Ana səhifə
24 Sentyabr 2017

"Qızımın cüdoçu olmasına icazə vermərəm" - Baş leytenant Qasımova

Cüdo üzrə Azərbaycan millisinin və “Qəbələ” İdman Klubunun üzvü, Avropa və dünya çempionatlarının, eləcə də IV İslam Həmrəyliyi Oyunlarının mükafatçısı Kifayət Qasımovanın yeniçağ.az saytına müsahibəsi.

– İslamiadanı gümüş medalla başa vuran Kifayət Qasımovanın təəssüratlarını bilmək maraqlı olardı…

– Çıxışımı çox yaxşı dəyərləndirirəm. Medalsız qalsaydım, bu, mənim üçün çox pis olardı. Gümüş medal da yaxşı nəticədir. Çünki zədəm var idi. Təbii ki, “qızıl” olsaydı, daha yaxşı olardı. Bəlkə də zədəm imkan versəydi, birinci ola bilərdim.

– Bəs bundan sonra nə etməyi düşünürsüz, davammı, yoxsa tamammı?

– Belə qərara gəlmişdim ki, İslamiadadan sonra karyeramı başa vurum. Artıq bu barədə qərarımı qətiləşdirmişəm, gedirəm. Gələcəklə bağlı planlarımı isə zaman göstərəcək. Bunu indidən demək çətindir.

– Özünüzü məşqçi kimi sınamaq istəmirsiz?

– Xeyr. Belə bir fikrim yoxdur.

– Niyə?

– Bilirsiz, problemlər çox olur. Buna görə də istəmirəm.

– 15 il cüdo ilə məşğul olmusunuz. Ötən illər sizə nə bəxş etdi? Geriyə boylananda 15 illik karyeranızı necə dəyərləndirirsiniz?

– Əlbəttə, 15 il az müddət deyil. Demək olar ki, ömrümüzün yarısıdır. Yüksək nəticələrim də olub. Karyeramı uğurlu hesab edirəm. Sərf etdiyim illər hədər getməyib.

– Nə kimi çətinlikləriniz olub?

– Çətinliklər hər zaman məşq və çəkisalma ilə bağlı olub. Yarışın stressləri də öz yerində… Əvvəllər mentalitet baxımından çətinliklər daha çox idi. Bir çox ailələr qızlarına idmanla məşğul olmağa icazə vermirdilər. Ancaq indi xanım idmançılarımızın sayı çoxalıb.

– Bildiyim qədəri ilə siz də eyni problemlə üzləşmisiniz…

– Bəli, icazə vermirdilər. Bu durumdan daha çox atam narazı idi. Sonradan fikri dəyişdi. Görünür, qazandığım uğurlar atamın fikrini dəyişməsinə müsbət təsir etdi. Anam isə heç nə demirdi. Ümumiyyətlə, o, bu məsələyə qarışmırdı.

– Gələcəkdə qız övladınızın cüdoçu olmasını istərdiniz?

– Düzdür, hazırda subayam. Ancaq qızım olsa, onun cüdoçu olmasına icazə vermərəm. Çünki bu sahə çox çətindir, əziyyətlidir. Mən bütün bu çətinlikləri gördüyüm üçün deyirəm.

– Bəlkə qızların idmanla məşğul olmasından sonra bədən quruluşunda, zahiri görünüşündə baş verən dəyişikliklərə görə narahatsız?

– Yox, yox, yox. Sadəcə, çətinlikləri çoxdu. Çox əziyyətli idman növüdür.

– Belə söz-söhbətlər gəzir ki, Kifayət Qasımova karyerasını bitirdiyini əvvəlcədən bəyan etməsinə baxmayaraq, İslamiadada qazana biləcəyi medala və bunun müqabilində veriləcək mükafata görə geri qayıtdı. Bu, nə dərəcədə doğrudur?

– Mən demişəm ki, İslamiadadan sonra karyeramı bitirəcəm. Sadəcə, zədəyə görə yarışlarda iştirak edə bilmirdim. Amma “Bakı-2017”-yə hazırlaşırdım. Cüdo Federasiyasına da müraciət edib, fərdi qaydada hazırlaşmaq üçün icazə almışdım. Çünki peşəkar idmançıyam. Özüm rahat şəkildə hazırlaşa bilərəm. Bundan başqa karyeramı major notlarda başa vurmaq istəyirdim.

– Yəni, Kifayət “kifayətdir” deyir?

– Bəli. Bunu sizin vasitənizlə rəsmən bəyan edirəm.

– Bəs karyeranızı bitirdikdən sonra özünüzü hansı sahədə sınamaq istəyirsiz?

– Hazırda gömrük sistemində işləyirəm. Rütbəm baş leytenantdır. 2006-cı ildən bu sistemə qəbul olmuşam. Uğurlu nəticələrimə görə, ölkə başçısı, cənab İlham Əliyevin mənə bir jesti idi. Prezidentimizlə yanaşı, Kəmaləddin Heydərov cənablarına da göstərdiyi diqqət və qayğıya görə minnətdarlığımı bildirirəm.

Tarix
19 May 2017 [15:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
KİV
Virtual Qarabağ