Bələdiyyə orqanlarının hüquqi əsasları yaradılıb

18:10 - 23 Yanvar 2018 - KİVDF

Bələdiyyələrin fəaliyyəti bələdiyyə haqqında qəbul edilmiş normativ-hüquqi sənədlərə, vətəndaşların yığıncaqları və bələdiyyə iclaslarında qəbul edilmiş nizamnaməyə uyğun olaraq tənzimlənir

Yerli özünüidarə hakimiyyətinin dövlət hakimiyyəti ilə nümunəvi uyğunlaşdırılması bir tərəfdən siyasi sistemin, o cümlədən dövlət hakimiyyətinin möhkəmləndirilməsinə xidmət edirsə, digər tərəfdən sosial-iqtisadi funksiyaların reallaşdırılması ilə insan hüquqlarının, yerlərdə kollektiv hüquqların gözlənilməsinə nail olunur. Yerli özünüidarəetmənin bərqərar edilməsindən sonra inkişafın mühüm mərhələsi onun dövlət hakimiyyəti sistemi ilə əlaqələrinin hərtərəfli tənzimlənməsi təşkil edir. Konstitusiyaya görə, Azərbaycan Respublikasında yerli özünüidarəetməni bələdiyyələr həyata keçirirlər. Bu baxımdan da Konstitusiyanın 13-cü maddəsində mülkiyyətin dövlət, xüsusi və bələdiyyə mülkiyyəti növünə bölünməsi təsbit olunub. Yəni, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Bundan başqa, dövlət səlahiyyətlərinin müəyyən hissəsinin yerlərə ötürülməsi yolu ilə yerli özünüidarəetmə orqanları olan bələdiyyələrə verilməsi, Əsas Qanunumuzun 142-146-cı və 150-ci maddələrində yerli özünüidarəetmənin təşkilinin təsbit olunması ilə əks-mərkəzləşmə prosesinin və bələdiyyə orqanlarının hüquqi əsasları yaradılıb.

Qeyd edək ki,bələdiyyələr öz fəaliyyətini nizamnaməyə uyğun həyata keçirirlər. Onların nizamnaməsi bələdiyyə iclasları və ya vətəndaşların yığıncaqlarında qəbul edilir. Bu iclaslar bir qayda olaraq aşağıdakı məsələlərə həsr olunur və burada müvafiq qərarlar qəbul edilir: 1) yerli vergi və ödənişlər; 2) yerli sosial müdafiə və sosial inkişaf proqramları, onların hazırlanması və yerinə yetirilməsi yolları. Bələdiyyənin fəaliyyətində və qarşılarında duran vəzifələrin yerinə yetirilməsində yerli sosial müdafiə, sosial və iqtisadi inkişaf proqramları həlledici yer tutur. Bu proqramlar müəyyən edilərkən “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası qanunu (2 iyul 1999-cu ildə qəbul edilmişdir) əldə rəhbər tutulur. Bələdiyyələr yerli iqtisadi inkişaf, yerli ekoloji və s. proqramlar da işləyib hazırlayır və həyata keçirilməsini təşkil edirlər. Bu sahədə mütəxəssis Fazil Abbasov deyib:“Yerli iqtisadi inkişaf proqramlarında məqsəd dövlətin həyata keçirdiyi iqtisadi inkişaf proqramlarında nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli iqtisadi inkişaf məsələlərini həll etməkdir. Həmin proqramlar aqrar, sənaye, rabitə, nəqliyyat və digər sahələri əhatə edə bilər. Bələdiyyələr özləri hər hansı proqramını işləyib hazırlayarkən və ya həyata keçirərkən müvafiq dövlət proqramlarına müdaxilə edə bilməzlər. Lakin bələdiyyələr öz proqramlarını müvafiq dövlət proqramları ilə əlaqələndirə bilərlər, onlara paralel hazırlayıb, həmin proqramların tərkib hissəsi kimi birgə tədbirlər işləyib hazırlaya və yerinə yetirə bilərlər. Bələdiyyələrin fəaliyyəti bələdiyyə haqqında qəbul edilmiş normativ-hüquqi sənədlərə, vətəndaşların yığıncaqları və bələdiyyə iclaslarında qəbul edilmiş nizamnaməyə uyğun olaraq tənzimlənir”.

 “Bələdiyyələrin Statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinin 6-cı bəndində isə bildirilir ki, bələdiyyələr insan və vətəndaş hüquqlarına və azadlıqlarına bilavasitə aid sənəd və materiallarla hər bir vətəndaşı tanış olmaq, bələdiyyələrin fəaliyyəti haqqında tam məlumat almaq imkanını təmin etməyə, seçicilərin tapşırıqlarını yerinə yetirməyə borcludurlar. Bu da o deməkdir ki, hazırda Azərbaycan bələdiyyələrinin yaşadığı yeni inkişaf mərhələsi insan hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl islahatların davam etdirilməsini şərtləndirir. 

Qanunvericilikdə yerli özünüidarəetmənin çox mühüm məsələləri – yerli büdcənin formalaşdırılması, təsdiqi və icrası, yerli vergi və ödənişlərin müəyyən edilməsi, yerli sisoal müdafiə,  yerli  iqtisadi,  ekoloji  proqramların işlənib hazırlanması və reallaşdırıması,mülkiyyət münasibətlərinin formalaşdırılması, ərazi məsələləri və s. öz əksini tapıb. Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilik aktlarında da bələdiyyələr üçün maliyyə müstəqilliyi ifadə edilib. Konstitusiyanın 144-cü maddəsinin II hissəsində ifadə edilən əlavə səlahiyyətlər üçün nəzərdə tutulan “zəruri maliyyə vəsaiti”nin ayrılması “Bələdiyyələrin statusu haqqında” Qanunda daha geniş formada tənzimlənir. Qanunda müstəsna səlahiyyətlər üçün nəzərdə tutulan maliyyə müstəqilliyi müddəası ilə bərabər “həvalə edilən səlahiyyətlər” üçün də maliyyə təminatı ifadə edilir. Həvalə edilən səlahiyyətlər üçün maliyyə vəsaitinin ayrılması bələdiyyələrin müstəsna səlahiyyəti üçün nəzərdə tutulan (m.41) maliyyədən fərqləndirilməlidir. Qanunun 40.3-cü maddəsində deyilir ki, yerli büdcələrin mədaxil və məxaric hissələrində yerli əhəmiyyətli məsələlərin həllinin və bələdiyyələrə qanunvericilik və icra hakimiyyəti orqanları tərəfindən verilən səlahiyyətlərin həyata keçirilməsinin maliyyəşdirilməsi ayrılıqda  nəzərdə tutulur.

Bundan başqa, inkişaf prinsiplərinə əsaslanan səmərəli idarəetmənin əsas vəzifələrindən biri əhalinin rifah prosesində bələdiyyə-vətəndaş tərəfdaşlığıdır. Bu mənada, bələdiyyələrin xalqla ünsiyyətini daha da asanlaşdıran yol Vətəndaş İştirakı Hüququ əsasını təşkil olunan Məhəllə Komitələrinin yaradılmasından keçir. İştirak və idarəçilik bütün tərəfləri bir yerə yığmaq üçün bir vasitədir. Məhəllə Komitələri Bələdiyyələrin Statusu haqqında Qanunun 31-ci maddəsinə uyğun şəkildə formalaşdırılan və fəaliyyət göstərən qurumlardır. Azərbaycanda Məhəllə Komitələrinin təşkili üçün Nümunəvi Əsasnamənin təsdiq edilməsinə dair 8 may 2001-ci il tarixli Qanun həmin dövrdən qüvvədədir.
 Qeyd edək ki, Azərbaycanda bələdiyyələr müstəqil fəaliyyət göstərən orqan olsalar da, ancaq onlara verilmiş bu müstəqillik bələdiyyələrin dövlət və vətəndaş cəmiyyəti nəzarətindən kənarda qalması demək deyil. Bələdiyyələr ölkədə vətəndaş cəmiyyətinin bir forması olmaqla dövlət və cəmiyyət qarşısında məsuliyyət daşıyırlar. Onlar yerli  əhəmiyyətli sosial-iqtisadi məsələlərin həllinə bilavasitə cavabdehdirlər və bu vəzifələrin icrasının təmin etmək üçün yerlərdə lazımi şərait yaradılıb. Ümumi qaydada bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir. Bu məsələ “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qanunun bilavasitə 3-cü maddəsi problemin həllinə həsr edilib. Burada nəzarəti həyata keçirən müvafiq dövlət orqanı (m.3.1) ilə yanaşı bələdiyyələrin müvafiq komissiyaları və seçicilər inzibati nəzarət üçün ifadə edilib. Qanunun 4-cü maddəsinin 3-cü hissəsində qeyd edilir ki, qanunvericilik və icra hakimiyyətləri tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 114-cü maddəsinin II hissəsinə uyğun olaraq, bələdiyyələrə verilən əlavə səlahiyyətlərin həyata keçirilməsinə nəzarəti həmin hakimiyyətlər inzibati nəzarəti həyata keçirən orqana həvalə edə bilərlər. Lakin bu halda da inzibati nəzarət bələdiyyələrin yerli əhəmiyyətli məsələləri qanun çərçivəsində müstəqil və sərbəst surətdə həll etmək hüququnu məhdudlaşdıra bilməz (m.4.4).

Həvalə edilən səlahiyyətlər üzrə yalnız bələdiyyənin məsuliyyəti məsələsindən danışılmamalıdır. Burada müqavilə forması tərəflər üçün qarşılıqlı hüquq və vəzifəni müəyyən etməli, mübahisəli məsələnin həlli üçün məhkəmə proseduru tətbiq edilməlidir.
Bələdiyyə qanunvericiliyi yerli özünüidarəetmənin müstəqilliyini təminat-landırmaqla bərabər, dövlət hakimiyyəti orqanlarına yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələrin fəaliyyətinə müdaxiləni qadağan edir. 

Xəbər xətti