Gün eynəkləri seçərkən diqqətli olun

18:20 - 24 May 2019 - Cəmiyyət

Yay aylarının gəlişi ilə əlaqədar gün eynəklərinin istifadəsinə başlanılıb. Elə buna görə də satış bazarlarında da gün eynəklərinə tələbat artıb və ticarət obyektlərində, eləcə də səyyar şəkildə gün eynəklərinin satış bazarı artıb.

Qızmar günəş şüalarının gözlərimizə təsirini aradan qaldırmaq üçün əksəriyyətimiz həmin eynəklərə etibar edirik. Baxmayaraq ki, mütəxəssislər açıq satışda olan bu cür ucuz eynəklərin zərərləri barədə həyəcan təbili çalır. Eynək həvəsində olan alıcıların böyük əksəriyyəti isə harada satılmasından və keyfiyyətindən asılı olmayaraq, həmin gün eynəklərindən alaraq, gözlərinə taxırlar. Bu da eynəklərin məhz gün şüalarından qorunmaq üçün deyil, bir aksessuar olaraq istifadə edilməsinin göstəricisidir. Ən dəhşətlisi valideynlərin də uşaqlara bu cür eynəklər almasıdır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mövzu ilə əlaqədar “Üç nöqtə” qəzetinə bildirdi ki, keyfiyyətsiz eynəklərin  satışı ilə bağlı istehlakçılar tərəfindən AİB-ə telefon zəngləri olur: “Həmçinin onu da deyim ki, bu sahədə istehlakçılar maarifsizdir. Onlar ucuz, amma keyfiyyətsiz eynəklərdən istifadə edirlər.

Bu zaman heç bir həkim yoxlamasından keçməyən, sertifikatı olmayan eynəklər alırlar və hesab edirlər ki bu onları günəşin mənfi şüalarından qoruyur. Nəticədə bu səhv hallar onların göz sağlıqlarına ciddi zərər vurur”.

Plastmasdan, adi şüşədən hazırlanan eynəklər insan sağlamlığı üçün təhlükəlidir

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəsmi saytında isə istehlakçılara gün eynəkləri alarkən nəyə diqqət edilməsi ilə bağlı bəzi zəruri məlumatlar verilir. Bildirilir ki, gün eynəkləri əsasən ultrabənövşəyi şüaları udan xüsusi materialdan hazırlanmalıdır. Lakin satışda olan eynəklərin bir qismi plastmasdan, adi tünd şüşədən hazırlanır ki, bu materiallar günəş şüalarını udmaq qabiliyyətinə malik deyillər və insan sağlamlığı üçün təhlükəlidir.

Keyfiyyətsiz eynəklərin satışı göz xəstəliklərinin artmasına səbəb olur. Belə ki, bu eynəklər gözün bülluruna pis təsir edir, gələcəkdə katarakt yaranmasına səbəb olur, insanda yorğunluğun yaranmasına yol açır. Görmə qabiliyyətinizdə problemlər varsa, göz həkiminə müraciət edin və düzgün diopteriyalı gün eynəyi seçməkdə kömək istəyin.

Küçədə, antisanitar şəraitdə satılan, mənşəyi məlum olmayan eynəkləri almayın

Eynək gözə düşməyəndə ilkin əlamətlər gözün qızarması, sulanması, quruması kimi mənfi əlamətlərlə özünü büruzə verir. Nəticədə gözə ağırlıq düşür. Eynəyin rəngi tünd olanda isə göz bəbəyi genəlir və gözün dibinə düşən işıq sahəsi artır. Bu da gözün qıcıqlanmasına, iltihaba səbəb olur. Sonrakı prosesdə göz bülluru bulanır və görmə zəifləyir. Yaşa dolduqca keyfiyyətsiz gün eynəklərinin fəsadları daha qabarıq üzə çıxır və görmə üçün problemlər yaradır.

Ona görə də eynəklərin ixtisaslaşmış mağazalardan alınması daha məsləhətlidir. Əgər qeyd olunan problemlərlə rastlaşmaq istəmirsinizsə, küçədə, antisanitar şəraitdə satılan, mənşəyi məlum olmayan eynəkləri almayın.

Eynək alarkən mütləq keyfiyyət sənədinə və etiketinə diqqət yetirin

Eynək alarkən mütləq onun keyfiyyət sənədinə və etiketinə diqqət yetirin. Nəzərə alın ki, gün eynəklərinin etiketində ultrabənövşəyi şüaların hansı qisminin buraxılmaması göstərilməlidir. Eynəyin təlimatında linzanın günəş şüalarını hansı dərəcədə - zəif, orta və ya güclü udduğu da qeyd olunmalıdır.

Eynək alarkən birinci növbədə onun rənginə və çəkisinə fikir verin. Eynəklər nə tünd, nə də açıq rəngdə, yüngül, rahat və göz çuxuruna uyğun olmalıdır. Həmçinin qoruyucu xüsusiyyətə malik, gün şüalarını qıran, gözü qamaşdırmayan, gözləri rahatladan və  onlara istirahət verən olmalıdır. Eynəyin şüşəsi cızıldığı zaman, o, öz keyfiyyətini itirir. Belə ki, cızılmış yerlərdən ultrabənovşəyi şüalar gözə təsir edir. Buna görə eynək alarkən buna diqqət edin və cızılmış eynəkdən istifadə etməyin.

Eynəyin keyfiyyətli olub-olmamasını müəyyən etmək xeyli çətindir. Amma qeyd olunanlarla yanaşı, bəzi xüsusiyyətlərinə görə bunu təyin edə bilərsiniz. Məsələn, qəhvə rəngli eynək taxmısınızsa və o, keyfiyyətlidirsə, onda siz ətrafda olan əşyaları öz rənglərində görəcəksiniz.

Amma əgər eynək keyfiyyətsizdirsə, onda siz ətrafda olan əşyaları qəhvəyi rəngdə görəcəksiniz. Keyfiyyəti yoxlamağın bir başqa yolu da eynəyi taxdıqdan sonra şaquli bir xəttə baxmaqdır. Bu, bir pəncərə kənarı da ola bilər. Eynəyi yüngülcə yuxarı aşağı, sağa sola hərəkət etdirəndə bu xətdə oynama və ya qırılmalar olursa, onda bu, həmin eynəyin keyfiyyətində müəyyən problemlərin olduğunu deməyə əsas verir. Sağlamlığınızın qayğısına qalmaq istəyirsinizsə, eynək alarkən qeyd olunan məsələlərə diqqət edin.

Ultrabənövşəyi şüalanma “mirvari suyu” kimi ağır göz xəstəliyinə səbəb olar

Oftalmoloq, uzman həkim Fariz Sadıqov məlumat verib ki,  gün şüaları insanı kor edə bilər. Hamı bilir ki, uzun müddət ərzində gün şüalarının altında olan insanda ağır dəri xəstəliklərinin (dəri xərçənginə kimi) inkişafının riski olduqca artmış olur. Lakin ultrabənövşəyi şüalar tək dərimiz üçün deyil, gözlərimiz üçün də çox ziyanlıdır. Elmdə sübut olunub ki, intensiv gün şüaları gözun həm xarici, həm də daxili strukturlarını zədələyir.

Ultrabənövşəyi şüalar xüsusilə artıq hər hansı görmə pozulmaları olan insanlar üçün ziyanlıdır. Belə ki, uzunmüddətli UB-şüalanma katarakta (el arasında "mirvari suyu") kimi ağır göz xəstəliyinə səbəb olur. Vaxtında müalicə olunmamış katarakta korluğa səbəb ola bilər. Xroniki UB-şüalanma hətta gözdə bədxassəli xəstəliklərin inkişafına səbəb ola bilər. Gündən qorunmaq üçün çölə çıxanda gün eynəkləri taxmaq, dərini gündən qorumaq lazımdır.

Gözləri gün şüalarından qorumaq üçün mütləq yaxşı keyfiyyətli UB-filtri olan gün eynəkləri seçmək lazımdır. 15 yaşına kimi olan uşaqlar və yaşlı insanlar risk qrupuna daxildir və bu səbəbdən onların göz sağlamlığına qarşı daha diqqətli olmaq lazımdır. Göz eynəkləri üzdə kip oturmalıdır. Bu çox vacibdir. Kontakt linzaları taxan insanlar UB-filtri olan linzaları seçməlidir. Bu gözlərin qorunmasına kömək edəcək. Səhər və axşam saatlarında günün gözlərimizə olan təsiri daha da çox olur.

F.Sadıqov onu da bildirib ki, çox dar eynəklərdən istifadə edilməsi məsləhət deyil. Eynək alarkən gözün forması nəzərə alınmalıdır: “Yaxşı olar ki, həssas olan insanlar gözün kənarlarını qapadan çərçivəli eynəklər seçsinlər. Günəş şüaları kənarlardan daxil olub gözə zərər verməsin. Eynək seçərkən mütləq şüşəsinin ultrabənövşəyi qoruyucu xüsusiyyəti nəzərə alınmalıdır”.

Xəbər xətti