Məktəblərin uşaqların fiziki və mənəvi inkişafında rolu

18:14 - 24 Sentyabr 2019 - KİVDF

Aytən İsayeva: “Şagirdlərin fiziki və mənəvi cəhətdən inkişafında məktəblərin rolu çox böyükdür”
Vasif Ramazanov: “Hər bir yeniyetmənin həftə ərzində azı 10-12 saat fəal fiziki hərəkətlərlə məşğul olması vacibdir”


İbtidai sinif müəlliməsi Aytən İsayeva şagirdlərin fiziki və mənəvi cəhətdən inkişafında məktəblərin rolunun çox böyük olduğunu vurğulayır: “Fiziki inkişafın təməli insan dünyaya gələn zamandan yaranır. Mənəvi inkişaf  isə 90 faiz hallarda onun böyüdüyü mühit və əhatəsindəki insanlardan asılıdır. Həm fiziki, həm də mənəvi inkişafda  təhsilin rolu böyükdür. Xüsusilə də ilk təhsilin əhəmiyyətini vurğulamaq lazımdır”.

A.İsayeva nəzərə çatdırır ki, valideynlər övladının gələcəyini düşünərkən ilk növbədə onun təhsil müəssisəsini və ona təhsil verən şəxsi (müəllimi) düzgün seçməlidirlər: “İbtidai sinif müəlliməsi şagirdin bünövrəsini qoyur. Onun tərbiyə və sağlam böyüməsinə müəyyən mənada cavabdeh olur. İlk dərs günü şagird müəllim ilə tanış  olur və ondan ilkin tərbiyəni alır. Müəllim şagirdə vətəni, ata və ananı sevib, əziz tutmağı öyrədir.  Yalanın, şərin, paxıllıq və oğurluğun xoşagəlməz eyni zamanda da insana üz qaralığı gətirən xasiyyətlər olduğunu başa salır. Həyat bilgisi dərsində şagirdlər sağlamlıq üçün əsas şərtləri- həddindən çox yatmaq və yemək, havanı korlamaq, paltar və bədəni çirkli saxlamağın sağlamlıq üçün təhlükəli olduğunu başa düşürlər”.

Uşaqların mənəvi inkişafı ilə yanaşı fiziki inkişafının da vacibliyindən bəhs edən ibtidai sinif müəlliməsinin sözlərinə görə bədən tərbiyəsi və idman dərslərində isə şagirdlər fiziki hərəkət və gimnastika ilə bədənlərini möhkəmləndirir, fiziki cəhətdən sağlam böyümələri üçün şərait yaradırlar: “Bütün bunların əsasında sevgi və məhəbbət durur. Müəllim şagirdlərə sevgisini nə qədər dərin hiss etdirərsə, şagirdlər onun sözlərinə daha çox inamla yanaşaraq, daha düzgün addımlar ata bilər. Və bu da nəticədə onların gələcəkdə cəmiyyətə faydalı, xeyirli bir şəxsiyyət kimi yetişməsində mühüm rol oynayır”.

A.İsayeva deyir ki, əlifba dərsindən başlamış, yoldaşları ilə ünsiyyəti öyrənənə qədər hər bir uşaq müəyyən mərhələlərdən keçməlidir. Bu zaman müəllim şagirdin bu cür davranışlarını anlayışla qarşılamalı, onun üstünə qışqırmamalı, təzyiq göstərməməli, qorxutmamalıdır: “Əks təqdirdə uşağın cəmiyyətlə ilk tanışlığı onun özünü tək hiss etməsinə, aid olduğu kollektivə yadlaşmasına, müəllimə qarşı nifrət hissinin oyanmasına və s. gətirib çıxara bilər. Bu isə onun xarakterində mənfi çalarların yaranması ilə nəticələnəcək. Ümumiyyətlə, uşaqlar elə xarakterə malikdir ki, onlar özlərinə qarşı qayğı, mehribançılıq, diqqət gördükdə başqalarına da həmin münasibəti göstərməyə çalışacaq. Ona görə də hər bir pedaqoq uşaqlarla kollektiv yanaşma ilə yanaşı fərdi ünsiyyətdə də olmalı, onların özlərini tənha hiss etmələrinə imkan verməməli, çətinlikləri aradan qaldırmalarına kömək etməlidir. Bununla da uşaqların mənəvi dünyasının, xarakterlərinin formalaşmasına öz tövhəsini verəcək”.   

Sumqayıt şəhəri İnternat tipli Gimnaziyanın gənclərin çağırışa hazırlığı rəhbəri Vasif  Ramazanov deyir ki, məktəblərdə uşaqların fiziki inkişafı vacib məsələlərdən biridir: “Bədən tərbiyəsi və idman insanda müsbət əxlaqi keyfiyyətlər, vətənə məhəbbət, ailəyə bağlılıq, özünəinam, səbr, mətanət, dözüm və s. formalaşdırır. Bundan başqa,  bədən tərbiyəsi və idmanın köməyi ilə digər tərbiyə növləri - əmək tərbiyəsi, şəxsi gigiyena tərbiyəsi, iqtisadi tərbiyə, estetik tərbiyə, hüquq tərbiyəsi daha da inkişaf edir.  Bununla yanaşı, unutmaq olmaz ki, yuxarıda qeyd olunanlar, ölkəmizin indiki vəziyyətində, işğala məruz qaldığı bir vaxtda, onun müdafiə qüdrətinin güclənməsi ilə də birbaşa bağlıdır. Sağlam və güclü gənc nəsil gələcəyin etibarlı təminatıdır”.

V.Ramazanovun sözlərinə görə, fiziki tərbiyə və idmanın kütləviliyini təmin etmək günümüzün vacib məsələlərindəndir: “Ölkəmizin inkişafının indiki mərhələsində strateji məqsədi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq fiziki tərbiyə və idman sisteminin ölkədə tam və davamlı inkişafına nail olunması, onun köməyi ilə uşaqların, yeniyetmə və gənclərin sağlamlığının yaxşılaşdırılması, bununla bağlı cəmiyyətdə aktual olan sosial və iqtisadi problemlərin həll edilməsi və müasir dövrün tələblərinə uyğun fəaliyyətin təşkilidir. “Bu sahədə əsas istiqamətlər, fiziki tərbiyə və idman fəaliyyətinin məktəblilərin və tələbələrin şüurunda sağlam həyat tərzi kimi formalaşması, onların fiziki inkişafında və fiziki kamilliyə çatmasında zəruri olan  qabiliyyətlərin təkmilləşdirilməsi yolu ilə yüksək fiziki təhsil səviyyəsinə nail olmaq, yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir. Ümummilli liderimiz Heydər Əliyev fiziki tərbiyə və idmanın inkişafına çox böyük diqqət ayırmış və öz çıxışlarının birində bu haqda belə demişdir: “İdmanın və bədən tərbiyəsinin inkişafı üçün görülən işlər, gələcəkdə görəcəyimiz işlər, dövlətin və hökumətin siyasətinin əsas istiqamətlərindən biridir””.

V.Ramazanov qeyd edir ki, idmanın kütləviliyi gənc nəslin mənəvi və fiziki inkişafı üçün vacibdir: “Fiziki tərbiyə və idman sahəsi üzrə aparılan elmi-tədqiqat işlərinin məqsədi yaşından, etnik mənşəyindən, sağlamlıq vəziyyətindən asılı olmayaraq, hər kəsin idman fəaliyyəti dairəsinin genişləndirilməsi məsələsini həll etmək, idman və gənclər təşkilatlarının, klubların, cəmiyyətlərin, həmçinin məşqçi və könüllülərin dinamik şəbəkəsini yaratmaq, idmanla kütləvi şəkildə məşğul olmaq üçün insanların problemlərinin həll yollarını tapmaqdır. Statistik məlumatlara görə, müasir dövrdə məktəblərdə təhsil alan uşaq və yeniyetmələr zehni iş ilə həddən artıq yüklənmişlər. Gigiyena alimləri sübuta yetirir ki, məktəblilərin gün rejiminin 82-85 faizi məktəbdə və evdə dərs öyrənməyə, tapşırıqları həll etməyə, bir sözlə, oturaq həyat tərzinə sərf olunur. Hətta kiçikyaşlı məktəblilərin fiziki hərəkətlərə və aktiv fəaliyyətə olan tələbat isə cəmi 15-19 faiz ödənilir. Hər bir yeniyetmənin həftə ərzində azı 10-12 saat fəal fiziki hərəkətlərlə məşğul olması vacibdir. Təəssüflə qeyd etməliyik ki, məktəblilərin çox az bir hissəsi idman dərnəklərinə və bölmələrinə, ümumi fiziki hazırlıq qruplarına cəlb olunmuşlar. Bunun nəticəsidir ki, uşaqlar və yeniyetmələr arasında hipodinamiya təhlükəsi getdikcə artır, bu da ürək, qan-damar, əsəb və maddələr mübadiləsinin pozulması kimi bir sıra xəstəliklərin geniş yayılmasına gətirib çıxarır”.

Bəli, uşaqların mənəvi və fiziki inkişafında məktəblərin və müəllimlərin rolu danılmazdır. Valideynlər tərəfindən səhv verilmiş bir qərar gələcəkdə uşaqlarının düzgün yolda irəliləməsinə maneə ola bilər. Uşaqların mənəvi cəhətdən inkişaf etməsində ilk əsas iş ibtidai sinif müəllimlərinin üzərinə düşür. Çünki məktəbdə uşaqların ilkin təməlini qoyan, onları gələcəyə hazırlayan şəxs məhz ibtidai sinif müəllimləridir.

Ümummilli liderimiz Heydər Əliyev məktəbin mənəviyyatca təmiz, Vətən və xalq qədrini bilən, mədəniyyətini, milli adət-ənənələrini, tarixini, elmini dərindən öyrənən gənclər yetişdirmək vəzifəsini çox aydın və konkret şəkildə müəyyənləşdirərək deyirdi: “Təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır”.

Könül Oruc

 

Xəbər xətti