Çində daha bir “Azərbaycan Şərab Evi” açılıb

18:46 - 8 Noyabr 2018 - İQTİSADİYYAT

Noyabrın 7-də Şanxayda “Azərbaycan Şərab Evi” açılıb. Bu, Azərbaycanın Çindəki sayca ikinci Şərab Evidir.

İqtisadiyyat Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, Çinin ilk və ən böyük ticarət zonası olan Şanxay Vayqaoçao Beynəlxalq Ticarət Əməliyyat Mərkəzində (ITOC) yerləşən “Azərbaycan Şərab Evi”ndə məhsullarımızın sərgisi, topdan və pərakəndə satışı, habelə dequstasiyası həyata keçiriləcək. “Azərbaycan Şərab Evi”ndə yerli şirkətlərimizin istehsal etdiyi 120 çeşiddən çox üzüm və meyvə şərabları, spirtli içkilər, meyvə distillatları və s. nümayiş olunur.

“Azərbaycan Şərab Evi”nin açılışına həsr olunmuş tədbirdə çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanan Azərbaycan-Çin əlaqələrinin uğurlu inkişafının məmnunluq doğurduğunu, ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsində hər iki dövlət başçısının siyasi iradəsinin, yüksək səviyyəli səfərlərin, əldə edilmiş razılaşmaların mühüm əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, Azərbaycan Çinlə iqtisadi əlaqələrin genişləndirilməsinə, qarşılıqlı faydalı birgə layihələrin həyata keçirilməsinə böyük önəm verir. Ticarət sahəsində əməkdaşlığın Azərbaycan-Çin iqtisadi əlaqələrinin mühüm istiqamətlərindən olduğunu diqqətə çatdıran Şahin Mustafayev 2017-ci ildə Azərbaycanın Çin ilə ticarət dövriyyəsinin 20 faiz artdığını və ölkəmizin xarici ticarət dövriyyəsində Çinin 4-cü yerdə olduğunu bildirib. İki ölkə arasında ticarət əməkdaşlığının daha da genişləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir, Azərbaycanın Çində Ticarət Nümayəndəliyi fəaliyyət göstərir, Azərbaycan məhsullarının Çində tanıdılması, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə Honq-Konq, Quancou, Şanxay və Urumçi şəhərlərinə ixrac missiyaları təşkil edilib, Lucouda Azərbaycanın Ticarət, Urumçidə Şərab evləri açılıb, Azərbaycan istehsalı olan məhsullar Çində keçirilən müxtəlif beynəlxalq sərgilərdə nümayiş olunur. Nazir Şahin Mustafayev Azərbaycan şərablarının Çinə ixracının artırılacağını, yerli şərablarımızın xüsusi dad və yüksək keyfiyyəti ilə seçildiyini vurğulayıb, bu ilin iyununda Şanxayda keçirilmiş “International Wine Challenge” müsabiqəsində Azərbaycan şərablarının yüksək mükafata layiq görüldüyünü qeyd edib. Bildirilib ki, Azərbaycanın xarici ölkədə ilk Şərab Evi də məhz bu ilin sentyabrında Çində - Urumçidə açılıb. Çinin digər bölgələrində də Azərbaycan Şərab və Ticarət evlərinin yaradılması nəzərdə tutulur.

Şanxay “Vayqaoçao Group Co. Ltd” şirkətinin baş direktorunun müavini Can Hao çıxış edərək vurğulayıb ki, Azərbaycan-Çin münasibətləri hazırda müxtəlif istiqamətlər üzrə uğurla inkişaf edir. Şanxayda açılan “Azərbaycan Şərab Evi” də iqtisadi-ticarət əlaqələrinin inkişafına töhfəsini verməklə yanaşı, Azərbaycan məhsullarının Çin alıcılarına tanıdılması baxımından əhəmiyyətli rol oynayacaq.
Sonra tədbir iştirakçıları “Azərbaycan Şərab Evi” ilə tanış olublar. Şərab evində məhsulları nümayiş olunan şirkətlərin təmsilçiləri şərab və spirtli içkilər barədə məlumat veriblər.

Azərbaycan nümayəndə heyəti “Direct Imported Goods” (“DIG”) marketlər şəbəkəsində də olub. Qeyd edək ki, artıq Şanxay Vayqaoçao Beynəlxalq Ticarət Əməliyyat Mərkəzinin “DIG” marketlər şəbəkəsində Azərbaycan şərablarının və digər spirtli içkilərin satışına başlanıb.
Həmin gün Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Şanxay Vayqaoçao Beynəlxalq Ticarət Əməliyyat Mərkəzi Administrasiyasının rəis müavini Li Cinsonq ilə görüşüb. Görüşdə Vayqaoçao Azad Ticarət Zonası, burada yaradılmış “vahid pəncərə” sistemi, tətbiq olunan qanunvericilik, gömrük, maliyyə və logistika xidmətləri, zonanın rezidentləri barədə Azərbaycan nümayəndə heyətinə məlumat verilib, bu sahədə Çin təcrübəsi barədə fikir mübadiləsi aparılıb. Nazir Şahin Mustafayev Azərbaycan nümayəndə heyətinin Çinə səfəri, Birinci Çin Beynəlxalq İdxal Sərgisində Azərbaycan pavilyonlarında məhsullarımızın nümayiş olunması, eləcə də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı barədə məlumat verib, limanın ərazisi də daxil olmaqla azad iqtisadi zonanın yaradılmasının nəzərdə tutulduğunu vurğulayıb.


Xəbər xətti