Amnistiya məsələlərinin həlli Milli Məclisin səlahiyyətinə aiddir

18:58 - 17 May 2018 - KİVDF

Amnistiya-cəzanın yüngülləşdirilməsi, ya ləğv edilməsidir

Cümhuriyyətin 100 illiyilə bağlı təklif edilən Amnistiya aktı qəbul edilməyəcək. Buna səbəb kimi Cümhuriyyətin 100 illiyilə bağlı Əfv sərəncamınının imzalanacağı göstərilir. Həmçinin, qeyd olunur ki, Amnistiya aktının qəbul olunması nəzərdə tutulsaydı, indiyədək Milli Məclisdə müzakirəyə çıxarılmalı idi.  Parlamentdən Modern.az-a verilən məlumata görə, məsələ mayın 18-i və 31-i keçiriləcək iclasların gündəliyinə də daxil edilməyib.

Qeyd edək ki, Yeni Azərbaycan Partsiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov, deputat Elmira Axundova Mili Məclisdə Amnistiya aktının qəbul olunmasını təklif etmişdilər.

Amnistiya-cəzanın yüngülləşdirilməsi, yaxıd ləğv edilməsidir. Amnistiya elə bir normativ-hüquq aktıdır ki, o, hüquq pozuntuları törətmiş şəxslərin fərdi olaraq müəyyənləşdirilməmiş dairəsi barəsində qəbul edilir və həmin şəxsləri, onlara qarşı tətbiq olunmuş və ya oluna biləcək sanksiyalardan (cəzalardan) azad edir, yaxud yüngülləşdirir. Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 1-ci hissəsinin 19-cu bəndinə əsasən amnistiya məsələlərinin həlli Milli Məclisin səlahiyyətinə aiddir
İndiyədək 11 Amnistiya aktı qəbul edilib. Sonuncu akt 2016-cı ildə Heydər Əliyev Fondunun Prezidenti, I vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May – Respublika Günü münasibətilə qəbul edilmişdi. 28 May Respublika Günü ilə bağlı qəbul olunan amnistiya aktı h’min ilin iyunun 15-də qüvvəyə minmişdi. Sənədə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlər törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkənlər, intizam xarakterli hərbi hissədə saxlama cəzasının çəkilməmiş hissəsi 1 ildən artıq olmayanlar, habelə böyük ictimai təhlükə törətməyən cinayətlər törətdiklərinə görə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza təyin edilmiş, islah işləri, ictimai işlər növündə cəza təyin edilmiş, əsas cəza növü kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəzası təyin edilmiş, əsas cəza kimi 2 min manatdan artıq olmayan miqdarda cərimə cəzası təyin edilmiş və cərimə cəzasının ödənilməmiş hissəsi 2 min manatdan artıq olmayan şəxslər, böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə əsas cəza kimi cərimə cəzası təyin edilmiş şəxslər, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaya şərti məhkum edilmiş və ya bu növ cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, yaxud bu növ cəzanın çəkilməsi Cinayət Məcəlləsinin 79-cu maddəsinə müvafiq olaraq təxirə salınmış şəxslər amnistiya tətbiq edilənlərin dairəsinə düşüblər.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 79-cu maddəsi hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınmasını tənzimləyir.  Bu maddənin birinci bəndində deyilir ki,  şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Bu Məcəllənin 79.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər, məhkum edilmiş şəxslər üzərində nəzarəti həyata keçirən müvafiq dövlət orqanının xəbərdarlığından sonra uşaqdan imtina etdiyi və ya uşağı tərbiyə etməkdən boyun qaçırmaqda davam etdiyi halda, məhkəmə həmin orqanın təqdimatı əsasında cəzaçəkmənin təxirə salınmasını ləğv edə və məhkumu cəzanı çəkmək üçün hökmlə müəyyən olunmuş yerə göndərə bilər.  Uşaq on dörd yaşına çatdıqda, məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edir və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edir, yaxud məhkum edilmiş şəxsi cəzanın qalan hissəsini çəkmək üçün müvafiq müəssisəyə göndərir. Şəxs cəzaçəkmənin təxirə salındığı müddətdə ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə cəzaçəkmənin təxirə salınmasının ləğv edilməsi və ya saxlanması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Məhkəmə cəzaçəkmənin təxirə salınmasının ləğv edilməsi qənaətinə gəldikdə, şəxsə bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Bundan başqa bu maddədə bildirilir ki, Şəxs cəzaçəkmənin təxirə salındığı müddətdə qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzaçəkmənin təxirə salınmasını ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir.

Qeyd edək ki, qadınlar, cinayət törədərkən 18 yaşına çatmayan şəxslər, bu qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış kişilər, birinci, ikinci və ya üçüncü qrup əlil sayılmış şəxslər, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı və ya birinci və ikinci qrup əlil övladı olan kişilər, o cümlədən atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər, İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə iştirak etmiş, eləcə də həmin vaxt SSRİ Silahlı Qüvvələrində və arxa cəbhədə xidmət etmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada bunlara bərabər tutulan şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslər, habelə keçmiş SSRİ Silahlı Qüvvələrinin tərkibində beynəlmiləl borcunu yerinə yetirmiş şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, Azərbaycanın, habelə keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuş şəxslər (bu orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla), keçmiş SSRİ dövründə repressiyalara məruz qalmış, sonradan səlahiyyətli orqanların qərarı ilə bəraət almış şəxslər və onların yaxın qohumları, 1948-1953 və 1988-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırımı siyasəti nəticəsində Ermənistan SSR-dən deportasiya edilmiş şəxslər, 1988-1993-cü illərdə erməni silahlı qüvvələrinin Azərbaycan ərazisinin bir hissəsini işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş şəxslər, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş və onlara himayəçilik edən şəxslər (himayəçilik qanunvericilikdə nəzərdə tutulan qaydada müəyyən olunubsa), 1990-cı il 20 Yanvar faciəsində əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin yaxın qohumları, Xocalı soyqırımında əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin yaxın qohumları müddətindən asılı olmayaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad ediliblər.

Eyni zamanda cəzasının çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər (amnistiya tətbiq olunmasına məhdudiyyətlər nəzərə alınmaqla) təyin olunmuş cəzalardan azad olunublar. O cümlədən 4 ildən artıq olmayan müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərin cəzalarının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olduqda çəkilməmiş cəza 6 ay azaldılıb.
Qərara əsasən, intizam xarakterli hərbi hissədə saxlama cəzasının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən 2 ilədək olan şəxslər, əsas cəza kimi 2 min manatdan artıq miqdarda cərimə cəzası təyin edilmiş şəxslər, azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş şəxslər, azadlıqdan məhrumetmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər və azadlıqdan məhrumetmə cəzasının çəkilməsi təxirə salınmış şəxslər təyin olunmuş cəzalardan azad ediliblər.
Bu, Mehriban xanım Əliyeva tərəfindən irəli sürülən 4-cü amnistiya aktıdır. Bu dəfə amnistiya daha geniş təbəqəni əhatə edib. Mehriban xanımın təşəbbüsü ilə Milli Məclis tərəfindən 8 may 2007-ci ildə qəbul olunmuş qərarla 9877 məhkum barəsində, 17 mart 2009-cu il tarixli qərarla 9564 məhkum barəsində amnistiya tətbiq edilib. 7 may 2013-cü il tarixli qərar 9000 şəxsə şamil edilib, o cümlədən 2 mindən artıq məhkum azadlıqdan məhrumetmə yerlərindən azad edilib.  Sonuncu amnistiya aktı isə 10 min nəfərə şamil edilib, o cümlədən 3500 nəfərin azadlıqdan məhrumetmə cəzasından azad edilib. Ümumilikdə, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təqdim olunan amnistiya aktları əsasında 40 min nəfərdən çox şəxs azadlığa qovuşub, cəzaları aradan qaldırılıb.

Xəbər xətti