Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkandı

18:01 - 1 İyun 2017 - KİVDF

Ölkəmiz ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınır 


Azərbaycan nadir ölkələrdəndir ki, burada üç böyük mədəniyyətə məxsus dini abidələr – məscidlər, kilsələr və sinaqoqlar bir məkanda yerləşir və bu ilahi dinlərin nümayəndələri özlərini vahid Azərbaycan mədəni irsinin ayrılmaz tərkib hissəsi hesab edirlər. Belə unikallığı qoruyub saxlamaq, gələcək nəsillərə ötürmək dövlətin ümdə vəzifələrindəndir. Lakin tarixi keçmişimizdə elə siyasi məqamlar olmuşdur ki, gələcəyimiz üçün mühüm əhəmiyyət daşıyan tarixi-dini abidələr xalqın iradəsinə zidd olaraq məhv edilmiş, yaxud təyinatı dəyişdirilmişdir. "Dünyada min illərlə yaradılan hər hansı mədəni abidələrin, dini abidələrin, ümumiyyətlə mədəni dəyərlərin məhv edilməsindən, insanların günahsız yerə öldürülməsindən daha dəhşətli heç nə ola bilməz". Bunu Xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
Bu kimi neqativ halların qarşısı Heydər Əliyev tərəfindən alındı. Ümummilli lider ikinci dəfə hakimiyyətə qayıdarkən ölkə xaos içərisində idi. Dağlıq Qarabağ münaqişəsi, ağır sosial-iqtisadi durum, hakimiyyət uğrunda gedən daxili çarpışmalar, Azərbaycanı dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Bu cür şərait din sahəsinə də ciddi təsir göstərirdi.  Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində XX yüzilliyin 90-cı illərinin əvvəllərində milli-etnik və dini müxtəlifliklərdən ölkəmizi münaqişələrə cəlb etmək məqsədilə istifadə olunması cəhdlərinin qarşısı qətiyyətlə alındı, bütövlükdə bu məkrli plan alt-üst olundu. Dahi rəhbər respublikamızın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji istiqamət seçərək, öz müdrik siyasəti ilə tarix boyu formalaşmış Azərbaycanın çoxmədəniyyətlilik, tolerantlıq ənənələrini yeni bir mərhələyə  qaldırmağa nail oldu. Heydər Əliyevin böyük dövlətçilik təcrübəsi və titanik səyləri nəticəsində ölkəmizdə tolerantlıq mühiti qoruna bildi, bütün xalqlar arasındakı yüz illərə söykənən dostluq və birgəyaşayış münasibətlərinin ritmi pozulmadı. Azərbaycan əhalisinin çoxmillətli tərkibini milli sərvətimiz hesab edən ümummilli lider bütün siyasi fəaliyyətini bu misilsiz sərvətin qorunub saxlanılması, əbədi olması istiqamətinə yönəltdi. İqtisadiyyatı dirçəltdi, böyük dövlətlərin Azərbaycana sərmayə qoymasına nail oldu. Bunun nəticəsində 1996-cı ilin Azərbaycan iqtisadi tənəzzüldən qurtuldu. 
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Nihad Məmmədov deyib. Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin digər sahələrlə yanaşı, tarixi-dini abidələrin bərpasında da fenomenliyi zaman keçdikcə daha yaxşı görünür. Bərpa olunub istifadəyə verilən dini abidələr yalnız məscidlər deyil, həm də kilsələr, sinaqoqlar idi. Bundan başqa, uğurla həyata keçirilən siyasət nəticəsində təkcə Bakıda neçə-neçə müxtəlif mədəni icma fəaliyyət göstərməyə başladı. Bunların arasında: rusların, ukrainlərin, lakların, ləzgilərin, slavyanların, tatların, tatarların, gürcülərin, ingiloyların, talışların, avarların, axıska türklərinin, Avropa və dağ yəhudilərinin, alman və yunanların cəmiyyətləri var. Ümumiyyətlə, etnik azlıqların kompakt şəkildə yaşadıqları bütün rayonlarda da belə icmalar mövcuddur. Bunlar onu deməyə əsas verir ki, hazırda dünyanın müxtəlif bölgələrində ksenofobiya kimi halların artdığı bir dövrdə, Azərbaycanda dünyanın bir çox ölkələri, beynəlxalq ictimaiyyət üçün xüsusi nümunə olan özünəxas dinlərarası dialoq və tolerantlıq modeli qurulub. Bu. Azərbaycanın tolerant ölkə olduğunu bir daha sübut edir. Bu həm də bu torpaqlarda müxtəlif dinlərin və millətlərin nümayəndələrinin mehriban şəraitdə yaşadıqlarının göstəricisidir. Bu məsələ ilə bağlı Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev  deyib: “Azərbaycan müxtəlif xalqların və etnik qrupların dinc, dostluq, qardaşlıq şəraitində yaşadığı, sevinci və kədəri birgə bölüşdüyü bir məkandır. Burada yaşayan bütün xalqlar və etnik qruplar Azərbaycanı öz ortaq vətənlərinə çevirə biliblər. Bu gün Azərbaycana əsassız torpaq iddiası ilə çıxış edən separatçılarla eyni millətdən olan, ancaq bu separatçıların iddialarını qəbul etməyən Azərbaycan erməniləri də buranı öz vətənləri sayırlar. Bir kənd qədər sakini olan, dili və etnik kimliyi bu kənddən başqa heç bir yerdə təmsil olunmayan xınalıqlılar da Azərbaycana məxsusdur. Bütün bu xalqların dil və mədəni zənginliklərini Azərbaycan dövləti öz sərvəti, öz gücü sayır. Ümummilli lider Heydər Əliyev deyirdi: “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”. Azərbaycanda yaşayan bütün xalqların və etnik qrupların nümayəndələrini bu gün müstəqil Azərbaycanın hər bir sahəsində – siyasətdə, iqtisadiyyatda, təhsildə, humanitar həyatda, bir sözlə, bütün sahələrdə görmək mümkündür. Multikultural təhlükəsizlik prinsipləri Azərbaycan kimi kiçik, amma qədim kökə və tarixə malik ölkələr üçün digər təhlükəsizlik doktrinalarının prinsipləri qədər vacib və zəruridir. Burada sadalanan prinsiplərin mənim Vətənimdə bərqərar olması isə Azərbaycan vətəndaşlarının birgə səyi və əməyi nəticəsində mümkün olub. Kənar ideoloji müdaxilələrin qarşısının alınması, müxtəlif separatçılıq meyillərinin minimuma qədər zəifləməsi Azərbaycanın milli rəngarəngliyinin monolitliyini sübut edir”.
Uğurlu bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan ərazisində etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşıb, milli, dini və irqi zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb. Müasir dünyanın milli-dini zəmində toqquşmalar, məzhəb savaşları, dövlətlərarası etimadsızlıq halları ilə üz-üzə qaldığı bir vaxtda Azərbaycandakı milli həmrəylik və xalqlar arasındakı dostluq qürurverici bir haldır. Bütün bunlar göstərir ki, Azərbaycan tolerant ölkədir, milli-mənəvi və dini dəyərlərə ölkəmizdə çox böyük önəm verilir, dini mənsubiyyətindən asılı olmayaraq, hər kəsin azad fəaliyyəti üçün dövlət tərəfindən bütün imkanların yaradılıb. Həyata keçirilən və dəstəklənən bu siyasət Azərbaycan üçün çox faydalıdır və ölkəmizdə azad cəmiyyətin inkişafına böyük təkan verir.  Azərbaycanın tolerantlıq sahəsində böyük təcrübəyə malikdir, bu təcrübənin təşviqi universal bəşəri dəyərlər baxımından çox zəruridir. Digər ölkələr bizim  bu sahədəki t\crübələrimizdən istifadə edə bilərlər. 
Beləliklə, bu gün Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınır və müxtəlif xalqların, millətlərin, dinlərin xüsusiyyətlərinə dözümlü münasibət azərbaycanlıların mentalitetinə xasdır. Bütün tarixi dövrlərdə Azərbaycan ərazisində etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşıb, milli, dini və irqi zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb.

Xəbər xətti