Uşaqların mənəvi inkişafında mütaliə əhəmiyyətli rol oynayır

18:23 - 10 Oktyabr 2019 - KİVDF

Əhməd Qəşəmoğlu: “Təhsil sistemimiz elə qurulmalıdır ki, uşaqlarımız çoxlu mütaliə edə bilsin”

Mütəxəssislər hesab edir ki, kitab oxumaq vərdişi insanlarda körpəlikdən formalaşdırılmalıdır. Çünki kitab uşağın zehni, sosial, mənəvi və dil baxımından inkişafında əhəmiyyətli sayılan vasitələrin ən əsasıdır. Ona görə də erkən yaşlardan kitaba maraq oyatmaq uşağın yaradıcı təxəyyül gücünü genişləndirir, onu yavaş-yavaş həyatın gerçəkliklərinə hazırlamaqda köməkçi olur, söz ehtiyatını artırdığı üçün uşağın duyğu və düşüncələrini ifadə etməsinə imkan yaradır, dinləmək qabiliyyətini formalaşdırır və uşaqda mütaliə sevgisini yaradır. Və ən əsası kitab oxuyan uşaqların söz ehtiyatı zəngin olur və öz fikirlərini ifadə etməksə çətinlik çəkmirlər, insanlarla rahat şəkildə ünsiyyət qurmağı bacarırlar.

Bu da təbii ki gənclrin mənəvi inkişafı üçün çox əhəmiyyətlidir. Alimlərin araşdırmalarına görə, kitablar uşağın mənəvi inkişafında önəmli yer tutur. Maraqlıdır, görəsən ölkəmizdəki uşaqlar mütaliə etməyə nə dərəcədə maraqlıdırlar? Bu işdə valideynlərin və məktəblərin üzərinə hansı vəzifələr düşür? Valideynlər övladlarına kitab oxuma vərdişlərini aşılamaq üçün hansı vasitələrdən istifadə edirlər?

Mövzu ilə bağlı “Üç nöqtə”yə danışan sosioloq Əhməd Qəşəmoğlu bildirir ki, uşaqların mütaliə etməsi olduqca vacib bir işdir: “Mütaliə hər bir insanın öz daxili aləmi ilə əlaqələrini gücləndirmək üçün əvəzolunmaz bir vasitədir. Bəzi adamlar elə düşünür ki, komüterdən, yaxud telefondan oxumaq kitabı əvəz edir. Düzdür, bu da mütaliə hesab olunur. Amma kitabın özündən oxumaq, mütaliə etmək uşağın daxili aləminin, mənəviyyatının inkişafına hədsiz dərəcədə müsbət təsir göstərir. Texnika vasitəsilə hansısa hekayəyə, povestə səsli qulaq asmaq tamamilə başqa bir keyfiyyəti inkişaf etdirir”.

Ə.Qəşəmoğlu qeyd edir ki, kitab oxumaq, mütaliə etmək insanda çox vacib olan xüsusiyyətləri inkişaf etdirir: “Bunun mahiyyətini başa düşmək üçün Yoq fəlsəfəsini bir az dərindən bilməyə ehtiyac var. Yoqlar deyir ki, həyatda o insan xoşbəxtdir ki, öz daxili aləmi, dünyası ilə daha güclü əlaqə yarada, özü ilə təklikdə qala və özünə qapanıb daxili aləmində ola bilir. Ümumiyyətlə insan öz daxili aləmi ilə tək qalanda daha çox inkişaf edir. Bunun əsas vasitələrindən biri də kitab oxumaqdır. Çünki kitab oxuyan zaman ətraf mühitdən uzaqlaşıb, öz daxili aləmində olursan. Bütün fikrin kitabın içində oxuduqlarında olur”.

Uşaqların mütaliə etməsinin çox vacib olduğunu dönə-dönə vurğulayan sosioloq düşünür ki, elm sahəsində qazandığı uğurlarının hamısı daxili aləmlə əlaqədar ola bilməzdi: “Bunlar sadəcə olaraq eşitdiyimiz, oxuduğumuz köməkçi vasitələrdir. İnsan daxilən inkişaf etməsə nə qədər eşitsə də, görsə də bunlar insanın lazımı şəkildə inkişaf etdirə bilmir. Ona görə də mütaliəyə çox böyük ehtiyac var”.

Uşaqların mənəvi inkişafında mütaliənin böyük rolu olduğunu nəzərə çatdıran Ə.Qəşəmoğlu deyir ki, bu işdə əsas vəzifə ailələrin, valideynlərin üzərinə düşür: “Hər bir ailə əslinə qalsa fərdi körpəni cəmiyyətə hazırlayan bir məktəbdir. Ona görə də biz indiki vaxtda ailəmizin qayğısına çox qalmalıyıq ki, fərdləri cəmiyyətimizə hazırlayan məktəbimiz çox keyfiyyətli olsun. Təəssüf ki, hazırda ailələrdə çox böyük problemlər var. Ona görə də indi elə bir vəziyyətə gəlmişik ki, uşaqlardan əvvəl valideynləri maarifləndirməyə ehtiyac var. Valideyn başa düşməlidir ki, uşağının mütaliəsi onun gələcək həyatını müəyyən edir və onun mənəvi inkişafında misilsiz rol oynayır. Ona görə də valideynlərlə böyük iş aparmağa ehtiyac var. Çünki uşaqlar valideynlərinin təsiri altında olur, valideyn uşağa nəyi öyrətsə, onu nəyə yönləndirib həvəsləndirsə uşaq o istiqamətə meyl edir. Ona görə də valideynlər bu məsələlərdə xüsusi şəkildə diqqətli olmalıdırlar. Çünki övladlarının gələcəyi bir növ onların əlindədir”.

Təhsil sisteminin uşaqların mütaliə etməsində əhəmiyyətli rolunu vurğulayan Ə.Qəşəmoğlunun fikrincə, təhsil sistemimiz elə qurulmalıdır ki, uşaqlarımız çoxlu mütaliə edə bilsin: “Lakin təəssüflər olsun ki, test sistemi bu məsələyə həddindən artıq neqativ təsir göstərdi: “Çünki Azərbaycanda test sistemini çox uyğun olmayan, hərc-mərclik və eybəcər variantda istifadə etməyə başladılar. Hər hansı kitabı oxuyarkən əzbərləmək mütaliə sayılmır. Mütaliə o zaman olur ki, oxuduğunu düşünüb, dərk edib, öz daxili aləminin süzgəcindən keçirir, mənimsəyir və oxuduqları istiqamətində özü də nələrsə fikirləşib bir qənaətə gəlir. Belə olan halda uşaqların mənəvi inkişafından danışmaq olar”.

Ə.Qəşəmoğlu qeyd edir ki, uşaq bədii əsərləri də, dərsi də oxuyanda onlara mütaliə vərdişlərini öyrətmək lazımdır. Çünki mütaliə etmək özü bir mədəniyyətdir: “Hər kitabı oxumaq mütaliə hesab olunmur. Yadımdadır, 6-cı sinifdə oxuyanda dayım məni yanına çağırdı və dərslərimi soruşdu. Dayım müəllim idi, mənə bir neçə sual verdi və dedi ki, sən dərsi öyrənməmisən, sadəcə əzbərləmisən. Həmin vaxt mən sinifdə əlaçı sayılırdım. Dayım mənə öyrətdi ki, hər cümləni oxuduqdan sonra onun haqqında düşünüb təhlil etmək lazımdır. Və məni bir otağa salıb dedi: “Dərsi tam öyrənib mənimsəyənə qədər burda qalacaqsan.

Nə vaxt mənim dediyim kimi öyrənsən xəbər edərsən onda çıxaracağam səni”. Bir neçə saat həmin otaqda qaldım. Həmişə 20-30 dəqiqəyə hazırladığım dərsi 3-4 saata ancaq hazırladım. Bununla da mənim həyatımda inqilab baş verdi. Buna görə dayıma hər zaman minnətdarlığımı bildirirəm. Və bundan sonra hər zaman kitab oxuyanda, mütaliə edəndə çalışırdım ki, dərindən düşünüm, oxuduğumun mənasını dərk edim. Ümumiyyətlə, bu istiqamətdə məktəblərdə çox böyük iş getməlidir. Pedaqoqlar, psixoloqlar çalışmalıdır ki, uşaqlar dərsə əzbər cavab verməsinlər. Lakin testlərin Azərbaycan variantı bu istiqamətdə çox neqativ rol oynadı. Buna görə də uşaqların mütaliə etməsi, oxuduğunun mənasını düşünüb dərk etməsi baxımından qarşıda görülməli işlər həddindən artıq çoxdur”.

Deyilənlərdən aydın olur ki, kitaba sevgi, kitab oxumağa maraq ilk öncə ailədən, əsas da valideynlərdən qaynaqlanır. Valideyn özü uşaq üçün bir örnəkdir. Əgər valideynlər evdə hər gün bir neçə dəqiqə kitab oxumağa vaxt ayırsa, yaxud evin kiçik bir guşəsini kitabxana yaradarsa, bu zaman uşaqlarda da mütaliəyə maraq yaranacaq, onlar da kitab oxumaq həvəsinə düşəcək. Psixoloqlar deyir ki, uşaq valideynlərində nəyi görürsə, onu təkrarlamağa çalışır. Buna görə də valideynlər uşaqlarının mənəvi inkişafı və mənəvi zənginlikləri üçün övladlarını maraqlı kitablarla təmin etməli və kitab oxuma vərdişlərini övladlarına aşılamağı bacarmalıdırlar. İlk növbədə onların yaşına uyğun maraqlı kitablar seçilməlidir ki, tərbiyəvi rolu olsun, vətənə sevgi yaratsın. Çünki mənəvi cəhətdən inkişaf edən və zəngin olan uşaqlar gələcəkdə vətəninə, millətinə layiqli və sadiq bir vətəndaş kimi böyüyəcəkdir. Gələcəyimizin inkişafı naminə uşaqlarımızın kitab oxuması və mənəvi inkişafı üçün əlimizdən gələni etməliyik.

Könül Oruc

Xəbər xətti