“Yazıçını yazıçı edən onun yaşadıqları, gördükləridir”

13:32 - 3 İyul 2019 - Müsahibə

Səidə Haqverdiyeva: “İndiki vəziyyətdə kino rejissor kimi özümdən razı deyiləm, amma iddialiyam,  gələcəkdə məndən yaxşısı olmayacaq”

Müsahibimizin uşaq yaşlarından aktrisalığa çox böyük həvəsi olub. Televiziyada tamaşalara baxar, orda sevdiyi obrazları canlandırarmış. Yaşadığı binanın qarşısındakı bütün uşaqlarını başına yığıb onlara tamaşa göstərərmiş. Baxmaq istəməyənləri isə hətta məcbur edərmiş. Lakin bu qədər həvəsi olmasına, Mədəniyyət və İncəsənət Universitetinə daxil olmasına baxmayaraq atası universiteti oxumasına və aktrisa olmasına icazə verməyib.

Və o, daha sonra yazıçılığa meyl edib. Onun “İsanın yatağındakı ilahə”, “Qisas”, “Qara qızın qara bəxti”,  “Göy qurşağı”, “Ağdan qaraya” kimi maraqlı əsərləri var.  Müsahibim eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. Və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub.

“Üç nöqtə” qəzetinin qonağı Abdulla Şair adına Kukla Teatrının nəzdində olan Oyuq Teatr-studiyasının uşaq qrupunun rəhbəri, yazıçı Səidə Haqverdiyevadır.

- Abdulla Şaiq adına Kukla Teatrının nəzdində olan Oyuq Teatr-studiyasının rəhbərisiniz. Uşaqlarla işləmək necədir?
- Çətindir, amma çətin olduğu qədər də maraqlıdır. Əslində kənardan baxanda uşaqlarla işləmək insanlara çox asan görünür. Uşaqlar elədir ki, onlarla danışığına, hərəkətinə, işlətdiyin hər kəliməyə diqqət etməlisən. “Əşi uşaqdır” –deyib keçmək olmaz.

Çünki sənin diqqət etmədiyin, əhəmiyyət vermədiyin bir kəlimə uşağın psixologiyasına pis təsir edə bilər və uşaq orda ilişib qala bilər. Ən çətin məsələ isə uşaqlar tərəfindən sevilməkdir. Çünki uşaqlar çox təmiz və safdırlar, insanları çox yaxşı hiss etməyi bacarırlar. Yaxşı insanın yaxşı, pis insanın pis niyyətini çox gözəl anlayırlar. Ona görə də uşaqlara özünü sevdirmək də, onlarla işləmək də, onlara istiqamət vermək də çox çətindir. Kənardan bu insanlara asan görünür. İnsanlar arasında ən çox işlənən ifadə var – “Əşi uşaqdır da, yola ver getsin”. Ən çətini də elə budur, onları yola vermək olmur. Onların üzərində çox işləmək və əmək sərf etmək lazımdır.

- Bu gün ölkəmizdə ədəbi - uşaq mühit sizi qane edirmi?
- Əslində son bir neçə ildir vəziyyət çox yaxşıdır. Amma bundan öncəki illər haqqında bunu deməzdim. Uşaq ədəbiyyatına maraq və diqqət var. Uşaqlar üçün artıq yenidən əsərlər yazılır, tamaşalar qoyulur. Teatrda işləyirəm, görürəm ki, bütün dövlət teatrlarında uşaqlar üçün tamaşalar qoyulur.

Amma əvvəl bu belə deyildi. Xanımana Əlibəyli, Abbas Səhhət, Mirzə Ələkbər Sabirin və s. uşaq üçün yazdığı şeirlər var. Bunlar klassikadır. Lakin indiki dövrdə  Zahid Xəlil, Sevinc Nuriqızı, Aygün Bünyadzadə, Reyhan Yusifqızı  kimi yazıçılarımız var. Artıq müasir dövrdə də uşaqlar üçün maraqlı əsərlər yazılır və tamaşaya qoyulur.

- Əbdürrəhim bəy Haqverdiyevin nəslindənsiniz. Sizcə, bu gün incəsənət sahəsində olmağınızda bunun rolu varmı?
- Xeyr, əslində bunun rolu olduğunu düşünmürəm. Amma teatrda olmağımın birbaşa buna aidiyyatı var. Uşaq olanda aktrisa olmaq istəyirdim. Bütün məktəbin, yaşadığımız binanın qarşısına uşaqları yığırdım, onlara tamaşa göstərirdim. Bir az qəribə də olsa deyəcəyəm, onları mənə baxmağa məcbur edirdim. Çünki heç kim baxmaq istəmirdi (gülür). Televiziya tamaşalarına baxırdım, teatra çox bağlı idim.

Orda gördüyüm, sevdiyim obrazı götürüb öz aləmimdə oynayırdım. Sonra valideynlərim məni dərnəyə yönəltdi, ora getməyə başladım. Atam aktrisalığa olan məhəbbətimdən narahat olmağa başladı. Beynimə yeritdi ki, bu, mümkün olmayacaq, sən aktrisa ola bilməzsən. Sənədlərimi Mədəniyyət və İncəsənət universitetinə verdim, qəbul oldum. Amma atam universitetdə oxumağıma icazə vermədi. İllər keçdi, zaman ötdü gəlib bura çıxdım.

Heç vaxt Əbdürrəhim bəy Haqverdiyevin qohumu olduğumu dilimə gətirməmişəm. Çünki elə böyük bir yazıçının, ədibin nəslindən olmağımın fərqində deyildim. Yəni bunu əhəmiyyətli hesab etmirdim. Fikrimcə, insan özü nədirsə odur, onun geninin kim olması vacib deyil. Hərçənd indi də elə düşünürəm (gülür). Zaman keçdi, yazı qabiliyyətim ortaya çıxdı, kiçik hekayələr yazmağa başladım, teatra həvəsim yarandı. Düşündüm ki, bu mütləq genə bağlıdır.

- Hazırda televiziyalarımızda uşaq verilişləri azlıq təşkil edilir. Hazırlanan verilişlər də o qədər də maraq çəkmir. Belə bir layihəniz gözlənilirmi?
- Əslində Azərbaycanda yeganə yerli uşaq kanalı olan “ARB Günəş” var. Onların biri-birindən maraqlı, fərqli verilişləri olur. Maarifləndirici, əyləndirici o qədər gözəl verişlər hazırlayırlar ki, demək olar ki, son aylar özüm də oturub həmin verilişlərə baxıram (gülürük).

Uşaqlarla işlədiyimiz üçün uşaq verilişlərinə çox baxıram. Hansı verilişlərin uşaqlara nə öyrədəcəyi mənim üçün maraqlıdır. Uşaqlara deyirəm ki, filan kanalda yaxşı veriliş var, ona baxın. Bu yerli kanal da ola bilər, xarici kanal da. Amma təbii ki, könül istəyər ki, yerli kanallarımız çox olsun. Nəyə görə, uşaqlar xarici dildə olan verilişlərə baxmalıdır ki, sonra danışanda da bu sözlərdən istifadə etsin? Axı bizim öz dilimiz, istedadlı insanlarımız var.

Bir neçə ay bundan öncə bir layihə ilə dövlət kanalına müraciət etmişdik. Maarifləndirici, əyləndirici bir veriliş hazırladıq verdik. Amma təəssüflər olsun ki, bizi hələ də gözlətmə mövqeyində saxladıblar. Ümid edirik ki, yaxşı olacaq.

- Fikrinizcə, yazıçını yazıçı edən nədir?
- Yazıçını yazıçı edən onun yaşadıqları, gördükləridir. Yazıçı görməyi bacarmalıdır. Yəni öz pəncərəsindən dünyaya, ətrafa baxa bilməlidir. Nə qədər öz içərisindən çıxa bilməsə bir o qədər də maraqsız olacaq. Bizim insanların ən çətin edə biləcəyi bir şey özünə dönməsi, daxilindəki ruhuna toxunmasıdır. Əgər ruhuna toxunsa, ruhunun nə istədiyini anlasa ortaya möhtəşəm işlər çıxa bilər. Ya bizə dəli deyərlər, ya da dahi...

- Bu gün insanlar mütaliəyə, ədəbiyyata nə dərəcədə maraq göstərirlər?
- Uşaq vaxtı sovet dönəmində, yəni 1980 ci illərdə- hər yerdə qəzet, kitab oxuyan adamlara rast gəlirdik. O vaxtı hər yaşda mütaliə edən insanlar var idi.
 İndinin özündə Rusiyada belədir. Metro ilə gedəndə görürəm ki, insanlar planşetdə, telefonda, yaxud kitabda əsərlər oxuyurlar. Yəni orda bir oxuma mədəniyyəti və istəyi var. 1990-cı illərin əvvəllərinə qədər bizdə də belə idi.

Metroda, parklarda insanlarin əlində kitab, qəzet görərdik. 1990-cı ildən  sonra nədənsə insanlar oxumaq istəmədilər. Oxuyanlar isə ancaq yaşlı və ziyalı təbəqə idi. Əlbəttə, gənclər arasinda kitaba olan marağın azalması ürək açan deyildi. Lakin son illər kitaba maraq artıb. Bir müddətdir fəaliyyətə başlamış “Baku book center”də (Bakı kitab mərkəzi) uşaqlar, gənclər yığışıb,  kitab oxuyurlar.  İndi hər yaşda insanın əlində kitab görürəm.

Son bir neçə il ərzində Hollivud ulduzlarının əllərində kitabla şəkilləri yayıldı. Bundan sonra əlində kitabla gəzmək dəb halını aldı. Əslində bu yaxşı haldır və kitabın çox yaxşı reklamıdır. Düzdür, mən daha çox arzulayardım ki, əldə tutulan o kitablar həm də oxunsunlar... Amma nə etmək olar?!  Əvvəllər gənclər bir-biriləri ilə danışanda geyimlərini  müzakirə edirdilərsə, artıq indi hansısa yazıçının əsərini, kitabını müzakirə edirlər. Bacımın gənc qızı var. Hətta bəzən mənim çox tanış olmadığım yazıçıların adlarını çəkir. Mən elə bilirəm ki, kimsə yeni yazıçılardan bəhs edir. Deyir ki, “Yox xala, XIX əsrin yazıçısıdır” və s. Bu mənim üçün maraqlıdır. Düşünürəm ki,  gənclər arasında kitab oxumaq son illər artıb, nəinki azalıb.

- Özünüz dünya yazıçılarından kimləri oxuyursunuz?
- Mənim çox sevimli yazıçım fransız yazıçısı Gi de Mopassandır. Mən ona aşiqəm. Bir də Anton Çexovun əsərlərini çox bəyənirəm və sevə-sevə oxuyuram. Bundan başqa ən axırıncı oxudum əsər isə R.Akutaqavnın “Cəngəllikdə” əsəridir. Maraqlı olduğu üçün oxudum. Bilirsiniz, mən daha çox hekayə janrını sevirəm. Romanlar mənə uzun və darıxdırıcı gəlir. Amma haqqında eşitdiyim hər hansı romanı oxuyuram. Oxumağım da sürətlidir, istəyəndə oxuyuram. Ümumiyyətlə, uzun serialları, filmləri, əsərləri çox bəyənmirəm. Həyat qısadır axı, hər şeyi sürətli etmək lazımdır (gülür).

-  Adətən görmüşük ki, yazıçının ətrafında ən yaxın dostları elə yazıçılar olur, çünki onları elə ən yaxşı bir-birləri anlayır. Sizdə isə əksinədir. Kinoşünaslar və aktrisalarla yaxın dostluq edirsiniz. Dost seçərkən onun ixtisasına önəm verirsinizmi?
- Məsələ burasındadır ki, insanların işi, sahəsi, peşəsi məni maraqlandırmır. Ən vacib məqam onun insanlığı, şəxsi keyfiyyətləridir. Əsas olaraq buna önəm verirəm. O ki qaldı, kinoşünaslar və aktrisalarla dostluğuma, özümü yazıçılıqdan daha çox rejissor kimi görürəm və rejissor hesab edirəm. Yazmaq məni rahatlaşdırır, düşündüyümü, gördüyümü yaza bilirəm. Düşünürəm ki, ömrümün sonuna qədər öz yazdıqlarımı çəkəcəyəm inşallah.  İndiki vəziyyətdə kino rejissor kimi özümdən razı deyiləm, amma iddialiyam,  gələcəkdə məndən yaxşısı olmayacaq.  Hörmət etdiyim, yaxşı münasibərdə olduğum yaziçilar çoxdur. 

Dostum isə Samirə Əşrəfdi. Əslində yazıçı dostlarım  çox idi, amma son illər ələnmə gedir, yaxşıları qalır. Dost baximdan bəxti gətirən insanlardanam.  Xeyirxah, mərd, fədakar dostlarım  var, onlarla xoşbəxtəm. Onların sahəsi mənim üçün heç önəmli deyil. Biz oturanda ancaq kino, yaxud aktyorluq sənətindən danışmırıq. Biz daha çox maraqlı, gülməli hadisələrdən danışırıq, müəyyən problemlərimizi həll etməyə çalışırıq. Ölkədə baş verən bütün hadisələri müzakirə edirik. Bu da mənim üçün çox maraqlıdır, insanların düşüncələrini öyrənmək mənə maraqlı gəlir.

Könül Oruc


Xəbər xətti