Müəllimlərin sertifikasiyası başladı

10:43 - 17 İyun 2026 - ÖLKƏ İÇİ

Bu gündən Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə start verilib.

Ucnoqta.az xəbər verir ki, test imtahanları Beyləqan şəhərində yerləşən Fərman Hacıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində yaradılmış İmtahan Mərkəzində təşkil olunub. Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov imtahan prosesinin gedişi ilə yaxından tanış olub, müəllimlərlə görüşərək onlara uğurlar arzulayıb.

Sertifikatlaşdırmanın test mərhələsinin ilk günündə Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyatı, alman dili, fransız dili, rus dili, eləcə də rus dili və ədəbiyyatı fənlərini tədris edən müəllimlər iştirak ediblər.
İmtahan zamanı iştirakçılara tədris etdikləri fənn üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarını əhatə edən 60 sual təqdim olunur. Test imtahanı 120 dəqiqə davam edir və hər düzgün cavab 1 balla qiymətləndirilir. Nəticələrin hesablanması avtomatlaşdırılmış qaydada aparılır və imtahan başa çatdıqdan dərhal sonra iştirakçılara elan edilir.

Test mərhələsində minimum 30 bal toplayan müəllimlər sertifikatlaşdırmanın növbəti – müsahibə mərhələsində iştirak etmək hüququ qazanırlar.
Qeyd edək ki, Nazirlər Kabinetinin 18 avqust 2022-ci il tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırma nəticələri onların əməkhaqlarına ediləcək əlavələrin müəyyənləşdirilməsində nəzərə alınır.


Xəbər xətti