlidir.. Siyasi partiyaların bloku tərəfindən irəli sürülən namizəd bloka daxil olan hər bir siyasi partiya tərəfindən təsdiq edilir. Siyasi partiyaların blokları tərəfindən namizədin irəli sürülməsi haqqında qərar siyasi partiyaların nümayəndələrinin iclasında (qurultayında, konfransında, rəhbər orqanının iclasında) qəbul edilir. Siyasi partiyaların bu səlahiyyətli nümayəndələri partiyaların qurultayında (konfransında, rəhbər orqanının iclasında) müəyyənləşdirilir. Namizədin irəli sürülməsi barədə siyasi partiyanın, siyasi partiyalar blokunun qərarı protokolla rəsmiləşdirilməlidir.  Seçki komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır, müvafiq seçki dairəsi üzrə irəli sürülmüş namizədin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərar qəbul edir və siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə bu barədə məlumat verir. Müvafiq seçki komissiyası təqdim olunmuş sənədlərin qəbul edilməsindən imtina edə bilməz. Seçki komissiyası namizədin təsdiq olunması barədə qərar qəbul etdikdə, həmin qərarı və seçicilərin imzalarının toplanması üçün imza vərəqələrini siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə təqdim edir. İmza vərəqələrini götürən səlahiyyətli nümayəndə hər imza vərəqəsinin aşağı künc hissəsində imza qoyur.

(ardı var)

Xəbər xətti