Azərbaycan bir çox dini icmanın çiyin-çiyinə yaşadığı ölkədir

18:21 - 22 İyun 2017 - KİVDF

Başqa millət və din mənsublarına münasibətdə dözümlülük milli əxlaqi dəyərlərin əsas xüsusiyyətlərindəndir

Azərbaycanın etnik cəhətdən multikultural, tolerant ölkədir. Dünyanın müxtəlif bölgələrində nifrət və dözümsüzlüyün artdığı bir vaxtda Azərbaycan əsrlər boyu tolerantlığın nümunəsi kimi çıxış edib. Bu barədə amerikalı ravvin İzrail Barukun “Jewishpress” nəşrindəki məqaləsində bildirib. Müəllif yazıb ki, Azərbaycan qeyri-stabil regionda yerləşməsinə baxmayaraq yüz illər boyunca bir çox dini icmanın çiyin-çiyinə yaşadığı ölkə olub. O yazır: “İki il əvvəl mən yəhudi rəmzi ilə əhalisinin böyük əksəriyyəti müsəlman olan ölkədə Azərbaycanda küçələrdə gəzmişəm. Bununla belə, hər hansı bir kəskin baxışla qarşılaşmadım. Bu, Azərbaycandakı dini dözümlülüyün yalnız bir nümunəsidir”.
Hazırda Azərbaycanda istənilən dini icmanın azad fəaliyyətinə tam şərait var. İstər paytaxtda, istərsə də bölgələrdə dini münasibətlərlə bağlı təhlillər aparsaq xristian, müsəlman, yəhudi dini icmalarının paralel şəkildə dinc yanaşı yaşamalarını görə bilərik. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin I müavini Səyyad Salahlı bildirib ki, Azərbaycan xalqı həmişə bölgədə dostluğun, qardaşlığın möhkəmləndirilməsinə, insanlar arasında milli-dini mənsubiyyətindən asılı olmayaraq sülh və əmin-amanlıq şəraitinin yaradılmasına misilsiz tarixi töhfələr verib. " Başqa millət və din mənsublarına münasibətdə dözümlülük, onlarla yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq azərbaycanlıların milli əxlaqi dəyərlərinin əsas xüsusiyyətlərindəndir. Bu baxımdan tarixən ölkəmizdə İslam dini ilə yanaşı Xristian, İudaizm və başqa dinlərə mənsub insanlar da məskunlaşmış, sülh və əmin-amanlıq şəraitində yaşayıblar".
Onun sözlərinə görə,  tarixən Azərbaycan ərazisi bütün dövrlərdə dini ayrı-seçkilikdən əziyyət çəkən insanlar üçün sığınacaq rolu oynayıb, üstəlik, bura təkcə fərqli dinlərin mənsubları deyil, həm də müxtəlif səbəblərdən təzyiqlərlə üzləşən İslam dini ilə bağlı məzhəblərin nümayəndələri pənah gətiriblər. "Azərbaycanda bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşıb, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb. Fərqli dini konfessiyaların nümayəndələri hər zaman Azərbaycan xalqı ilə həmrəy olub, vahid Vətənimizin azadlığı və firavanlığı uğrunda mübarizə aparıblar".
Səyyad Salahlı bildirib ki, bu gün Azərbaycanda müxtəlif dini təriqətlər mövcuddur və onlar son zamanlar bir-birilərinə qarşı ittihamlar səsləndirirlər. "Müasir dövrdə bəzən görürsən ki, müəyyən dini qruplar radikal mövqe nümayiş etdirərək qarşılıqlı ittihamlar səsləndirirlər. Bir çox halda belə ittihamların əsas mənbəyi fərdi, yaxud şəxsi məzmunda olan münaqişələrdən qaynaqlanır. Təbii ki, bu cür hallar cəmiyyətdə çaşqınlıq yaradılmasına da səbəb olur ki, bunun neqativ təsirləri ölkədəki mövcud dini durumla yanaşı, respublikamızın beynəlxalq imicinə də mənfi təsir göstərməkdədir. Dövlət Komitəsi yüksək həssaslıqla belə məsələləri daim diqqət mərkəzində, nəzarətdə saxlayır və bütün zəruri addımları atır".
Son günlər Dövlət Komitəsinin diqqət mərkəzində saxladığı məsələlərdən biri də "Cümə" məscidi  ətrafında yaranmış gərginlikdir. Bəzi şəxslər dini icma adından istifadə edərək  qanunsuz  addımlar atmağa cəhd edirləır. Məsələn, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımovun İlqar İbrahimoğlunun İçərişəhər “Cümə” məscidi dini icmasının adından qeyri-qanuni istifadə etməsi ilə bağlı açıqlama verib. Açıqlamada deyilir: "İyunun 18-də bəzi kütləvi informasiya vasitələrində İlqar İbrahimoğlu adlı şəxsin Ramazan ayının 3-cü Əhya gecəsi ilə bağlı İçərişəhər “Cümə” məscidi dini icmasının adından istifadə edərək tədbir keçirməsi haqqında məlumat yayılıb. Bununla bağlı qeyd etmək istərdim ki, İ.İbrahimoğlunun İçərişəhər “Cümə” məscidi və orada fəaliyyət göstərən dini icma ilə hər hansı hüquqi bağlılığı yoxdur. Bildirirəm ki, hazırda rəsmi dövlət qeydiyyatından keçmiş İçərişəhər “Cümə” məscidi dini icmasının sədri və axundu Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Surxay Məmmədovdur. İ.İbrahimoğlunun İçərişəhər “Cümə” məscidi dini icmasının adından sui-istifadə edərək tədbir keçirməsi, bunu mətbuatda işıqlandırması yolverilməzdir və qanunvericilyə zidd xarakter daşıyır. İ.İbrahimoğlu bu kimi qeyri-qanuni hərəkətlərini davam etdirərsə, hüquqi məsuliyyət daşıyacaq və Dövlət Komitəsi tərəfindən bununla bağlı hüquqi müstəvidə bütün zəruri addımlar atılacaqdır. Dindar vətəndaşlarımızı məscidlərdən kənar, qeyri-qanuni şəkildə təşkil edilmiş belə tədbirlərə qatılmamağa çağırırıq".   
“Cümə” məscidi dini icmasının sədri və axundu Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Surxay Məmmədli isı bildirib: "Mən həm İçərişəhər Cümə məscidi dini icmasının sədriyəm, həm də bu adda məscidin axunduyam. Necə deyərlər, başımı aşağı salıb öz işimlə məşğulam. Ancaq İlqar İbrahimoğlu İçərişəhər Cümə məscidi adından danışır, bu ad altında aksiyalar, tədbirlər keçirir. Bunlar qanunsuzdur. İlqar İbrahimoğlu bu əməllərindən əl çəkməsə, hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm. Bu adam heç Qafqaz Müsəlmanları İdarəsini də qəbul eləmir".S. Məmmədli 2004-cü ildə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən bu məscidə axund təyin edildiyini və ibadət ocağını qeydiyyatdan keçirdiyini söyləyib. O bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində təkrarən İçərişəhər Cümə məscidi dini icması qeydiyyatdan keçib: "Göründüyü kimi, burada səlahiyyətli şəxs mənəm. İlqar İbrahimoğlu isə məni hədəf seçib. Bu konfliktin əsas səbəbi odur ki, Qafqaz Müsəlmanları İdarəsi 2004-cü ildə məni məscidə axund təyin edənə qədər İlqar İbrahimoğlu burada məskunlaşmışdı. O mənə deyir ki, sən mənim yerimə niyə gəlmisən? Bu insan qarşıdurma yaradır. Bu məscid yeganə ibadət ocağıdır ki, orada bayrağımız üçün dualar edilir. Mən dövlətin siyasətini dəstəkləyirəm. İstəyirəm ki, məscidin adından heç kəs istifadə etməsin". 

Göründüyü kimi bəzən cəmiyyətdə ajiotaj yaratmağa, ictimai rəyi çaşdırmağa yönəlik tədbirlərə əl atırlar. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  əməkdaşı Rüstəm Ramazanov bildirib ki, çoxəsrlik tarixi köklərə malik mənəvi dəyərlərimiz və onun özəyini təşkil edən müqəddəs dinimizdən belə uğursuz cəhdlərdə vasitə kimi istifadə olunması təşəbbüsü dərin təəssüf hissi doğurur. R.Ramazanov qeyd edib ki, demokratik, hüquqi, dünyəvi dövlət olan Azərbaycanda hansısa şəxsin qeyri-qanuni  hərəkəti yolverilməzdir. 
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, məscidlərdə qanuni imamlar fəaliyyət göstərir: “Qanuni imamlar məscidlərdə moizə oxumalıdır. Məscidi öz məqsədləri üçün meydanına çevirənlər haqda ölçü götürəcək".
Komitə sədri əlavə edib ki, Azərbaycan dünyəvilik prinsipinə söykənir. M. Qurbanlı qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin dövlət-din münasibətlərinin tənzimlənməsində müstəsna xidmətləri var: 
“Ölkə qanunları var, QMİ-nin nizamnaməsi var. Din sahəsində nə qədər uğurlarımız varsa, bu uğurların sahibi bizik. Din adından sui-istifadə varsa, bunun aradan qaldırılmasına da cavabdeh bizik".

Xəbər xətti