Azərbaycan Çinə uçuşları müvəqqəti dayandırır

13:13 - 27 Yanvar 2020 - Xəbər

Bakıdan Çinin paytaxtı Pekin şəhərinə birbaşa sərnişin aviareysləri üzrə uçuşlar müvəqqəti dayandırılıb.

“A​zərbaycan Hava Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski “Qafqazinfo”nun sorğusuna cavabında bildirib ki, hər il fevral ayında “Azərbaycan Hava Yolları” Bakı-Pekin-Bakı marşrutu üzrə reyslərin həyata keçirilməsini müvəqqəti olaraq dayandırır.

Qurum rəsmisi reyslərin dayandırılmasını sözügedən ölkədə bayramlarla bağlı tələbatın aşağı düşməsi ilə əlaqələndirib: “Beləliklə, əvvəlki illərdə olduğu kimi, fevral ayından Çinin paytaxtına reyslər dayandırılacaq və martın 8-dən başlayaraq yenidən fəaliyyətə başlayacaq”.

Məlumat üçün bildirək ki, “China Southern Airlines” şirkəti ölkədə yayılmış koronavirus səbəbindən Quançjou-Bakı-Quançjou üzrə uçuşları dayandırdığını bildirib. Bundan başqa, Çin hökuməti bəzi bölgələr üzrə ölkəyə giriş və çıxışa məhdudiyyətlər qoyub.

Xatırladaq ki, Çində 80 nəfər koronavirusdan ölüb, virusa yoluxanların sayı isə 2794 nəfər təşkil edir.

Xəbər xətti